Reflektiv təcrübə və mübadilə – Müəllimin pedaqoji gündəliyindən
Azərbaycan dili və ədəbiyyat müəllimi kimi 5-ci və 8-ci siniflərlə işləyirəm. Hər gün öz dərslərimi təhlil etməyin və həmkarlarımla təcrübə mübadiləsinin nə qədər vacib olduğunu görürəm.
Dərsin planlaşdırılması və təhlili
Hər dərsdən əvvəl əvvəlki məşğələlərin necə keçdiyini düşünürəm. Bu, növbəti dərsləri daha yaxşı qurmağa kömək edir.
Məsələn, 5-ci siniflərlə "Folklor" mövzusunda layihə işləyərkən gördüm ki, şagirdlər atalar sözləri ilə məsəlləri qarışdırırlar. Növbəti dərsdə kartlardan istifadə etdim və onları düzgün qruplara ayırmalarını istədim. Bu üsul çox kömək etdi.
8-ci siniflərlə "XX əsr Azərbaycan poeziyası" layihəsində isə şagirdlərin şeirləri yalnız səthən oxuduqlarını gördüm. Metodumu dəyişib klassik şeirləri müasir musiqilə əlaqələndirdim və bu, onların marağını artırdı.
Dərs zamanı müşahidə və dəyişikliklər
Dərs gedişində şagirdləri daim izləyirəm. 5-ci siniflər daha hərəkətli olduqları üçün onlarla daha çox praktik işlər aparıram. 8-ci siniflər isə müzakirələri sevirlər.
5-ci siniflərlə "Nağıl yaradırıq" layihəsində bəzi şagirdlər fikir tapmaqda çətinlik çəkirdilər. Dərhal onlara müxtəlif nağıl qəhrəmanlarının şəkillərini göstərdim və fantaziyalarını işə saldım. Bu kiçik dəyişiklik böyük nəticə verdi.
8-ci siniflə "Debat və müzakirə" layihəsində isə yalnız bir neçə şagird danışırdı. Onları kiçik qruplara böldüm və əvvəlcə qrupda müzakirə etdilər, sonra hər qrup öz fikrini bildirdi. Beləliklə, hamı iştirak etdi.
Pedaqoji jurnal
Hər dərsdən sonra gündəliyimə qeyd edirəm ki, nə yaxşı keçdi, nə dəyişdirməliyəm.
Bu həftəki qeydim: "5-ci sinifdə imla qaydalarını oyun şəklində keçdik. Şagirdlər yarış formatında daha yaxşı öyrəndilər. 8-ci sinifdə inşa yazarkən vaxt çatmadı - bəzi şagirdlər gec qurtardılar. Növbəti dəfə hər mərhələ üçün aydın vaxt verməliyəm".
Həmkarlarla təcrübə paylaşımı
Hər çərşənbə dil müəllimləri toplanırıq və bir-birimizin təcrübəsindən öyrənirik.
Keçən görüşdə həmkarım Səidə xanım 8-ci siniflərdə klassik əsərləri filmlərlə əlaqələndirdiyini danışdı. Mən də bu fikri bəyəndim və Məmməd Səid Ordubadinin "Qanlı Gecələr" əsərini müasir hadisələrlə müqayisə etdik. Şagirdlər daha çox maraq göstərdilər.
Mən də öz təcrübəmi - 5-ci siniflərlə "Oxu və oyna" teatr layihəsini danışdım. Həmkarlarım bu fikri bəyənib öz siniflərində də sınamaq istədilər.
Videomüşahidə
Ayda bir dəfə dərsimi çəkib sonra izləyirəm. Bu, özümü kənardan görməyə kömək edir.
İlk videomu izləyəndə gördüm ki, 5-ci sinifdə çox danışıram, şagirdlər isə az iştirak edirlər. Həmçinin bəzi şagirdlərə daha az diqqət yetirdiyimi fərq etdim.
Bundan sonra daha çox qrup işləri, oyunlar və praktik tapşırıqlar verməyə başladım. İndi hər şagirdin iştirakını izləmək üçün siyahı aparıram.
Şagirdlərdən rəy almaq
Hər layihənin sonunda şagirdlərdən soruşuram: Nə xoşunuza gəldi? Harada çətinlik çəkdiniz? Növbəti dəfə nəyi dəyişək?
5-ci sinifdə şagirdlər teatr layihəsində daha çox rol oynamaq istədiklərini dedilər. 8-ci sinifdə isə müasir yazıçılar haqqında daha çox məlumat istədilər. Bu rəylər növbəti layihələri planlaşdırmaqda mənə kömək edir.
Nəticə
Gündəlik təhlil və həmkarlarımla təcrübə mübadiləsi məni daha yaxşı müəllim edir. İndi 5-ci siniflərdə daha çox oyun və yaradıcı işlərdən, 8-ci siniflərdə isə müzakirə və təhlil metodlarından istifadə edirəm.
Hər gün yeni bir şey öyrənirəm - bəzən şagirdlərdən, bəzən həmkarlardan, bəzən də öz səhvlərimdən. Məqsədim şagirdlərdə ana dilinə məhəbbət və ədəbiyyata maraq oyatmaqdır. Bunun üçün isə öz işimi daim təhlil etməli və təkmilləşdirməliyəm.
Səadət Məmmədova
Gəncə şəhər 17 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.




