Şirniyyata sevgisini sahibkarlığa çevirən 56 yaşlı tələbə – Uğur hekayəsi

13 May, 2026 - 16:51
Şirniyyata sevgisini sahibkarlığa çevirən 56 yaşlı tələbə

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 56 yaşlı tələbəsi Kəmalə Qurbanova həm də sahibkardır. 1987-ci ildən bəri şirniyyatçı olan Kəmalə xanım peşə təhsili alarkən öz sevimli məşğuliyyətini şəxsi biznesinə çevirməyi öyrənib və artıq bu istiqamətdə planlar hazırlayıb, ilk addımlarını atıb. 

Dərəcəli şirniyyatçı

Bakı şəhəri Bakıxanov qəsəbəsində 96 nömrəli məktəbi bitirəndən sonra o da ali məktəbdə oxumaq, filoloq olmaq istəyib: “Sənədlərimi instituta verdim, amma kəsildim. III imtahandan sonra staj tələb olunduğundan işləməyə qərar verdim. Dövlət iaşə müəssisəsində şirniyyatçı kimi işlədim”.

Beləliklə, Kəmalə Qurbanovanın hələ XX əsrdən peşə yolu açılıb.

Şirniyyatçı kimi çoxlu uğurlar – diplomlar qazanıb, dərəcə artırıb. Dərəcə almağa 1990-cı ildən başlayıb. Əvvəlcə V dərəcəli şirniyyatçı olub: “İşlədiyim müəssisədən kursa göndərir, buna əsasən dərəcəmi hər dəfə artırırdılar. 1991-ci ildə “Gülüstan” sarayında keçirilən Respublika müsabiqəsində ən gənc şirniyyatçı kimi iştirak edib III yeri tutdum”.

Sonra ailə həyatı quraraq İsmayıllıda məskunlaşıb. Şirniyyat sahəsində bacarıqlarını orada da inkişaf etdib. Sifariş alıb, şirniyyat bişirib: “Evdə bişirib satırdım. Ancaq peşə məktəbini bitirdikdən sonra şirniyyat evi acmaq istəyirəm”.

Peşə mərkəzində şirniyyatçı kimi bacarıqlarını artırdı

Şirniyyatçı peşə təhsili almaq istəyinin səbəbini belə izah edir: Təhsil almağım bilik və bacarığımı artırmaq istəyindən doğdu. Təhsil almağa başlayandan bəri anlamışam ki, məsələ şirniyyatı bişirməklə, bu sahədə dərəcələr qazanmaqla bitmir. Hər istehsalat dərsimiz əyləncəli, maraqlı olur, bir də, təbii ki, ləzzətli. Təhsil aldığımız dövrdə o qədər şirniyyatlar, desertlər hazırlayıb öyrənmişik ki. Hər bir öyrəndiyimiz modulları işimizdə tədbiq edirik. Mərkəzimizdə müasir dövrün tələblərinə uyğun şirniyyatların hazırlanmasına üstünlük verilir. Milli şirniyyatlarımızı da tez-tez hazırlayırıq”. 

Əsl iş şirniyyat hazır olandan sonra başlayır

Sahibkar fəaliyyətinə gəlincə, dediyinə görə, nəinki o, qruplarındakı hər tələbə artıq bu imkana malikdir. Çünki təhsil aldıqları müəssisə də, burada verilən təhsilin keyfiyyəti də buna imkan verir: “Təhsil aldığımız İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində şirniyyatçı kimi yetişmək üçün hər avadanlıqla təchiz edilmişik. Hər günümüz çox maraqlı keçir. Hər gün fərqli şirniyyatlar hazırlayır, bişirdiklərimizi tələbələrə, müəllimlərə satırıq. Komanda şəklində çalışır, qazancımızı da ümumi işimizə yönəldirik. Yəni həm qazanır, həm də qazancımızı idarə etməyi öyrənirik”.

Aldığı peşə təhsili ilə sahibkarlıq fəaliyyətini genişləndirəcək

Başladığı işi genişləndirmək bundan sonrakı əsas hədəfidir: “Peşə təhsilini bitirib Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” adlı layihəyə qoşulmaq, imkanlardan faydalanmaq istəyirəm. Fəaliyyətimi genişləndirmək, şirniyyatçı kimi peşəkar fəaliyyətimi qurmaq üçün iri və kiçik soba, blender, mikrodalğalı soba, 2 mikser, vafli aparatı, kofe üyüdən, tefal isidici kimi alətlərə ehtiyacım var”.

Şirniyyatı bişirir, satır, amma davamçılarının olmasını da istəyir

Şirniyyatçı kimi təcrübəsinə güvənən Kəmalə Qurbanovanın bir xəyalı da var: “Düşünürəm ki, bu təcrübə ilə hazırda təhsil aldığım müəssisədə istehsalat təlimi ustası işləyə bilərəm. Şirniyyat bişirməyi öyrətmək də bişirmək qədər zövqvericidir. Bir gün tələbələrə dadlı, ləzzətli, gözoxşayan şirniyyatları hazırlamağın sirlərini öyrətməyin xəyalını qururam”.

Oğlu da peşə təhsili alıb

Kəmalə Qurbanova deyir ki, ailəsində peşə təhsili alan tək o deyil: “Üç oğlum var. Böyuk oğlum kollec bitirib, ikinci oğlum Gəncə Aqrar Universitetinin məzunudur, üçüncü oğlum mənim kimi peşə təhsili alır. O, “Turizm sahəsində iaşə mütəxəssisi” ixtisası üzrə təhsil alır”.