Ölkələrin sizi təəccübləndirəcək məktəb QAYDALARI
Ölkələrin təhsil sistemlərinin ən maraqlı halları
Müxtəlif ölkələrin məktəb qaydaları və təhsil ənənələri bir-birindən xeyli fərqlənir. Bəzi ölkələrdə şagirdlərin geyim və saç düzümünə ciddi nəzarət olunur, bəzilərində isə dərslərin başlanma saatı belə fərqlidir.
“Azərbaycan müəllimi” ölkələrin müəllimə münasibətdən dərs formasına qədər maraqlı nümunələrini təqdim edir.
Tailand: Məcburi saç düzümü
Tailand məktəbləri mehriban və xoş atmosferi ilə seçilir. Tailandda şagirdlər adətən fərdi şəkildə deyil, qrup halında otururlar. Qrup şəklində öyrənmə isə məhsuldar və effektiv hesab olunur.
Şagirdlərin dərs zamanı telefonlarından istifadə etməsi və hətta zənglərə cavab verməsi də mümkündür. Dərs zamanı danışmaq adi haldır. Bu davranış hörmətsizlik kimi qəbul edilmir.
Əksinə, Tailand cəmiyyətində müəllimlərə böyük hörmət göstərilir. Bunun nümunələrindən biri “Wai Khru” adlı xüsusi mərasimdir. Bu mərasim zamanı şagirdlər müəllimlərinin qarşısında diz çökür və onlara gül-çiçək təqdim edirlər.
Tailand məktəblərində başqa maraqlı qaydalar da var. Şagirdlər sinifdə və bəzi dəhlizlərdə ayaqqabı geyinmirlər. Əksər məktəblərdə məktəbli forması məcburidir.
Çianq May kimi bölgələrdə şagirdlərdən cümə günləri ənənəvi Şimali Tailand geyimləri geyinmələri də tələb oluna bilər.
Oğlanların saç düzümünə dair də xüsusi qaydalar mövcuddur. Tədris ilinin əvvəlində tələblərə uyğun saç düzümünə malik olmayan oğlanların saçları müəllimlər tərəfindən qırxıla bilir.
İdman da ABŞ məktəblərindən fərqli şəkildə təşkil olunur. Orta məktəblərdə idman gündəlik fəaliyyət kimi geniş yayılmayıb. Bunun əvəzinə məktəblər müəyyən günlərdə müxtəlif yarışlar keçirir və yarışlardan əvvəl məşqlər çox intensiv olmur.
Filippin: Növbəli təhsil sistemi
Filippində bir çox məktəblərdə təhsil iki növbə üzrə təşkil olunur. Növbələrdən biri səhər saat 6–7 arasında başlayır, digəri isə günorta saatlarından sonra keçirilir.
Bu sistem əsasən məktəblərdə şagird sıxlığını və sinif otaqlarının çatışmazlığını azaltmaq məqsədi daşıyır. Ölkədə əhalinin çoxluğu və yoxsulluq səbəbindən məktəblərin imkanları məhdud ola bilir.
“Connected Women” jurnalına danışan müəllimlərdən biri belə bir cədvəl səbəbindən iş gününə hazırlaşmağa səhər saat 4-də başladığını bildirib.
Bəzi məktəblərdə müəllimlər eyni anda 65 şagirdə dərs deməli olurlar. Bəzən bütün şagirdlər üçün kifayət qədər stul və parta da olmur. “Reuters”in məlumatına görə, imkanlı ailələr övladlarını kondisioner və kompüterlərlə təchiz edilmiş özəl məktəblərə göndərə bildiyi halda, kənd yerlərindəki dövlət məktəbləri daha çətin şəraitdə fəaliyyət göstərir. Bəzi məktəblərdə elektrik enerjisi etibarlı olmadığına görə dərslər açıq havada və ya pilləkən qəfəslərində keçirilir.
Dərslərin bir hissəsi ingilis, digər hissəsi isə taqaloq dilində keçirilir. Şagirdlərin əksəriyyəti bir neçə ildən sonra ingilis dilini öyrənsə də, gündəlik həyatda bu dildən çox istifadə etmirlər.
Birləşmiş Krallıq: Daha çox yuxu imkanı
ABŞ-də bir çox orta məktəblərdə dərslər başlayanda Birləşmiş Krallıqda şagirdlər hələ məktəbə hazırlaşırlar.
Məktəblərdə dərslər adətən səhər saat 8:45–9:00 arasında başlayır.
Londondakı məktəblərdən biri isə araşdırmalar şagirdlərin səhərin daha gec saatlarında daha yaxşı öyrəndiyini göstərdikdən sonra dərslərin başlanma vaxtını saat 10:00-a keçirib.
Birləşmiş Krallıqda şagirdlər müəllimlərə adları ilə deyil, “Ser” və ya “Miss” deyə müraciət edirlər.
Böyük Britaniya siniflərində rəsmiyyət qorunur. “Beşlik vurmaq”, yumruqla salamlaşmaq və fərdi rəqs formasında salamlaşmaq kimi daha qeyri-rəsmi davranışlar əksər siniflərdə geniş yayılmayıb.
Sinqapur: Çoxsaylı imtahanlar, yüksək nəticələr
Sinqapur şagirdləri müxtəlif beynəlxalq standartlaşdırılmış testlərdə yüksək nəticələri ilə tanınırlar. Ölkənin ənənəvi, mühazirə əsaslı təhsil sistemi yüksək akademik göstəricilərlə nəticələnsə də, şagirdlər hələ ibtidai məktəb dövründən mühüm imtahanlarla qarşılaşırlar.
Şagirdlər 12 yaşına çatdıqda akademik nəticələrinə əsasən daha yüksək və daha aşağı göstəricili qruplara bölünə bilirlər.
Bununla belə, Sinqapurda təhsil sisteminin dəyişdirilməsi istiqamətində də addımlar atılır. Məqsəd qiymətlərin və imtahanların rolunu azaltmaq, şagirdlərin bacarıqlarının inkişafına və gələcək əmək bazarına hazırlanmasına daha çox diqqət yetirməkdir.
Sinqapur Təhsil Nazirliyinin məlumatına görə, ölkə son illərdə daha çevik və müxtəlif seçimlər təqdim edən təhsil sisteminə keçməyə çalışır. Şagirdlərə nəyi və necə öyrənəcəkləri ilə bağlı daha çox seçim verməklə onların öz təhsillərinə daha çox məsuliyyətlə yanaşmaları hədəflənir. Eyni zamanda, şagirdlərin həm sinif daxilində, həm də sinifdən kənarda hərtərəfli inkişafına diqqət artırılır.
Birləşmiş Ərəb Əmirlikləri: Cinslərə görə ayrı təhsil
Müxtəlif ölkələrdə müəllim-şagird münasibətlərinə dair fərqli sosial və mədəni normalar mövcuddur.
BƏƏ-də bir çox məktəblərdə oğlan və qızlar ayrı təhsil alırlar.
Kişi müəllimlərin qız şagirdlərlə münasibətlərinə dair sosial normalar da kifayət qədər sərtdir. Müəllim və şagird arasında qeyri-rəsmi münasibət mədəni baxımdan uyğun hesab edilmir. Buna görə də müəllim-şagird münasibətləri daha formal və peşəkar xarakter daşıyır.
Peşə seçimi məsələsində də valideynlərin gözləntiləri mühüm rol oynayır. Onlar övladlarını incəsənət, humanitar elmlər və müəllimlikdənsə hüquq, biznes, tibb və mühəndislik kimi sahələrə yönləndirməyə daha çox meyillidirlər.
Bu vəziyyətdə əsas çətinlik şagirdlərin öz maraq və istəklərinin ardınca getməsinə imkan verməklə valideynlərin gözləntilərinə hörmət arasında balans yaratmaqdır.
Hindistan: Mühazirələr, hörmət və əhali sıxlığı
Hindistanda mühazirə əsaslı tədris geniş yayılıb. Müəllimlər adətən şagird və tələbələrdən müəyyən məsafə saxlayır, ünsiyyət isə əsasən dərslə bağlı məsələlərlə məhdudlaşır.
Universitetlərdə dərsləri əsasən professorlar idarə edir və tələbələrin müzakirəyə qoşulması, sual verməsi və müəllimin fikrini sorğulaması üçün çox az imkan yaradılır. Bunun səbəblərindən biri Hindistan mədəniyyətində yaşlı insanlara və müəllimlərə böyük hörmət göstərilməsidir. Tələbənin professorun fikrinə açıq şəkildə etiraz etməsi və ya onu sorğulaması yaxşı qarşılanmır.
Hindistanda təhsil günləri də olduqca sıx keçir. Şagird və tələbələrdən uzun müddət fasiləsiz şəkildə dərslərdə iştirak etmələri gözlənilir.
Onlar adətən əsas təhsil istiqamətləri ilə əlaqəsi olmayan seçmə fənlərə çox vaxt ayırmırlar. Məqsəd onların diqqətini konkret peşə istiqamətinə yönəltmək və əmək bazarının tələblərinə uyğun hazırlamaqdır.
Bununla belə, Hindistanda təhsil sistemi regiondan-regiona əhəmiyyətli dərəcədə dəyişir.
Ölkə dünyanın ən sürətlə inkişaf edən böyük iqtisadiyyatlarından birinə malik olsa da, hələ də inkişaf etməkdə olan ölkədir. Ölkədə yoxsulluq səviyyəsinin yüksək olması təhsil sisteminə də təsir göstərir.
Beynəlxalq nəşrlərin məlumatına görə, Hindistanda müəllim-şagird nisbəti yüksək, məktəbdən yayınma halları isə geniş yayılıb. Müəyyən irəliləyişlər əldə edilsə də, ölkənin sürətlə artan gənc əhalisi təhsil sistemi üzərində ciddi təzyiq yaradır.
Hazırda Hindistanda 25 yaşadək təxminən 600 milyon gənc yaşayır. Onların 28 faizi 14 yaşdan aşağıdır. Ölkədə hər dəqiqə təxminən 30 körpə dünyaya gəlir.




