"Riyaziyyat mənim düşüncə tərzimə çevrilib" – Gənc riyaziyyatçının hədəfləri
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində elmə, bilik və zəhmətə dəyər verən bir ənənə davam etdirilib. Belə ki, bu yaxınlarda müxtəlif olimpiada və müsabiqələrdə uğur qazanmış istedadlı məktəblilərlə səmimi görüş keçirilib.
Təhsil naziri Elxan Nəcəfov çıxışında qalibləri təbrik edib, gənc istedadların uğurlarında payı olan müəllimlərə və valideynlərə təşəkkürünü bildirib. Nazir vurğulayıb ki, bu cür nailiyyətlər təkcə fərdi uğur deyil, həm də Naxçıvan təhsilinin, müəllim əməyinin və gənc nəslin elmə olan marağının göstəricisidir: “Sizin kimi gənclər gələcəyin elm adamları, mühəndisləri, alimləri olacaq. Hər bir uğurunuz Naxçıvan təhsilinin qürurudur”.
Bu görüşdə adı tez-tez çəkilən gənc istedadlardan biri də Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cabbar İbrahimovdur. O, son illərdə fərqli olimpiadalarda qazandığı uğurlarla həm məktəbinin, həm də Muxtar Respublikanın adını fəxrlə təmsil edib.
“Azərbaycan müəllimi” istedadlı şagirdlə həmsöhbət olub, onun uğurlarını bölüşüb.
Cabbarın nailiyyətləri az deyil. O, 2021-ci ildə məktəblilərarası fənn müsabiqəsində II, 2022-ci ildə “American Mathematics Competitions” olimpiadasında III yer tutub. 2023 və 2025-ci illərdə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində gümüş, 2024-cü ildə isə bürünc medal qazanıb.
Bütün bu uğurlar isə sadəcə bir şagirdin bacarığının deyil, həm də davamlı zəhmətin və elm sevgisinin nəticəsidir.
2009-cu il mayın 20-də Naxçıvanda doğulan Cabbar 2015-ci ildə H.Cavid adına 5 nömrəli məktəbin birinci sinfinə qədəm qoyub. Deyir ki, hələ o vaxtdan riyaziyyat onun üçün sadəcə fənn deyil, düşüncə tərzinə çevrilib: “Riyaziyyat mənim üçün həm oyun, həm də həyatın sirrini açan bir açardır”.
Bu uğurlarla yanaşı, məktəblərarası keçirilən bir çox bilik yarışlarında fəxri fərman və diplomlarla təltif olunub.
Cabbar hər zaman planlı şəkildə çalışır, gününü səmərəli bölməyə xüsusi diqqət yetirir. Dərslərdən əlavə, futbola maraq göstərir, lakin əsas məqsədi hər zaman elmə yönəlib: “Yarışlarda qalib gələndə çox sevinirəm, bu məni növbəti uğurlar üçün daha da həvəsləndirir. Hədəfim yenidən olimpiadalarda yüksək nəticə göstərmək və buraxılış imtahanında 700 bal toplamaqdır”.
Gənc riyaziyyatçı gələcəkdə iqtisadiyyat və maliyyə sahəsi üzrə təhsil almaq istəyir. Bu sahəni özü seçib, çünki riyaziyyat sevgisi onun bütün düşüncələrinə yön verir: “Məktəb rəhbərliyi və müəllimlərim mənim uğurlarıma hər zaman seviniblər. Onların mənəvi dəstəyi mənə güc verir”.
Cabbar deyir ki, uğurun sirri nizam-intizam, zəhmət və məqsədyönlülükdir: “Hər bir gənc öz xəyallarının arxasınca getməli və çalışmaqdan heç vaxt yorulmamalıdır”.
Cabbarın hekayəsi bir daha göstərir ki, istedadın yolu zəhmətdən, zəhmətin yolu isə elm sevgisindən keçir. Onun kimi gənclər Naxçıvanın və Azərbaycanın sabahına ümid işığıdır.



