Süni intellekt uşaqların “dost”una çevrilir – ARAŞDIRMA

29 Sentyabr, 2026 - 16:56
Süni intellekt uşaqların “dost”una çevrilir

Böyüklərlə müqayisədə 5-10 yaşlı uşaqlar süni intellektlə işləyən robotlarla ünsiyyətə daha rahat girir və onların verdiyi məlumatlara inanmağa meyillidirlər.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, ABŞ-nin Sinsinnati Universitetində aparılan araşdırmada öz əksini tapıb. Araşdırma zamanı uşaqlara generativ süni intellektdən istifadə edən “Miko” robotu ilə üç interaktiv oyunda iştirak etmək təklif olunub. Tədqiqat nəticəsində uşaqların robotla həvəslə ünsiyyət qurduğu və əvvəllər belə cihaz görməyən uşaqların belə onunla rahat əlaqə yaratdığı müəyyənləşib.

Araşdırmada uşaqlardan robotu oyuncaq, dost və ya başqa bir vasitə kimi qəbul edib-etmədikləri də soruşulub. Xüsusilə məktəbdə dostluq qurmaqda çətinlik çəkdiyini bildirən bəzi uşaqlar “Miko” ilə danışmağı sevdiklərini və onu onları mühakimə etməyən, təhqir etməyən bir dost kimi gördüklərini deyiblər.

Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr uşaqlarda erkən yaşlardan süni intellekt savadlılığının formalaşdırılmasının vacibliyini göstərir. Onların fikrincə, uşaqlar süni intellektin imkanları ilə yanaşı, məhdudiyyətlərini də öyrənməli və bu texnologiyalardan istifadə zamanı tənqidi düşünmə bacarıqları inkişaf etdirilməlidir.

Araşdırmada süni intellektlə işləyən interaktiv oyuncaqların bəzi risklərinə də diqqət çəkilib. Tədqiqatçılar bu cihazların yaşa uyğun olmayan məzmun yarada bilməsi və məxfiliklə bağlı narahatlıqların mövcud olduğunu bildiriblər.

“Miko” robotunun bəzi qoruyucu mexanizmlərinin də müşahidə edildiyi qeyd olunur. Məsələn, uşaq hekayəsində həddindən artıq qorxulu və ya zorakılıq məzmunundan istifadə etdikdə robot söhbəti başqa istiqamətə yönləndirib.
Araşdırmanın müəllifləri süni intellekt alətlərinin insanları əvəz edən vasitələr kimi deyil, onları tamamlayan texnologiyalar kimi nəzərdən keçirilməsinin vacibliyini vurğulayıblar. Tədqiqatda iştirak edən uşaqların təxminən yarısının evdə süni intellekt alətlərindən mütəmadi istifadə etdiyi də müəyyənləşdirilib.