Peter Sengenin öyrənən təşkilat modeli və NDU Kembric Məktəbi nümunəsi

16 Mart, 2026 - 11:42
Peter Sengenin öyrənən təşkilat modeli və NDU Kembric Məktəbi nümunəsi

XXI əsrdə təhsil müəssisələri şagirdlər, tələbələr üçün bilik öyrədən, hansısa bacarıqları ötürən qurumlar olmaqdan daha çox şey ifadə edirlər. Modern dünyada təhsil müəssisələri eyni zamanda cəmiyyətin gələcək inkişaf istiqamətini müəyyən edən strateji təşkilatlara çevrilmişdir. Qloballaşma, texnoloji dəyişikliklər və sosial transformasiyalar fonunda məktəblərin qarşısında duran əsas sual budur: təhsil müəssisələri sürətlə dəyişən dünyaya necə uyğunlaşa bilər?

Məşhur sistem nəzəriyyəçisi Peter Senge bu suala cavab olaraq təşkilatların uzunmüddətli uğurunun onların “öyrənən təşkilata” (learning organization) çevrilmək qabiliyyətindən asılı olduğunu vurğulayır. Onun fikrincə, davamlı inkişaf yalnız fərdlərin deyil, bütün təşkilatın kollektiv şəkildə öyrənməsi nəticəsində mümkün olur. Bu yanaşma xüsusilə təhsil sektorunda böyük əhəmiyyət kəsb edir. Təhsil müəssisələri missiya olaraq ömürboyu öyrənmə konsepsiyası ilə şagirdləri gələcəyin dünyasına hazırlayarkən özləri də administrativ və pedaqoji heyəti birgə “öyrənən təşkilata” çevrildiyi zaman həmin təhsil müəssisələrinin uğurları dayanıqlı olmağa başlayır və sürətlə dəyişən mühitə çevik şəkildə uyğunlaşa bilir. 

Sengenin ən məşhur əsəri olan “The Fifth Discipline” təşkilatların inkişafı üçün beş əsas intizam prinsipi təqdim edir. Bu intizam prinsiplərinin mərkəzində duran sistem düşüncəsi təşkilatı ayrı-ayrı elementlərin məcmusu kimi deyil, qarşılıqlı əlaqələrdən ibarət kompleks bir sistem kimi görməyi tələb edir.

Bu yanaşmaya görə, məktəblər sadəcə fənlərdən, müəllimlərdən və dərs cədvəllərindən ibarət strukturlar olmaqdan çıxır. Əksinə, onlar davamlı qarşılıqlı təsir və əlaqələr üzərində qurulmuş canlı bir ekosistemə çevrilir. Bu kontekstdə şagirdin akademik nəticələri təkcə imtahan göstəricisi kimi deyil, onun sosial, emosional və intellektual inkişafının ümumi göstəricisi kimi qiymətləndirilir. Yəni şagirdlər məktəbin ortaya çıxarmış olduğu məhsul olaraq məzun olduqları zaman yuxarıda qeyd edilən akademik, social, emosional və intellektual bacarıqlarının sintezi olaraq yekun qiymətləndirmədən keçirlər. 

Sengeyə görə təşkilati öyrənmənin başlanğıc nöqtəsi fərdlərin şəxsi kamilliyidir (Personal Mastery). Müəllimlərin peşəkar inkişafına yönəlmiş davamlı fəaliyyətlər bu prinsipin həyata keçirilməsinin əsas vasitələrindən biridir. Bu baxımdan müəllimlərin yerli və beynəlxalq sertifikatlaşma proqramlarında iştirak etməsi xüsusi əhəmiyyət daşıyır. Məsələn, TKT, CELTA və DELTA kimi kvalifikasiyalar müəllimlərin pedaqoji bacarıqlarını beynəlxalq standartlara uyğun inkişaf etdirməyə imkan verir. Beləliklə, müəllimin fərdi inkişafı məktəbin ümumi institusional inkişafının ayrılmaz hissəsinə çevrilir.

Sengenin vurğuladığı digər əsas prinsip paylaşılan vizyondur (Shared Vision). Uğurlu təşkilatlar yalnız formal strategiya ilə deyil, kollektivin ortaq məqsəd və dəyərlər sistemi ilə idarə olunur. Məktəbin rəhbərliyi və müəllim kollektivi “dünya səviyyəli təhsil” ideyasını yalnız institusional şüar kimi deyil, kollektivin ortaq məqsədi kimi formalaşdırmağa çalışır. Bu cür yanaşma təşkilat daxilində motivasiyanı artırır və əməkdaşların fəaliyyətini vahid strateji istiqamətə yönəldir. Bu mənada məktəbin vizyonunun şagirdlər və valideynlər də daxil omaqla bütün paydaşlar tərəfindən aydın şəkildə qavranılması mühüm əhəmiyyət kəsb edir. 

Ənənəvi təhsil sistemlərində müəllim çox vaxt avtoritar bilik mənbəyi kimi qəbul edilir. Senge isə təşkilatların inkişafı üçün mövcud zehni modellərin (Mental Models) sorğulanmasını vacib hesab edir. Belə ki, müasir təhsil yanaşmalarında müəllim artıq yalnız bilik ötürən deyil, öyrənmə prosesini istiqamətləndirən təşkilatçı, vasitəçi rolunu oynayır. Bu kontekstdə, Kembric kurikulumu çərçivəsində tətbiq olunan tənqidi düşüncə və araşdırma yönümlü öyrənmə metodları şagirdlərin analitik bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

Sengenin modelində komandah halında öyrənmə (Team Learning) xüsusi yer tutur. Bu prinsip təşkilat daxilində dialoq və kollektiv iş görmə mədəniyyətin formalaşmasını tələb edir. Müəllimlər arasında keçirilən koordinasiya görüşləri və “lesson study” metodunun tətbiqi müəllimlərin bir-birinin təcrübəsindən faydalanmasına imkan yaradır. Bu isə problemlərin fərdi deyil, kollektiv intellekt vasitəsilə həll edilməsinə şərait yaradır.

Bu müstəvidə qeyd etmək istərdim ki, Naxçıvan Dövlət Universitenin nəzdində Kembric Məktəbi 2024-cü ildən Prezident İlham Əliyevin Naxçıvan MR-in 2023-2027-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində açılıb, rəsmi Kembric akkreditasiyası ilə fəaliyyət göstərir. Naxçıvanda ilk və tək bu tip beynəlxalq kurikulumla fəaliyyət göstərən məktəbin idarəçiliyi, xüsusən universitetin rektoru Elbrus İsayevin vizyoner baxışı ilə davamlı olaraq təkmilləşir. Bu mənada, yeni fəaliyyətə başlamış olsa da, NDU-nun nəzdində Kembric Məktəbi Peter Sengenin konsepsiyanın praktik tətbiqinə yönəlmiş maraqlı bir nümunə kimi diqqət çəkir. Məktəb idarəetmə fəlsəfəsini ənənəvi bürokratik model üzərində deyil, dinamik və öyrənməyə açıq təşkilati mədəniyyət üzərində qurmağa çalışır. Əlbəttə ki, resurslar, öyrənmə mühiti və bəzi müəllimlərin bu yanaşmaya tam adaptasiya olması ilə bağlı bəzi məhdudiyyətlər olsa da, heyətin əksəriyyətinin gənc və adaptiv müəllimlərdən ibarət olması əsas müsbət cəhət olaraq ortaya çıxır.

Məktəbin idarəetmə fəlsəfəsində mərkəziyyətçilik prinsipi yerinə desentralizasiya prinsiplərinin tətbiqi də diqqət çəkən elementlərdəndir. Şagirdlərin öz fikirlərini sərbəst ifadə edə bildiyi, müəllimlərin qərarvermə prosesində iştirak etdiyi mühit təhsil prosesinin daha funksional təşkil edilməsinə xidmət edir. Bu yanaşma Sengenin təşkilatlarda qərarvermənin mərkəzsizləşdirilməsi ideyası ilə uyğunluq təşkil edir və məktəbin institusional çevikliyini artırır. Peter Sengenin nəzəriyyəsi göstərir ki, müasir təşkilatların əsas üstünlüyü onların nə qədər çox bildiklərində deyil, nə qədər effektiv öyrənə bildiklərində, göstərilmiş prinsipləri tətbiq etmə qabiliyyətlərində və bunu müəssisənin fəaliyyət prinsipi halına gətirə bilmə bacarığındadır.

NDU Kembric Məktəbində tətbiq olunan Kembric kurikulumu da bu sistemli yanaşmanı gücləndirir. Fənlərarası əlaqələrin qurulması (cross-curricular links) şagirdlərin bilikləri parçalanmış şəkildə deyil, inteqrativ formada mənimsəməsinə imkan yaradır. Bu baxımdan NDU Kembric Məktəbi beynəlxalq təhsil standartlarını yerli kontekstlə birləşdirərək yalnız bilik ötürən institut deyil, həm də sistemli düşünən və qlobal perspektivə malik gələcək liderlərin yetişdiyi öyrənən təşkilat modelinə doğru inkişaf etməyə çalışır.

Bayram Əliyev,
NDU Kembric Məktəbinin direktoru