Universitetin nüfuzu abituriyent seçimi üçün kifayətdirmi?

26 Oktyabr, 2026 - 09:13
Universitetin nüfuzu abituriyent seçimi üçün kifayətdirmi?

Universitetlərin illərlə formalaşan nüfuzu, məzunlarının uğurları və cəmiyyətdəki mövqeyi onların abituriyentlər arasında tanınmasında mühüm rol oynayır. Lakin ali təhsil mühitində rəqabətin artdığı, yeni universitetlərin və ixtisasların meydana çıxdığı bir dövrdə təkcə keçmiş uğurlara arxalanmaq kifayət edirmi?

Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə bölgüsü də bu məsələyə diqqət yönəldir. Təqaüdçülərin 35-nin Bakı Ali Neft Məktəbini, 26-nın Azərbaycan Tibb Universitetini, 18-nin ADA Universitetini, 15-nin isə Bakı Dövlət Universitetini seçməsi yüksək nəticə göstərən abituriyentlərin seçimində müəyyən ali məktəblərin önə çıxdığını göstərir. Tədrisin keyfiyyəti, laboratoriya və praktiki imkanlar, beynəlxalq əməkdaşlıq, məzunların karyera perspektivləri universitet seçiminə təsir edən amillərdəndir. Ancaq bu imkanlar barədə məlumat abituriyentlərə çatmırsa, onların seçimində nə dərəcədə rol oynaya bilər?

Təhsil mütəxəssisi Məzahir Məmmədli “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Azərbaycandakı ali təhsil müəssisələrinin abituriyentlərlə qəbul zamanı və ya qəbul ərəfəsində apardıqları iş onların seçimlərinə təsir göstərir: “Abituriyentlər yüksək bal topladıqları halda belə, mütləq ən prestijli və ya reytinqli ali təhsil müəssisəsini seçmək prinsipi ilə hərəkət etmirlər. Hər bir ali təhsil müəssisəsinin özünəməxsus, müəyyən mənada brendləşmiş ixtisasları var. Həmin sahələr üzrə bu universitetlərdə yaxşı mütəxəssislərin yetişdiyi düşünülür. Məsələn, İT sahəsində Azərbaycan Texniki Universitetinin, hüquq ixtisası üzrə Bakı Dövlət Universitetinin adı daha çox çəkilir. Tibb sahəsində isə Azərbaycan Tibb Universitetini seçənlər çoxdur. Amma son vaxtlar Qarabağ Universiteti bir növ digər universitetlərə rəqib kimi önə çıxmağı bacarıb. Hüquq, kompüter mühəndisliyi, iqtisadiyyat və bir sıra digər sahələr üzrə universitet artıq rəqabətə qoşulub. Mühəndislik, xüsusilə neft sahəsi üzrə ixtisaslar isə orada yeni-yeni fəaliyyətə başladığından Qarabağ Universiteti bu istiqamətlərdə hələ geri qalır.


Bakı Ali Neft Məktəbinin liderliyinə gəlincə, bu il Prezident təqaüdçülərinin ən çoxu, 35 nəfəri məhz həmin universiteti seçib. Bakı Ali Neft Məktəbi illərdir ki, bu ənənəni qoruyub saxlaya bilir. Bu, ilk dəfə baş vermir. Hər il ali təhsil müəssisələrinə qəbul zamanı ən yüksək nəticə göstərən abituriyentlər seçim mərhələsində daha çox Bakı Ali Neft Məktəbinə üstünlük verirlər”.

Mütəxəssisin fikrincə, bunun səbəblərindən biri ali təhsil müəssisələrinin rəhbərlərinin ictimaiyyətlə əlaqələr (PR) işini necə qurmasıdır: “Hər bir universitetin qəbul dövründə fəaliyyət göstərən xüsusi PR komandası olmalıdır. Buraxılış imtahanlarından sonra bəzi universitetlərin rektorlarının abituriyentlərlə görüşlərinə diqqət yetiririk. Xüsusilə Qarabağ Universiteti bu məsələdə böyük komanda işi nümayiş etdirib. Universitetin rəhbərliyinin abituriyentlərin diqqətini Qarabağ Universitetinə yönəltmək üçün gördüyü işlər aydın görünürdü. Rektor özü bölgələrə gedir, yüksək bal toplamış abituriyentlərlə görüşür, sosial şəbəkələrdə həmin görüşlər barədə məlumatlar paylaşırdı.

Bakı Ali Neft Məktəbinin rektoru da PR kampaniyasına birbaşa rəhbərlik edib, özü bu işlərdə iştirak edirdi. Digər universitetlərdə isə bu məsələ bir qədər arxa planda qalıb. Bəzi ali təhsil müəssisələri düşünürlər ki, müəyyən ixtisaslar üzrə onsuz da seçim onlara yönələcək. Məsələn, Azərbaycan Tibb Universiteti hər hansı PR kampaniyası aparmağa ehtiyac duymur. Lakin artıq rəqabət mövcuddur və ehtimal edirəm ki, gələn ildən onlar da bu kampaniyalara qoşulacaqlar.

Bunun səbəbi digər universitetlərin də həmin sahələrdə rəqabətə qoşulmasıdır. Məsələn, Qarabağ Universitetində Tibb fakültəsinin açılması, eləcə də Naxçıvan Dövlət Universitetində tibb ixtisaslarının mövcudluğu Azərbaycan Tibb Universiteti üçün rəqabət yaradır. Düşünürəm ki, növbəti ildən bu universitetlər qəbul kampaniyası baxımından Azərbaycan Tibb Universitetinə ciddi rəqib ola bilərlər.

Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin karyera mərkəzlərinin fəaliyyətinə gəlincə, bu sahədə onların Bakı Ali Neft Məktəbi və Qarabağ Universiteti kimi fəal iş qurmadıqlarını düşünürəm. Pedaqoji Universitetin bu işə o qədər də ehtiyacı yoxdur, çünki pedaqoji kadrların hazırlanması baxımından ən yüksək təminatlı yerlərdən biri elə həmin universitetdir. Bununla belə, digər universitetlər rəqabət baxımından qəbul ərəfəsində karyera mərkəzlərinin imkanlarından istifadə etməli, yüksək bal toplamış abituriyentlərlə mühüm görüşlər keçirməlidirlər ki, həmin gənclər məhz bu universitetləri seçsinlər”.

M.Məmmədlinin sözlərinə görə, Azərbaycandakı universitetlərin əksəriyyətində təxminən eyni səviyyədə tədris aparılır: “Buna görə də düşünmürəm ki, abituriyentlər ali təhsil müəssisələrini yalnız mövcud imkanlara və ya proqram təminatına görə seçirlər. Qeyd etdiyim kimi, burada əsas rolu PR kampaniyası oynayır.

Sonrakı mərhələlərdə, məsələn, magistratura, xaricdə təhsil və doktorantura səviyyələrində də Prezident təqaüdçülərinin daha çox təmsil olunduğu, hazırda önə çıxan universitetlər məzunların həyatında müəyyən rol oynayırlar. Onların inkişafına, növbəti mərhələdə iş tapmasına və karyera yüksəlişinə bu və ya digər şəkildə təsir göstərirlər”.