Ordubadda tarix, elm və milli yaddaşın ortaq ünvanı — Festivaldan REPORTAJ

19 İyun, 2026 - 11:06
Ordubadda tarix, elm və milli yaddaşın ortaq ünvanı

Tarixin yaddaşı, elmin sözü və mədəniyyətin ruhu bu dəfə Ordubadda bir araya gəlib. Qədim şəhər iki gün ərzində yalnız tədbir məkanı deyil, həm də düşüncələrin, elmi yanaşmaların, mədəni təqdimatların və tarixi yaddaşın görüş ünvanına çevrilib. Söhbət  III “Qərbi Azərbaycana qayıdış” konqres-festivaldan gedir.  
“Azərbaycan müəllimi” bu qədim şəhərin qədim küçlərinin daş yaddaşına hopmuş əsrləri dinləmək üçün yolunu ora salıb. 
Sanki bu festivalda Ordubadın minilliklərdən süzülüb gələn ruhu yenidən canlanır, onu dinləyən hər kəsə bir tarix pıçıldayır.

Uşaqdan-böyüyə hər kəs festivalda həvəslə iştirak edirdi. Festivalın həmsədrlərindən biri olan  Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib ki,  konqres-festival çərçivəsində Qərbi Azərbaycana məxsus zəngin mədəni irsin nümayiş etdirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Tarixi torpaqlarımızda yaşayan qərbi azərbaycanlı soydaşlarımızın məruz qaldığı bütün faciələrə birbaşa Naxçıvan və bu qədim torpaqlar şahidlik edib. Bu baxımdan, bu cür tədbirlərin məhz burada keçirilməsi həm də qarşı tərəfə ünvanlanan mühüm bir mesajdır. Bu, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdacağına olan inamın və qətiyyətin ifadəsidir. Bununla dünyaya çatdırırıq ki, Qərbi Azərbaycan torpaqlarında soydaşlarımız əsrlərboyu zəngin maddi və mənəvi irs formalaşdırıblar. Bu insanların öz doğma yurdlarına qayıtması həm onların fundamental insan hüququ, həm də beynəlxalq hüququn tanıdığı qanuni haqqıdır”.
Əziz Ələkbərli qeyd edib ki, Prezident İlham Əliyevin bölgədə formalaşdırdığı yeni reallıqlar bu istiqamətdə yeni yanaşmalar yaradıb və qərbi azərbaycanlıların öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı ideyası ardıcıl şəkildə davam etdirilir.
Konqres-festivalın elmi hissəsi də geniş maraqla qarşılanıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, artıq üçüncü dəfədir keçirilən bu festival–konqres həm təşkilati, həm elmi, həm də ictimai baxımdan mühüm platformaya çevrilib:
“Bu gün çox möhtəşəm bir festival–konqres keçirilir. Artıq üçüncü dəfədir ki, təşkil olunur və demək olar, bütün tədbirlərdə Bakı Dövlət Universiteti olaraq təmsil olunmuşuq. Həqiqətən də həm formatı, həm buradakı ab-hava, eyni zamanda elmi dəyəri baxımından bu cür festival–konqreslər çox böyük əhəmiyyət daşıyır və dəyərli elmi platformaya çevrilir.
Bu münasibətlə təşkilatçıları ürəkdən təbrik edirik. Hesab edirəm ki, həm təşkilatçılıq, həm də aktuallıq baxımından bu festival–konqres gələcək illərdə də mütləq davam etməlidir. İnşallah Qərbi Azərbaycana qayıdışdan sonra bu tədbirin formatı dəyişə bilər, lakin bu ideyalar öz aktuallığını və əhəmiyyətini qoruyub saxlamalıdır”.
Rektor qeyd edib ki, Bakı Dövlət Universitetində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb: 
“Biz də təxminən iki həftə əvvəl beynəlxalq konfransımızı keçirdik. Həmin tədbirdə universitet rəhbərliyi ilə birlikdə iştirak etdik və nəticə etibarilə min səhifəyə yaxın konfrans materialları nəşr olundu. Düşünürəm ki, bu istiqamətdə fəaliyyət göstərən universitetlər bir araya gəlməli, əməkdaşlığı genişləndirməlidir. Bu məsələlər ətrafında qüvvələrimizi birləşdirərək daha ciddi nəticələr əldə etmək mümkündür. Bunun üçün həm istək, həm potensial mövcuddur. Eyni zamanda, belə həssas və məsuliyyətli mövzalar müxtəlif elm sahələrindən olan alimlərin bir araya gəlməsini tələb edir”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, Qərbi Azərbaycana gedən yolun Naxçıvandan keçməsi bu bölgənin strateji əhəmiyyətini daha da artırır: 

“Bu məsələnin iki tərəfi var. Hesab edirəm ki, regionda davamlı inkişaf və əməkdaşlıq rasional yanaşma tələb edir. Kommunikasiya xətlərinin açılması və qarşılıqlı əlaqələrin qurulması yalnız bir tərəfin deyil, bütövlükdə regionun maraqlarına xidmət edə bilər. Bu baxımdan qarşılıqlı fayda prinsipi ön plana çıxmalıdır. Tarixi proseslərə və keçmiş hadisələrə baxmayaraq, gələcəyə yönəlmiş yanaşma əməkdaşlıq imkanlarını genişləndirə bilər. Regionda sabitlik, elmi, iqtisadi və humanitar əlaqələrin inkişafı üçün yeni imkanlar yarada bilər.

Bu prosesdə universitetlərin və elmi müəssisələrin rolu xüsusi əhəmiyyət daşıyır. Xalqın intellektual potensialını formalaşdıran əsas qüvvələrdən biri ali təhsil müəssisələridir. Universitetlər cəmiyyətin inkişafında avanqard və lokomotiv rolunu oynayır”. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov isə bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyasına həsr olunan bu festival artıq ictimai və elmi hadisəyə çevrilib. Onun sözlərinə görə, tədbirin Ordubadda keçirilməsi xüsusi məna daşıyır:

“Qərbi Azərbaycana qayıdış ideyasına həsr olunan üçüncü festival–konqres Azərbaycanın ictimai və mədəni həyatında diqqətçəkən hadisələrdən biridir. Tədbirin Naxçıvanda, tarixi Ordubad şəhərində keçirilməsi də xüsusi məna daşıyır. Bu məkan həm tarixi yaddaş, həm də gələcəyə baxış baxımından mühüm əhəmiyyətə malikdir.
Buraya toplaşan insanlar təkcə musiqi proqramlarını izləmirlər, eyni zamanda Qərbi Azərbaycanın tarixi, mədəni irsi, ədəbiyyatı və keçmişi ilə daha yaxından tanış olurlar. Bu cür tədbirlər insanların məlumatlanmasına və tarixi irsin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir”.

Komitə sədri bildiirb ki, festival çərçivəsində keçirilən məruzələr, elmi müzakirələr, kitab təqdimatları iştirakçılar üçün əlavə imkanlar yaradır: 
“Bu tədbirlər vasitəsilə bir çox insan daha əvvəl tanımadığı tarixi məkanlar, abidələr, qalalar və mədəni irs nümunələri haqqında məlumat əldə edir. Naxçıvan Dövlət Universitetinin belə tədbirlərin təşkilində rolu xüsusi qeyd olunmalıdır. Universitet öz elmi mühiti, tələbəyönümlü fəaliyyəti və ictimai təşəbbüsləri ilə regionun inkişafına töhfə verir. Bu cür layihələrin həyata keçirilməsi də həmin fəaliyyətin davamı kimi qiymətləndirilə bilər. İnanıram ki, bu festival–konqres gələcək illərdə də davam edəcək.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, konqres çərçivəsində ölkənin 70-ə yaxın elmi və təhsil müəssisəsindən 382 məruzə təqdim olunub. Bununla yanaşı, panel müzakirələri, kitab və layihə təqdimatlarında iştirak etmək üçün 200-ə yaxın xüsusi dəvətli qonaq festivala qatılıb.
Elbrus İsayev vurğulayıb ki, konqres-festivalın mühüm hissələrindən biri də sərgilərdir. Burada müxtəlif dövlət qurumları, rayonlar və təşkilatlar tərəfindən hazırlanmış ekspozisiyalar nümayiş etdirilir. Sərgilərdə 20-yə yaxın təşkilat iştirak edir:


“Festivalı fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, bu tədbir Qərbi Azərbaycan ideyası ətrafında birləşən hər kəs üçün açıqdır. Cəmiyyətimizin bütün təbəqələrinin nümayəndələri, məktəblilər, tələbələr, müxtəlif rayonların ictimai fəalları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və Qərbi Azərbaycan İcmasının üzvləri iki gün ərzində bir-birindən maraqlı layihələrin şahidi olacaqlar. Konfrans proqramında 8 istiqamət üzrə, 30-dan artıq bölmədə elmi çıxışlar və geniş müzakirələr nəzərdə tutulub”.
Qeyd edildiyi kimi festivalın diqqətçəkən hissələrindən biri sərgilər olub.
Sərgilərdə Qərbi Azərbaycana aid nadir sənət nümunələri, kitablar, tarixi xatirələr, məişət əşyaları və milli kulinariya nümunələri nümayiş olunur.


Ordubad şəhərində keçirilən konqres-festivalda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri də təqdimatlarla iştirak edib. Onların sərgidə Qərbi Azərbaycana aid 103 rəsm əsəri, əl işləri, xalça nümunələri və milli mətbəx nümunələri təqdim olunur.
Kitab, jurnal və qəzet sərgilərində Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və ictimai həyatını əks etdirən nəşrlər nümayiş olunur. Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası, Naxçıvan Hərbi Kolleci və qərbi azərbaycanlıların təqdim etdiyi nadir nəşrlər, tarixi fotoşəkillər və folklor nümunələri ziyarətçilərin xüsusi marağına səbəb olub.


Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunan sərgi, xalçaçılıq, memarlıq və rəsm sərgiləri də festivalın əsas məqamları sırasında yer alıb.
Kulinariya sərgisində Qərbi Azərbaycan mətbəxinə aid nümunələr təqdim edilir, ziyarətçilər QR kod vasitəsilə yeməklərin tarixi haqqında məlumat əldə edirlər.
Bununla yanaşı, folklor təqdimatları, “Yallı” rəqsi və milli kompozisiyalar tədbirə xüsusi rəng qatıb.
Məlumat üşün bildirək ki, konqres-festival müddətində mühazirələr, ustad dərsləri, dəyirmi masalar, film və kitab təqdimatları davam edəcək.
Beləliklə, festival çərçivəsində Ordubadın qədim məhəllələrinə təşkil olunan gəzinti iştirakçılar üçün sadəcə marşrut deyil, tarixlə üz-üzə gəlmək, keçmişin nəfəsini hiss etmək imkanı yaratdı. Əsrlərin yaddaşını yaşadan bu küçələrdə atılan hər addım qədim yurd yerimizin mədəni irsi ilə daha yaxından tanışlıq demək idi.
Gəzinti zamanı iştirakçılar Ordubadın zəngin tarixi-mədəni irsini əks etdirən memarlıq nümunələri, qədim yaşayış evləri və tarixi abidələrini gördü, bu qədim şəhərin zamanın sınağından keçərək qorunub saxlanılan ruhunu hiss etdilər.
Ordubad təkcə tarixi ilə deyil, özünəməxsus şəhərsalma ənənələri, milli-mədəni xüsusiyyətləri və əsrlər boyunca yaşadılan məhəllə mədəniyyəti ilə seçilir.  Biz də bu görüşdə qədim Ordubadın daş yaddaşına yazılmış tarixini yenidən kəşf etdik, onun zəngin irsini daha dərindən duyduq.