Uşağı müşahidəçidən tədqiqatçıya aparan yol

26 Fevral, 2026 - 17:11
Uşağı müşahidəçidən tədqiqatçıya aparan yol

Uşaqların ətraf aləmi öyrənməsi və dərk etməsinin vacib yolu gəzinti və ekskursiyalardır. Uşaq bağçasında gəzinti uşaqların sağlamlığını, fiziki və idraki inkişafını təmin etməklə yanaşı, orqanizmin resurslarının bərpasını təmin edən gündəlik iş rejiminin vacib hissəsidir. Müntəzəm olaraq təmiz havada olmaq immuniteti artırır, maddələr mübadiləsini stimullaşdırır, iştahanı, yuxunu və fiziki fəaliyyəti yaxşılaşdırır, hərəkət ehtiyacını ödəyir. Bununla yanaşı, təbii mühit məktəbəqədər uşaqlara zəngin təcrübələr təqdim edir və onların kiçik və böyük motor bacarıqlarını inkişaf etdirməyə kömək edir. Gəzintinin strukturu adətən beş komponentdən ibarətdir: müşahidə, oyunlar, fərdi iş, əmək fəaliyyəti və uşaqların müstəqil fəaliyyəti. Gəzintilərin məzmunu uşaqların əvvəlki fəaliyyətləri, təlim proqramı ilə bağlıdır və hər bir yaş qrupu üzrə təqvim planına uyğun olaraq qurulur. Gəzintidə müşahidə gündəlik aparılır. Gəzinti mövsümi dəyişikliklər, bitkilərin böyüməsi və inkişafı, quşların miqrasiyası, təbiətdəki insan əməyi üzrə təşkil olunur.

Gəzinti zamanı uşaqlar üçün müşahidənin əhəmiyyəti:

İdrakın  inkişafı. Uşaq təhlil etməyi, müqayisə etməyi ("Külək əsir → ağaclar yellənir", Niyə böcəklər qışda gizlənir?), səbəb-nəticə əlaqələri qurmağı öyrənir.

Sensor inkişafı. Uşaqlar öz hissləri ilə dünyanı kəşf edirlər (daşların hamarlığını hiss etmək, yarpaqların forma və rənglərini görmək, quşların səslərini eşitmək, qarın xırıltısını eşitmək, soyuqluğunu hiss etmək və ya ağacın  qabıqlarının kobudluğunu hiss etmək).

Ekoloji tərbiyə. Təbiətə qayğıkeş münasibət aşılanır. Uşaq quş, pişik, it və ya qırıq budağı müşahidə edərək empatiyaya alışır, canlı və cansız aləmə görə məsuliyyət daşıdığını öyrənir.

Nitqin inkişafı. Uşaqlar yeni sözləri, fikrini sadə cümlələrlə ifadə etməyi öyrənir.

İxtiyari diqqətin inkişafı. Uşaqlar vacib olan bir obyektə diqqət yetirməyi öyrənirlər.

Yaradıcı təfəkkürün formalaşdırılması. Buludları müşahidə edərək onların nəyə bənzədiklərini müzakirə edə, gördükləri kəpənəklər, qarışqalar haqqında nağıl tərtib edərək uşaqların təxəyyülünü inkişaf etdirə bilərik.

Lakin müşahidə prosesi düzgün təşkil olunmazsa, uşaq üçün faydası olmaz, hətta uşağa zərəri olar (uşağın beynində məntiqi əlaqələr yaranmır, biliklər səthi olaraq qalır, öyrənmə prosesinə marağı azalır).

Müşahidənin aparılması zamanı tərbiyəçi-müəllimlər daha çox hansı səhvlərə yol verirlər?
Uşaqları müşahidənin passiv iştirakçıları kimi görürlər. Tərbiyəçi-müəllim uşaqlara suallar vermək, toxunmaq, təcrübə aparmaq, nəticə çıxarmaq imkanı vermədən obyekt (məsələn, təbii hadisə, ağac və ya quş) haqqında özü danışır.
Formal yanaşma: Bədii sözlərdən (tapmacalar, şeirlər) istifadə etmədən və ya uşaqların obyektə daha yaxından toxunması, iyləməsi və ya araşdırması imkanları olmadan müşahidəni tez "keçirməyə" çalışmaq.
•  Sistemliliyin olmaması: Məntiqi ardıcıllığın (faktların qurulması → əlaqələrin axtarışı → müqayisə → nəticələr) pozulması nəticəsində uşaqlarda obyekt haqqında vahid anlayış formalaşmır.

Gəzinti zamanı müşahidənin düzgün təşkili uşaqları passiv müşahidəçilərdən aktiv tədqiqatçılara çevirmək imkan verir. Gəlin baxaq müşahidə necə təşkil olunmalıdır? Şərti olaraq, bu proses aşağıdakı mərhələlərə bölünür:

Hazırlıq (uşaqlarda motivasiyanı yaratmaq)

1. Uşaqların maraq və diqqətini tapmaca, qısa şeir və ya maraqlı (problemli) sualla cəlb edin.
Təbiət haqqında şeirləri, tapmacalar  və atalar sözləri – bütün bu sadə şifahi vasitələr gəzintini daha emosional edə və uşaqların müşahidələrini düzgün istiqamətə yönəldə bilər. Ətraf aləmlə tanışlıq məşğələsində keçdiyi, eşitdiyi, öyrəndiyi şeirləri söyləməsi uşaqlarda müşahidə obyektilə emosional bağlılıq yarada bilər. Eyni zamanda, uşaqlarda idraki fəallığı təşviq üçün düşündürücü suallar vermək faydalıdır: “Niyə yelləncəyin altında ot bitmir, amma yanındakı ot qalın və yaşıldır?, Niyə arılar gülləri sevir, qarışqalar isə quru otları və xırda çöpləri?” və s.

2. Uşaqların qarşısında müşahidənin məqsədini müəyyən etmək: biz bu gün nəyi araşdıracağıq və niyə?
“Uşaqlar, məndə belə bir məlumat var ki, yaz fəsli artıq bizim bağçamızdadır, amma o gizlənir. Gəlin onun burada olduğuna dair beş dənə ipucu tapaq. Baxın, böyüdücü şüşə bizi “mikro” dünyaya səyahətə dəvət edir. Bizə ağac qabığının necə göründüyünü göstərmək istəyir”.

Əsas (birbaşa müşahidə):
1. Obyektin qavranılması: Uşaqlara obyekti müstəqil şəkildə yoxlamaq üçün vaxt verin.
2. Araşdırma fəaliyyətləri: (obyektə baxmaq, toxunmaq, qoxulamaq və ya dinləməyə dəvət etmək (təhlükəsizliyi təmin etməklə).
"Gözlərinizi bağlayın və ağac qabığına (və ya daşa) toxunun. Bu necədir? Soyuq, isti, kobud, hamar? Bu, nəyə oxşayır (atamın əlləri kimi, xalça kimi)?” Uşaqları əlləri ilə ağacın gövdələrini tutmağa dəvət edin. “Hansı ağac daha qalındır? Hansının  qabığı hamardı, hansının kobuddur?”
3. Müzakirə edin: Sadə, qapalı suallarla yanaşı, düşündürücü açıq suallardan (“Niyə?”, “Sən nə düşünürsən?”) istifadə edin. “Ağacdakı yarpaqların xışıltısına qulaq asın. Sizcə onlar nədən danışırlar? Bəlkə mübahisə edirlər?”, “Biz stəkandan su içirik, bəs çiçək necə su içir?”
4. Müqayisə aparmaq: Uşaqları digər tanış obyektlər və ya hadisələrlə oxşarlıq və fərqləri tapmağa dəvət edin. Bu uşaqların yeni məlumatı dərk etməsi üçün önəmlidir. Jan Piajenin nəzəriyyəsinə görə uşaqların yeni aldığı məlumat beynində mövcud olan sxemə uyğun yerləşdirilir (assimilyasiya), məlumat mövcud olan sxemə uyğun olmadığı halda yeni məlumat əsasında dəyişdirilir. Buna akkomodasiya deyilir. Əgər məlumat bu mexanizmlərdən heç birinə uyğun gəlmirsə, o zaman uşaqlar o məlumatı görməməyə çalışır (görməzdən gəlirlər). “Əllərinizlə birinci ağacın (üçbucaq) və ikincinin (oval/dairə) şəklini göstərin. Onlar hansı həndəsi formaya bənzəyir?”, “Çiçək hansı formadadır? Bəs günəş?”, “Axşam günəş nə edir? Bəs çiçəyimiz?”, “Təyyarə və quşlar oxşayırlar mı?”.

Yekun mərhələ:
1. Uşaqlarla müşahidələrinə əsasən nəticə çıxarın.
Bitkilərin müşahidəsindən sonra uşaqlara belə bir sualla müraciət edə bilərik: “Ağaclardakı tumurcuqlar böyüyüb, bəziləri isə artıq açılıb. Bunun səbəbi nədir?” (havanın isinməsi və yazın  gəlməsidir)". Heyvan/quşların müşahidəsindən sonra: “Quşlara qışda yemək tapmaq çətin olduğu üçün onlar tez-tez insanlar qaldığı yerlərə gəlirlər. Bu o deməkdir ki, onların insaların köməyinə ehtiyacı var".

2. Müşahidəni uşaqların şəxsi təcrübələri və ya qarşıdan gələn fəaliyyətlə əlaqələndirin. “İndi biz su ilə qarışanda qumun yapışqan olduğunu gördük və qala tikə bilərik”.

3. Müşahidəni əməli fəaliyyətə çevirmək.
“Qışlayan quşlar”ı müşahidəsini edərək uşaqlar quşların görünüşünü fərqləndirir (sərçə, göyərçin) və onlar üçün qidalanmanın əhəmiyyətini başa düşürlər. Müşahidədən sonra uşaqlar ilə birlikdə quşlar üçün bəsləyicilər düzəltmək (yaxud xüsusi yer ayırmaq) və yem tökmək olar.
 
Müşahidənin düzgün yerinə yetirilməsi addımlarına nəzər yetirək:

Nəticə çıxartmaq:
Unutmayın ki, hər bir müşahidə uşaqların özləri və ya müəllimin köməyi ilə etdikləri bir nəticə ilə başa çatmalıdır. “Quşlara baxdıq, gedək oynayaq” demək əvəzinə, uşaqlardan özlərinin nəticə çıxartmasını xahiş edin:“Uşaqlar, niyə bu gün sərçələr pəncərələrimizə  yaxın uçdu?” Uşaqları nəticə yönəldirik: “Çünki hava soyuqdur və onlar yemək tapmaqda çətinlik çəkirlər”.

Fəaliyyət əlaqəsi (Məhsuldar sonluq):
Müşahidə fəaliyyətdə iştirakla gücləndirilir: Ayaq izləri müşahidə etdikdən sonra çubuqla qarda (qumda) öz izlərini çəkə bilərlər. Gülləri müşahidə edəndən sonra onları sulamaq.

Qrup otağına (məşğələ) inteqrasiya etmək:
Gəzintidən sonra qrupa qayıdanda nə edəcəyinizi uşaqlarla müzakirə edin. Nümunə: “Gəlin gördüyümüz gülləri xatırlayaq, sonra onları bu axşam qrupda çəkək” və ya “Gözəl bir şam qozasını tapdıq. Bu, yapma üçün bir detal olacaq”.

Müşahidəni qısamüddətlidən uzunmüddətliyə çevirin, uşaqlarda marağı uzadın. Bunun üçün  “sabah üçün sual” texnikasından istifadə edə bilərsiniz. Müşahidənizin sonunda deyin: “Görəsən, bu güllər sabah böyüyəcək, yoxsa solacaq? Sabah yoxlayacağıq!” 

Biz müşahidənin məzmununa toxunduq, amma onun forması da önəmlidir. Uşaqlar sadəcə  dayanırlarsa, müşahidə darıxdırıcı mühazirəyə çevrilir və maraqsız olur. Düzgün müşahidə bütün hiss və duyğu orqanlarını əhatə edən fəal proses olmalıdır. Uşaqlarla müxtəlif fəaliyyətlər keçirilməlidir: “Gəlin, sərçələr kimi tullanaq”, “Küləkdə budaqların necə yelləndiyini göstərək”, “Gövdəsi bundan nazik olan bir ağac tapaq”, “Böcəklərin harada gizləndiyini tapaq” və s.

Gəzinti zamanı müşahidə uşağın təbiətə passiv baxması deyil, adi gəzintini tədqiqata çevirən mürəkkəb tədris prosesidir. Uşaq qrupa yalnız təmiz hava ilə nəfəs alaraq deyil, özü əldə etdiyi yeni biliklərin "baqajı", həm də ilk kəşflərin sevinci ilə qayıdır. Axı, üç-dörd yaşlı uşaq üçün günəşə bənzəyən adi zəncirotu bütöv bir kainatdır. Bizim tərbiyəçi-müəllim kimi vəzifəmiz təkcə bu dünyanı göstərmək deyil, həm də uşaqlara onu hiss etməyi, onu əzizləməyi öyrətməkdir. Unutmayın ki, böyük tədqiqatlar uşaq bağçasında aparılan kiçik müşahidələrdən başlaya bilər. 

Esmira Musayeva  
Sumqayıt şəhər 39 nömrəli körpələr evi-uşaq bağçasının müdiri