Sakit şagirdlər həqiqətən problemsizdirmi?
Məktəbdə sakit davranan, dərs zamanı diqqət çəkməyən şagirdlər bəziləri üçün intizamlı və problemsiz məktəbli hesab olunurlar. Belə şagirdlər həqiqətən problemsizdirmi, yoxsa onların səssizliyinin arxasında diqqətdən kənarda qalan məsələlər dayanır?
Xəzər Universitetinin Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov “Azərbaycan müəllimi”nə bildirib ki, məktəbdə sakit olan, dərs zamanı diqqəti cəlb etməyən və müəllimlər üçün hər hansı çətinlik yaratmayan şagirdi avtomatik olaraq problemsiz hesab etmək düzgün yanaşma olmaz:
“Ona görə ki, uşağın davranışında xarici müşahidəçiyə görünən sakitlik onun psixi sağlamlıq vəziyyətini əks etdirmir. Bəzi şagirdlər təbiətcə sakit, müşahidəçi və özünə qapalı ola bilərlər. Bu, özlüyündə psixoloji problemin göstəricisi deyil. Buna baxmayaraq, bəzi hallarda sakitlik uşağın yaşadığı narahatlığı, qorxunu ifadə etmək üsuluna çevrilə bilər. Psixologiyada uşaqların çətinliklərinin yalnız davranışlarla müəyyənləşdirilməsi düzgün hesab edilmir. Bəzən aqressivlik və ya dərsi pozmaq kimi davranışlar böyüklərin diqqətini daha tez cəlb edir. Digər tərəfdən, narahatlıq, qorxu, özünü ifadə etməkdə çətinlik yaşayan uşaqlar bu hisslərini açıq şəkildə göstərməyə bilərlər. Onlar müəllimin gözündə yaxşı şagird təsiri bağışlasalar da, müəyyən mental problemlərlə üzləşə bilərlər. Məsələn, səhv cavab verməkdən qorxan şagird dərsdə bildiyi suala belə cavab verməyə bilər. Tənqid olunmaqdan çəkinən və ya qəbul edilməyəcəyini düşünən uşaq isə sinif yoldaşları ilə ünsiyyətdən uzaqlaşa bilər.
Burada mühüm məqam ondan ibarətdir ki, uşağın sakitliyini dərhal problem kimi qiymətləndirmək də, yaxud bunu hər zaman müsbət xüsusiyyət hesab etmək də doğru deyil. Əsas məsələ həmin davranışın səbəbini və uşağın həyatına necə təsir etdiyini anlamaqdır. Əgər sakit şagird dərslərdə iştirak edir, fikrini ifadə edə bilir, dostluq münasibətləri qurursa, bu, onun fərdi temperament xüsusiyyəti ola bilər. Bunun əksinə sakitlik qorxu, təcrid, gərginlik və ya özünü ifadə edə bilməməklə müşayiət olunursa, bu vəziyyətə daha diqqətlə yanaşmaq lazımdır. Məncə, müəllimlərin və valideynlərin diqqət yetirməli olduğu əsas məsələ uşağın nə qədər sakit olması deyil, onun özünü nə dərəcədə rahat, güvənli hiss etməsidir. Məktəbin və ailənin vəzifəsi yalnız problemli davranışları nəzarətdə saxlamaq deyil, eyni zamanda uşağın daxili dünyasını anlamaq, özünü ifadə edə biləcəyi təhlükəsiz mühit yaratmaqdır”.
Psixoloqun sözlərinə görə, şagirdin həddindən artıq sakit olması, fikirlərini ifadə etməkdən çəkinməsi və sosial ünsiyyətdən yayınması bu davranışlar davamlı xarakter aldıqda narahatlıq doğurmalıdır:
“Burada əsas meyar uşağın sadəcə sakit olması deyil, bu sakitliyin arxasında hansı mental sağlamlıq vəziyyətinin dayanması və uşağın inkişafına necə təsir göstərməsidir. Məsələn, bəzi uşaqlar yeni mühitə uyğunlaşmaq üçün daha çox zamana ehtiyac duyurlar. Onlar əvvəlcə müşahidə etməyə, insanları tanımağa çalışırlar. Belə uşaqları dərhal ünsiyyət qurmağa məcbur etmək və ya onları sinif qarşısında danışmağa məcbur etmək başqa təsirlər formalaşdıra bilər. Digər tərəfdən, uşaq bildiyi suala cavab verməkdən həddindən artıq qorxursa, başqalarının onu necə qiymətləndirəcəyindən daim narahatdırsa və ya yaşıdları ilə ünsiyyət qurmaq istədiyi halda bunu bacarmırsa, onun özünəinamla bağlı çətinliklər yaşadığı ehtimalı nəzərə alınmalıdır.
Bununla yanaşı, uşağın sosial ünsiyyətdən uzaqlaşmasının müxtəlif səbəbləri ola bilər. Məktəbdə lağa qoyulma, bullinq, ailədaxili mübahisələr, emosional dəstəyin azlığı, özünü başqaları ilə müqayisə etmə uşağın davranışına təsir göstərə bilər. Bəzən isə əvvəlki dövrlərdə ünsiyyətcil olan uşağın qəfil sakitləşməsi və insanlardan uzaqlaşması yaşadığı emosional çətinliklərin göstəricisi ola bilər. Buna görə davranışın nə vaxt başladığını, hansı şəraitdə gücləndiyini müəyyənləşdirmək vacibdir. Müəllim və valideynlər bu əlamətləri qiymətləndirərkən ilk növbədə uşağın əvvəlki davranışları ilə indiki vəziyyətini müqayisə etməlidirlər. Müəllim uşağın sinifdə yaşıdları ilə münasibətlərini, davranışlarını müşahidə edə bilər. Valideyn isə uşağın evdəki emosional vəziyyətinə, əhvalına, yuxusuna, məktəbə getmək istəyinə və gündəlik münasibətlərinə diqqət yetirə bilər. Bütün bunlar ona görə vacibdir ki, uşağın davranışını yalnız bir mühitdə müşahidə etməklə onun psixoloji vəziyyəti haqqında qəti nəticəyə gəlmək doğru deyil.
Belə hallarda uşağa təzyiq göstərmək, başqaları ilə müqayisə etmək və ya niyə danışmadığını davamlı sorğulamaq əvəzinə onun özünü təhlükəsiz hiss etməsinə şərait yaratmaq daha məqsədəuyğundur. Əgər bu davranışlar uzun müddət davam edirsə, uşağın təhsilinə, dostluq münasibətlərinə və gündəlik həyatına ciddi təsir göstərirsə, yaxud qorxu, məktəbə getməmək istəyi və davranış dəyişiklikləri ilə müşayiət olunursa, məktəb psixoloquna və ya uşaq psixoloquna müraciət etmək lazımdır”.




