Şimali İrlandiya məktəbləri yeni qiymətləndirmə sisteminə keçir

15 Aprel, 2026 - 16:41
Şimali İrlandiya məktəbləri yeni qiymətləndirmə sisteminə keçir

Şimali İrlandiyanın Təhsil Nazirliyi ibtidai və orta məktəblər üçün yeni situativ qiymətləndirmə çərçivəsini təqdim edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, yeni çərçivə əsasında ilk dəfə olaraq 1-ci sinifdən 10-cu sinfədək şagirdlərin qiymətləndirilməsi üçün vahid və ardıcıl sistem yaradılır.

Bildirilib ki, yeni model aşağı yüklü və kurikuluma uyğun qiymətləndirmə mexanizmlərini əhatə edir. Bu çərçivədə 1-ci sinifdə ilkin yoxlama, 2-ci sinifdə oxu (fonika) üzrə qiymətləndirmə, 3–5-ci siniflərdə illik oxu səlisliyi yoxlamaları, 4-cü sinifdə savadlılıq və riyaziyyat, 5-ci sinifdə vurma bacarıqları, 7 və 10-cu siniflərdə isə savadlılıq, riyaziyyat və elm üzrə qiymətləndirmələr keçiriləcək.

Şimali İrlandiyanın təhsil naziri Pol Givan bildirib ki, yeni çərçivə müasir və sistemli qiymətləndirmə modelinin əsasını qoyaraq tədris prosesini gücləndirəcək və hər bir şagirdin inkişafını daha effektiv şəkildə izləməyə imkan verəcək. Onun sözlərinə görə, bu yanaşma valideynlərə övladlarının irəliləyişi barədə daha aydın və ardıcıl məlumat təqdim edilməsini təmin edəcək.

Qeyd olunub ki, yeni qiymətləndirmələr qısa və aşağı riskli olacaq, şagirdlər üçün əlavə stres yaratmayacaq və əvvəlcədən hazırlıq tələb etməyəcək. Bir çox qiymətləndirmələrin avtomatik yoxlanılması müəllimlərin iş yükünü azaltmağa xidmət edəcək.

Nazirlikdən bildirilib ki, bu islahatlar ölkənin təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, erkən mərhələdə şagirdlərin inkişaf səviyyəsinin müəyyən edilməsinə və tədrisin keyfiyyətinin artırılmasına yönəlib.