Şagirdi həyata hazırlayan təhsil – Müəllimin pedaqoji gündəliyindən

24 İyul, 2026 - 12:44
Şagirdi həyata hazırlayan təhsil

Yeni bir yerə doğru yol gediriksə, doğru yolda olduğumuzu necə başa düşürük? Yol nişanlarını izləyərək və ya xəritə istifadə edərək. Təhsil dünyasında da şagirdlərimiz üçün qoyduğumuz hədəflər və istiqamətlər bizim çatacağımız son nöqtəyə doğru yol nişanları kimi iş görür. Planımız isə xəritəmizdir. Bir plan hazırlamaq dərslərimizdə yaradıcılığın əksik olduğu mənasına gəlməz, əksinə bu plan bizə yaradıcılığı içində məqsədyönlü şəkildə istifadə edə biləcəyimiz bir çərçivə verir. Şagirdlərdən istədiklərimizi almaq üçün əvvəlcə onları istədiklərimizi verə biləcək səviyyəyə gətirmək, onlarda lazımi kompetisiyaları formalaşdırmaq lazımdır. Əsas uğur bilik qazanmaq deyil, biliyini istifadə etmə üsullarını tapmaqdır. Günümüzdə texnologiyanın sürət dinamikasını nəzərə alaraq şagirdlərə texnologiyanın verə bilməyəcəyi - dəyər, inam, heç kimdən asılı olmadan azad şəkildə düşünmə, əməkdaşlıq, kommunikasiya əlaqələrini düzgün qurmaq, empatiya kimi bacarıqları öyrətmək, aşılamaq lazımdır.

Pedaqoqların qeyd etdiyi kimi, hər bir uşaq dünyanı, yaşadığı evi, hətta yaxınlarını oyuncaqlar, oyunlar vasitəsilə anlayır. Ətrafda gördüyü obrazları, hissləri, düşüncələri özünə hopdurur və gələcəkdə məktəbdə təhsil almaq, ictimai, sosial  münasibətlər qurmaq üçün hazırlıq mərhələsində olur. Bu zaman onlar yeni-yeni dostluqlar qazanır, maraq sahələrini və istiqamətlərini, həmçinin kimliklərini kəşf edirlər. Onların davranış modelləri, emosional və düşüncə şablonları, əsasən, ailədə formalaşır. Ailədə stimullaşdırılan öyrənmə və kəşf etmə həvəsi təhsil həyatında da davam etdiriləndə bu uşaqlar akademik olaraq uğurlu, sağlıqlı bir fərd olurlar. Uşaqları planlı məktəbdənkənar tədbirlərə erkən yaşlarda onların maraq və istəklərini nəzərə alaraq cəlb etmək uşaqların bir şəxsiyyət olaraq formalaşması üçün lazım olan müəyyən  xüsusiyyətlərin daha tez mənimsənilməsinə şərait yaradır. Məsələn, idman və incəsənətlə məşğul olarkən uşaqlar qaydalar çərçivəsində fəallıq göstərməyi ancaq səbrlə öyrənə biləcəklərini müşahidə edirlər. Bacarıqları nəticəsində uğur qazananda özlərinəinam yaranır, fəaliyyətləri daha məhsuldar olur.

Məktəb şagirdlər üçün özlərini rahat hiss edərək, düzgün ifadə edə biləcəkləri bir mühit olmalıdır. Bunun üçün müəllim şagirdlərin fərdi xüsusiyyətlərini, maraq obyektlərini analiz edib onlara dəqiq istiqamət verməlidir. Hər şagird istedadlıdır. Zaman, səbr, əmək sayəsində bu istedadlar aşkarlanır. Əgər hər hansı şagirdin nəzəri, texniki yaxud humanitar bilikləri  öyrənmək həvəsi müəyyən cəhdlərə baxmayaraq yoxdursa, bu onun savadsız yaxud bacarıqsız olduğunu göstərmir, maraq istiqamətinin fərqli olduğunu nümayiş etdirir. Bu vaxt ondan  gözlənilən tələbləri azaltmaq lazımdır. Maraqlı olduğu sahəyə yönələn şagirdin bu istiqamətdə uğurları danılmazdır.

Həm bəşəriyyət, həm də iqtisadiyyatın inkişafı üçün etiraz edə bilən yeni nəsillərə ehtiyac var. Heç bir şeyə etiraz etməyən bir ixtiraçı gördünüzmü? - Yəqin ki, xeyr. Etiraz etməyən, hər şeyi itaətlə qəbul edən, öz sərbəst fikri, tənqidi baxışı olmayan şagird gələcəkdə hansı yenilik etməyə çalışacaq, nəyi dəyişməyə nail olacaq? Uşaqlar itaətdən əmr almaq və boyun əymək xaricində heç nə öyrənmirlər. Digər hər şeyi isə dinləyərək və təbii ki, izləyərək öyrənirlər. Öyrənməyi tam olaraq mənimsəmək üçün dərketmə müddəti, təkrar, təcrübə lazımdır. Bütün bu proses isə uşaqların şəxsi inkişafına görə dəyişir. Şagirdlərə təhsil  sistemində nəyisə məcburi şəkildə öyrətməkdənsə, bunu onların öyrənmək istəyə biləcəkləri formaya salmaq lazımdır. Onlarda elmə məcburiyyət deyil, maraq yaranması təhsili daha keyfiyyətli edəcəkdir. Təhsil uşaqları həyata hazırlamalıdır, imtahanlara deyil. Təzyiq, məcburiyyət, stress deyil, şagirdlərin maraqları üzərində təşkil edilən təhsil sayəsində daha məsuldar nəticələr əldə edilir. Şagirdlərin yaradıcı ruhda böyüməsini istəyiriksə, onlardan bu imkanları almamalı, təhsil prosesində istehlakdan istehsala keçidə şərait yaratmalıyıq. Lakin onların bütün vaxtları yalnız dərs oxumağa sərf olunarsa, ətrafda baş verənlərdən kənarda qalacaqlar. Çox çalışmaq, oxumaq çox bilmək mənasına gəlmir. Şagirdlərin keyfiyyətli asudə vaxtlarının təşkili lazımlıdır. Sokratın dediyi kimi, insanların boş vaxtı olmazsa, layiqli şəkildə xeyirli vətəndaş ola bilməzlər. Uşaqlara boş vaxtlarını dəyərləndirmək üçün maraqlarını nəzərə alaraq addımlar atılmalıdır.

Şagirdlərdə kitablara maraq lap kiçik yaşlarından formalaşmalıdır. Hər hansı təqdimatı təhvil verərkən onlara zövqlərinə uyğun kitab hədiyyə edərək qiymətləndirmək, şagirdlərdə öz fəaliyyətlərinə qarşı marağı, həvəsi artıra bilər. Mütaliə edilən kitablar ətrafında müzakirələr aparmaq şagirdlərdə fikirlərinin formalaşmasında, öz fikirlərini sərbəst şəkildə irəli sürməkdə çox effektli rol oynayır. Mütaliə etməyi sevən uşaqlar öyrənməni də sevirlər. Oxumaqda çətinlik çəkənlər isə öyrənmə prosesində də çətinlik çəkir.

Şagirdlər yetkinlik dövründə əldə etdikləri vərdişləri, necə bir şəxs olacaqlarını qarşılarında gördükləri şəxslərə, əsasən, heç özləri də bunun fərqində olmadan müəyyənləşdirirlər – sinifdəki müəllim, əsərdəki obraz, kino qəhrəmanı, fenomen musiqiçi yaxud insanların ən çox diqqətində olan digər bir kimsə. Bunun üçün də onların mütaliəsi, izlədikləri film seçimi özbaşına olmamalıdır. Düzgün seçim yanlış nəticələrdən çəkindirər. Səhv etməyə çox uyğun olan bu yaş dövründə motivasiya ruhunda maarifləndirmək mütləqdir. Nəinki dərs mühiti ümumiyyətlə, tədris mühiti motivasiya ruhlu təşkil olunmalıdır. Şagirdlər hər zaman ətrafında onlara inanacaq, şəxsi bacarıqlarını görə biləcək onlardan yaşca böyük və dünyagörüşlü insanlara ehtiyac duyarlar. İşində uğurlu müəllim onlara istədikləri inancı verərək, həyatda səhv etmənin normal olacağı bir mühit yaradar. Bu şagirdlərin özlərindən gözlənilən hədəflərə çatanadək cəhd etməkdən əl çəkməmələri üçün onları motivasiya edər. Şagirdlərdə onlara həyatda mütləq şəkildə lazımlı olan vərdişlər formalaşdırılmalıdır. Numunə olaraq, maliyyə bacarıqlarının lap kiçik yaşlardan şagirdlərdə formalaşdırılması onların artıq bir vətəndaş olaraq həyatda özünə karyera qurmasında çox kömək olacaqdır.

Şagirdlərdə tədqiqatçı ruhu hər zaman qidalandıracaq mühit formalaşdırılarsa, öyrənmə prosesi üçün motivasiyanı başqalarından gözləməyəcək, özləri özlərini buna təşviq edəcəklər. Bu isə təhsili onlar üçün daha maraqlı edəcək.


Səidə Dadaşova,
Kürdəmir rayonu M.Əzimov adına Atakişili kənd tam orta məktəbinin tarix müəllimi

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.