“Təcrübəmi innovativ təşəbbüslərə çevirmək istəyirəm” - “Maarifçi” iştirakçısı

21 Oktyabr, 2026 - 09:51
“Təcrübəmi innovativ təşəbbüslərə çevirmək istəyirəm”

Ali təhsil müəssisələrində əldə edilən nəzəri biliklərin praktik təcrübə ilə möhkəmləndirilməsi gənclərin peşəkar inkişafında mühüm rol oynayır. Bu baxımdan “Maarifçi” tələbə-məzun təcrübə proqramı gənclərin əmək fəaliyyətinə hazırlanması, dövlət idarəçiliyi ilə tanış olması və qazandıqları bilikləri real iş mühitində tətbiq etməsi üçün imkan yaradır. Proqramda iştirak edən gənclərin təcrübələri, qarşılaşdıqları çətinliklər və gələcək hədəfləri isə bu təşəbbüsün onların inkişafına təsirini daha yaxından anlamağa kömək edir. 

“Azərbaycan müəllimi”nin də növbəti həmsöhbəti “Maarifçi” proqramının iştirakçısı Əsədullah Ərəbidir. O, proqram çərçivəsində qazandığı təcrübə, gələcək planları barədə danışır.

“Nəzəri biliklərimi tətbiq etmək istəmişəm”

Müsahibimiz qeyd edib ki, universitetdə maliyyə və iqtisadiyyat üzrə yiyələndiyi nəzəri bilikləri dövlət qurumunda, real maliyyə və tənzimləmə mexanizmi çərçivəsində tətbiq etmək istəyib: “Təhsil kimi strateji bir sahənin mərkəzləşdirilmiş maliyyə hesabatlılığının necə formalaşdığını və idarə olunduğunu yerində görmək istəyirdim. Proqramdan başlıca gözləntim dövlət səviyyəsində qərarın necə verildiyini anlamaq, məlumatların vahid sistemdə konsolidasiya edilməsi metodologiyasını dərindən öyrənmək və peşəkar iş mühitində analitik vərdişlərimi təkmilləşdirmək idi”.

““Maarifçi” mənə həm spesifik texniki biliklər, həm də sistemli idarəetmə baxışı qazandırdı”

Ə.Ərəbi qeyd edib ki, maliyyə hesabatlarının icmallaşdırılması istiqamətində fəaliyyət göstərmək ona həm spesifik texniki biliklər, həm də sistemli idarəetmə baxışı qazandırıb: “Bu müddətdə çoxsaylı struktur və tabeli qurumlardan daxil olan mürəkkəb maliyyə məlumatlarının sintezi, icmal balansların təhlili və hesabatların vahid standarta gətirilməsi üzrə əhəmiyyətli konsolidasiya təcrübəsi əldə etdim. İrihəcmli məlumatlarla işləyərkən ən kiçik uyğunsuzluğun belə yekun nəticəyə təsirini vaxtında aşkarlamaq məsuliyyəti məndə yüksək dəqiqlik və analitik düşüncə vərdişi formalaşdırdı. Eyni zamanda, maliyyə axınlarının dövlət siyasətinin icrasına necə xidmət etdiyini dərindən dərk edərək institusional səviyyədə hesabatlılıq və koordinasiya mexanizmlərini idarə etmək bacarığımı möhkəmləndirdim.

Bu təcrübə təhsil sisteminə sadəcə bir xidmət sahəsi kimi deyil, dəqiq rəqəmlər, büdcə icmalları və maliyyə dayanıqlığı üzərində qurulmuş strateji iqtisadi ekosistem kimi baxmağımı təmin etdi. İqtisadi siyasət və maliyyə idarəçiliyi sahəsindəki gələcək hədəflərimdə mərkəzləşdirilmiş maliyyə nəzarəti, data əsaslı qərarvermə və dövlət resurslarının optimallaşdırılması istiqamətlərini prioritetə çevirdi. Karyeramı məhz bu cür dövlət maliyyə idarəçiliyi və strateji iqtisadi təhlillər üzərində qurmaq əzmimi möhkəmləndirdi”.

Müsahibimiz əlavə edib ki, onu çox düşündürən məqam mərkəzi səviyyədə aparılan icmallaşdırma işinin nə dərəcədə böyük məsuliyyət daşıdığını görmək olub:

“Şəbəkəyə daxil olan çoxsaylı müəssisələrin təqdim etdiyi hər bir rəqəmin arxasında böyük bir infrastruktur, minlərlə insanın əməyi və bütövlükdə təhsilin keyfiyyəti dayanır. Bu qədər fərqli və həcmli məlumatların vahid nöqtədə birləşdirilməsi prosesi mənə dövlət maliyyəsində sistemli düşüncənin və ən kiçik detala belə xüsusi həssaslıqla yanaşmağın nə dərəcədə vacib olduğunu anlatdı”.

Proqram iştirakçısı qeyd edib ki, qazandığı təcrübəni təhsildə data və analitikanın gücünü ön plana çıxaran innovativ təşəbbüslərə çevirmək istəyir:

“Xüsusilə hesabatlılıq və icmallaşdırma proseslərini süni intellekt dəstəkli alətlərlə avtomatlaşdıraraq qərarların operativ verilməsinə, formalaşan böyük maliyyə göstəriciləri əsasında isə resursların daha dəqiq və səmərəli bölüşdürülməsinə töhfə verəcək sistemli modellər yaratmağı hədəfləyirəm. Eyni zamanda, bu analitik baxışı gənclər mühitinə daşıyaraq tələbələrin dövlət büdcəsi və maliyyə savadlılığı üzrə təfəkkürünü inkişaf etdirən intellektual vörkşoplar və rəqəmsal platformalar formalaşdırmağı planlaşdırıram”.