Rəqiblər güclü idi, amma hədəf qazanmaq idi – Qalib atletlər

22 İyun, 2026 - 16:52
Rəqiblər güclü idi, amma hədəf qazanmaq idi – Qalib atletlər

Məktəblilərin Respublika İdman Olimpiadasında Bakı, Gəncə, Naxçıvan, Naftalan, Xaçmaz, Gədəbəy və Şəmkirdən ümumilikdə 76 məktəblinin iştirakı ilə keçirilən atletika yarışında qaliblər müəyyənləşib. Yarış iştirakçıları 60 və 300 metr məsafəyə qaçış, 600 metr qaçış, 4x50 metr qarışıq estafet, uzunluğa tullanma və topatma növləri üzrə mübarizə aparıblar.

Atletika üzrə 6 idmançı Naxçıvanı təmsil edib ki, onlardan üçü fərqlənərək medal qazanıb. Uğur qazanan idmançılar təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər. 

Topatma üzrə qızıl medal qazanan Ümid Musayev deyir ki, yarış zamanı çox həyəcanlı olub:

"Bu qədər uzağa top atacağımı bilmirdim. Nəticəni görəndə çox sevindim. Ailəm də bu uğuruma  görə qürur duydular. Müəllimlərimə də təşəkkür edirəm, onlar bu yarışı qazanmağıma üçün əllərindən gələni ediblər".

Qaçaraq uzunluğa tullanma üzrə birinci yeri qazanan Uğur Məmmədli isə deyir ki, bu yarışı qazanmaq üçün çox çalışıb və əməyinin bəhrəsini görüb:

"Rəqiblərim güclü olsa da, qazanmaq hədəfim idi. Valideynlərimə, müəllimlərimə təşəkkür edirəm ki, mənə bu yolda dəstək oldular. Onlar mənə güvəndilər, mən də güvənlərini boşa çıxarmadım".

600 metr qaçış üzrə isə Murad Babayev bürünc medal qazanıb. Yarışda o da həyəcanlı olduğunu deyir:

"Yaşıdlarım çox güclü idi. Mən bura gələnə qədər isə çoxlu məşq etmişdim. Hər kəs kimi mən də yüksək əhval-ruhiyyədə olduğum üçün yarışda yer qazana bildim. Ailəmə və müəllimlərimə təşəkkür edirəm, onlar hər zaman yanımızda olublar". 

Qeyd edək ki, iştirakçılar Ordubad Uşaq-gənclər idman məktəbinin şagirdlərdir.

Rəqiblər güclü idi, amma hədəf qazanmaq idi – Qalib atletlər
Rəqiblər güclü idi, amma hədəf qazanmaq idi – Qalib atletlər
Rəqiblər güclü idi, amma hədəf qazanmaq idi – Qalib atletlər