Peşə təhsili müəssisələrinin psixoloq və direktor müavinləri üçün təlimlər keçirilib
1-2 oktyabr tarixlərində peşə təhsili müəssisələrinin psixoloqları və tərbiyə işləri üzrə direktor müavinləri üçün təlimlər təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Psixoloji işin təşkili” mövzusunda keçirilən təlimdə psixoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə işdə vahid yanaşmanın formalaşdırılması, psixoloq–tələbə ünsiyyəti, etik prinsiplər və mürəkkəb situasiyalarda yanaşmalar müzakirə edilib. İştirakçılar real situasiyalar əsasında praktiki tapşırıqlar yerinə yetiriblər.
“Peşə təhsili müəssisələrində tərbiyəvi işin təşkili” mövzusunda təlimdə isə daxili nizam-intizam qaydaları, fəaliyyət planlarının hazırlanması, hesabatlılıq, intizam tənbehinin tətbiqi və praktik situasiyalarda atılmalı addımlar nəzərdən keçirilib. İştirakçılar konkret keyslər üzərində çalışaraq təcrübə və effektiv iş metodları barədə fikir mübadiləsi aparıblar.
Təlimlər peşə təhsili müəssisələrində müvafiq istiqamətlər üzrə fəaliyyətin daha səmərəli təşkili və əməkdaşların peşəkar bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.




