Həkim fizioterapevt: “Sağlam gələcəyin yolu idmandan keçir” - MÜSAHİBƏ
Sağlam uşaqlıq dövrü sağlam və uğurlu gələcəyin təməlidir. Uşaqların fiziki, zehni və sosial inkişafında balanslı qidalanma, keyfiyyətli yuxu və müntəzəm fiziki aktivlik əsas amillərdən hesab olunur. Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı və elektron cihazlardan istifadənin artması uşaqların gündəlik hərəkətliliyinin azalmasına, açıq havada keçirdikləri vaxtın məhdudlaşmasına səbəb olub. Mütəxəssislərin fikrin bu tendensiya artıq çəki, duruş pozğunluqları, diqqət və davranış problemləri, eləcə də müxtəlif sağlamlıq risklərinin artmasına zəmin yaradır.
Uşaqların erkən yaşlardan idmana və aktiv həyat tərzinə cəlb olunması isə yalnız onların fiziki sağlamlığını möhkəmləndirmir, eyni zamanda özünəinamın formalaşmasına, intizam və məsuliyyət hissinin inkişafına, komanda ruhunun və sosial bacarıqların güclənməsinə mühüm töhfə verir. Bu prosesdə valideynlərlə yanaşı, orta ümumtəhsil müəssisələrinin, idman məktəblərinin də rolu böyükdür. Ümumtəhsil məktəblərində keçirilən fiziki tərbiyə dərsləri uşaqların fiziki və mənəvi sağlamlığının qorunmasına, hərəki bacarıqlarının (çeviklik, dözümlülük, əzələ gücü) inkişafına və gümrah böyümələrinə, hərəkət vərdişlərinin formalaşmasına xidmət etdiyi kimi, idman məktəbləri də onların istedadlarının üzə çıxarılmasına, peşəkar və ya həvəskar səviyyədə idmana marağının artırılmasına şərait yaradır. Sağlam həyat tərzinin təşviqində ailənin, məktəbin və cəmiyyətin birgə fəaliyyəti gələcək nəsillərin sağlam böyüməsinin əsas şərtlərindən biridir.
Bəs uşaqlar hansı yaşdan etibarən idmanla məşğul olmalıdırlar? Yaşa uyğun fiziki fəaliyyətin seçilməsi nə dərəcədə vacibdir? Hərəkətli həyat tərzi onların fiziki və psixoloji sağlamlığına nə kimi müsbət təsirlər göstərir? Orta ümumtəhsil müəssisələri, idman məktəbləri bu istiqamətdə hansı rolu oynayır?
Bu və digər suallara Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin Fizioterapiya şöbəsinin müdiri, həkim-fizioterapevt Təranə Mahmudova ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
“İdmanla məşğul olan uşaqlar daha fəal, təşəbbüskar və ünsiyyətcil olurlar”
- Təranə həkim, sağlam həyat tərzinin əsas prinsipləri hansılardır?
- Sağlam həyat tərzi uşağın həm bugünkü, həm də gələcək sağlamlığının bünövrəsidir. Bir həkim olaraq qeyd edə bilərəm ki, sağlam həyat tərzi yalnız düzgün qidalanmaqdan ibarət deyil. Buraya balanslı qidalanma, keyfiyyətli yuxu, gündəlik fiziki aktivlik, şəxsi gigiyena qaydalarına əməl etmək, həmçinin sağlam və dəstəkləyici psixoloji mühit də daxildir.
Valideynlər bəzən sağlamlığı sadəcə xəstə olmamaq kimi qiymətləndirirlər. Halbuki sağlam uşaq səhər enerjili oyanan, gün ərzində aktiv olan, öyrənməyə maraq göstərən, özünü xoşbəxt hiss edən və yaşıdları ilə rahat ünsiyyət qura bilən uşaqdır. Uşağın həm fiziki, həm də emosional rifahı eyni dərəcədə vacibdir.
Müasir dövrdə ekran qarşısında keçirilən vaxtın artması da diqqət tələb edən məsələlərdəndir. Uşaqların açıq havada daha çox vaxt keçirməsi, hərəkətli oyunlarla məşğul olması və ailə ilə keyfiyyətli vaxt paylaşması onların sağlam inkişafına müsbət təsir göstərir.
Ən önəmlisi isə odur ki, sağlam vərdişlər uşaqlıqdan formalaşır. Uşaq valideynini nümunə götürür. Ailədə sağlam qidalanma, hərəkətli həyat tərzi və müsbət ünsiyyət mühiti varsa, həmin vərdişlər təbii şəkildə uşağa da ötürülür. Bu gün atılan kiçik addımlar gələcəkdə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri kimi bir çox sağlamlıq problemlərinin qarşısının alınmasına kömək edir. Ona görə də sağlam həyat tərzini bir məcburiyyət kimi deyil, uşaqlarımıza verə biləcəyimiz ən dəyərli sərmayə kimi görmək lazımdır.
- İdmanın uşaqların fiziki və psixoloji inkişafına təsiri nədən ibarətdir?
- İdmanın təsiri sadəcə güclü əzələlər və ya yaxşı fiziki forma ilə məhdudlaşmır. İdman uşaqlara nizam-intizam, məsuliyyət hissi və məqsədə çatmaq üçün çalışmağı öyrədir. Fiziki baxımdan onların sümük və əzələ sistemi möhkəmlənir, hərəkət koordinasiyası yaxşılaşır, əzələləri, dayaq hərəkət sistemini möhkəmlədir, ürək qan-damar sistemini güclənir, immuniteti artırır. Fiziki məşqdən sonra dayaq hərəkət aparatı, hərəkətlərin dəqiqliyi, koordinasiyası, cəldlilik, dözümlülük formalaşır. Psixoloji baxımdan isə özünəinam artır, stres azalır və uşaqlar daha sosial olurlar. Müşahidələrimiz göstərir ki, idmanla məşğul olan uşaqlar adətən daha fəal, təşəbbüskar və ünsiyyətcil olurlar. Onlarda stres və narahatlıq azalır, diqqət və yaddaş yaxşılaşır.
Fizioterapevt kimi gündəlik praktikamda həm də görürəm ki, hərəkətli həyat tərzi keçirən uşaqlarda duruş pozğunluqları, əzələ zəifliyi və artıq çəki problemlərinə daha az rast gəlinir.
İdman uşağın yalnız fiziki inkişafına deyil, həm də bədənini düzgün idarə etməsinə və hərəkət bacarıqlarının formalaşmasına kömək edir.
Bilirsiniz, idman uşaqların fiziki və psixoloji inkişafına da müsbət təsir göstərir. Uşağın orqanizmi inkişaf mərhələsində olduğu üçün hərəkət onun təbii ehtiyacıdır. İdman bədənin düzgün formalaşmasına, duruş pozğunluqlarının qarşısının alınmasına və ümumi sağlamlığın möhkəmlənməsinə kömək edir. Digər tərəfdən, idman uşaqlara emosiyalarını idarə etməyi, uğur və məğlubiyyəti düzgün qəbul etməyi öyrədir. Bu da onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
- Uşaqlar gündə nə qədər fiziki aktiv olmalıdırlar və müxtəlif yaş qrupları üçün hansı idman növlərini tövsiyə edirsiniz?
- Əslində, fiziki hərəkətə həyatın ilk illərindən başlamaq lazımdır. Kiçik yaşlarda bu, daha çox oyun formasında olur. Uşaqlarda gündəlik fiziki aktivlik yaşa görə dəyişir. Məsələn, 2-5 yaşlı uşaqlarda ən azı 3 saat aktiv hərəkət, müalicəvi idman 15-20 dəqiqə təlimatçının köməyi ilə, eləcə də oyun şəklində, qaçmaq, tullanmaq şəklində aparılır. 5 yaşdan etibarən isə uşaqlar yaşlarına uyğun idman məşğələlərinə cəlb oluna bilərlər. 6 yaşdan yuxarı uşaqlar idmanın üzgüçülük, qaçış, futbol, basketbol, voleybol, və sair növləri ilə məşğul ola bilərlər. Məşqlərin 35- 60 dəqiqə aralığında keçirilməsi məqsədəuyğundur.
Məktəbyaşlı uşaqların gündə ən azı 60 dəqiqə aktiv hərəkət etməsi tövsiyə olunur. Bu, mütləq peşəkar idman məşqi demək deyil. Velosiped sürmək, açıq havada oynamaq, qaçmaq, üzmək və ya komanda oyunlarında iştirak etmək də fiziki aktivliyə daxildir. Burada əsas məsələ, uşağın gün ərzində hərəkətdə olmasıdır.
Son illərdə kompüter və telefon qarşısında keçirilən vaxtın artması səbəbindən uşaqlarda onurğa əyrilikləri, yastı pəncəlik və duruş problemləri ilə daha tez-tez qarşılaşırıq. Müntəzəm fiziki aktivlik bu problemlərin yaranma riskini əhəmiyyətli dərəcədə azaldır və bədənin düzgün inkişafını dəstəkləyir.
Məktəbəqədər yaşlı uşaqlar üçün üzgüçülük, gimnastika və hərəkətli oyunlar çox faydalıdır. Məktəb yaşında futbol, basketbol, voleybol, atletika, rəqs və digər komanda oyunları həm fiziki, həm də sosial bacarıqları inkişaf etdirir. Ən vacibi odur ki, uşağın marağı və istəyi nəzərə alınsın. Uşaq sevdiyi fəaliyyətlə məşğul olduqda davamlılıq da daha yüksək olur.
Uşağın həm hərəkətə, həm də istirahətə ehtiyacı var
- Valideynlər övladlarını idmana həvəsləndirmək üçün nə edə bilərlər?
- Uşaqlar daha çox deyilənləri yox, gördüklərini təkrarlayırlar. Əgər valideyn özü aktiv həyat tərzi sürürsə, piyada gəzməyə üstünlük verirsə, sağlam qidalanırsa, uşaq da bunu norma kimi qəbul edir. Valideynlər övladlarını məcbur etmək əvəzinə, birlikdə idman etməyə çalışsalar, daha yaxşı nəticə əldə edərlər. Birgə velosiped sürmək, parkda gəzmək və ya sadəcə açıq havada olmaq və ya oyun oynamaq belə uşağın idmana münasibətini dəyişə bilər. Valideynlər övladlarının telefon, TV vaxtını məhdudlaşdırmalı, onlarla daha çox ünsiyyət yaratmalıdırlar. Hər bir valideyn övladına nümunə olmalıdır.
– Uşaqların gündəlik rejimində idman və istirahət arasında balans necə qurulmalıdır?
– Reabilitasiya prosesində tez-tez müşahidə edirik ki, həm hərəkətsizlik, həm də həddindən artıq fiziki yüklənmə uşağın sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə də uşağın yaşına, fiziki imkanlarına və gündəlik fəaliyyətlərinə uyğun balanslı rejim qurulması çox vacibdir.
İdman və fiziki aktivlik uşaqların sağlam böyüməsi üçün əvəzolunmazdır. Hərəkət zamanı əzələlər və oynaqlar aktiv işləyir, qan dövranı sürətlənir, tənəffüs sistemi daha effektiv fəaliyyət göstərir. Müntəzəm idman uşağın gücünü, dözümlülüyünü, koordinasiyasını artırır, həmçinin özünəinamının formalaşmasına və sosial bacarıqlarının inkişafına da müsbət təsir edir. Lakin unutmaq olmaz ki, hər bir fiziki fəaliyyətin ardından bərpa dövrünə də ehtiyac var. İdman zamanı orqanizm enerji sərf edir və həmin enerjinin yenidən bərpa olunması üçün istirahət vacibdir. Əgər uşaq kifayət qədər dincəlməzsə, yorğunluq, diqqət azalması, hətta zədələnmə riski yarana bilər. Digər tərəfdən, günün böyük hissəsini hərəkətsiz keçirmək də əzələ zəifliyinə, artıq çəkiyə və ümumi fiziki hazırlığın aşağı düşməsinə səbəb ola bilər.
Bəzən valideynlər övladlarının inkişafını düşünərək onları müxtəlif idman növlərinə, dərnəklərə və əlavə məşğələlərə yönləndirirlər. Mən bunu alqışlayıram. Ancaq bu zaman müəyyən nüanslar da diqqətdə saxlanılmalıdır. Uşağın istirahətə, sərbəst oyuna və ailəsi ilə keyfiyyətli vaxt keçirməyə də ehtiyacı olduğunu nəzərə almaq lazımdır. Düzgün balans qurulduqda uşaq həm enerjili, aktiv, həm də motivasiyalı olur. Bu balansın əsas hissələrindən biri də keyfiyyətli yuxudur. Yuxu zamanı orqanizm bərpa olunur, böyümə və inkişaf prosesləri daha aktiv şəkildə gedir.
Valideynlərə tövsiyə edirəm ki, uşaqları gündəlik olaraq açıq havada hərəkət etməyə, qaçmağa, oynamağa və sevdikləri idman növü ilə məşğul olmağa təşviq etsinlər. Ən vacibi isə odur ki, idman uşaq üçün bir məcburiyyət deyil, zövq aldığı və həyat tərzinə çevrilən bir fəaliyyət olsun. Sağlam inkişafın açarı məhz hərəkət, düzgün qidalanma və kifayət qədər istirahət arasındakı balansdır.
- İdmanla müntəzəm məşğul olan uşaqlarla məşğul olmayanlar arasında nə kimi fərqləri görürsünüz?
- Müntəzəm idman edən uşaqlarda bədən duruşu daha düzgün olur, əzələ gücü və tarazlıq qabiliyyəti yaxşı inkişaf edir. Onlar adətən dözümlü, enerjili, çevik olurlar. Belə uşaq və yeniyetmələrin diqqəti və konsentrasiyası da daha yaxşı olur. Eyni zamanda komanda oyunlarında iştirak edən uşaqlarda ünsiyyət bacarıqları və əməkdaşlıq vərdişləri daha sürətlə inkişaf edir. Müntəzəm fiziki aktivlik qan dövranını yaxşılaşdırır, orqanizmin müdafiə mexanizmlərini gücləndirir və uşağın xəstəliklərə qarşı müqavimətini artırır. Hərəkətsiz həyat tərzi isə qeyd etdiyim kimi, artıq çəki, duruş pozğunluqları və digər sağlamlıq problemləri riskini artırır. Belə uşaq və yeniyetmələrdə bel, boyun və kürək nahiyəsində ağrılar, duruş pozğunluqları və artıq çəki problemləri ilə daha çox qarşılaşırıq.
Sağlam böyümənin qızıl qaydaları…
- Uşaqların sağlam böyüməsi üçün "qızıl qaydalar" nələrdir? Sizcə, sağlam və fəal nəslin yetişməsi üçün ailə və məktəbin rolu nədən ibarətdir?
- Əslində, sağlam böyümənin qızıl qaydaları çox sadədir. Bu, düzgün qidalanma, hərəkət, kifayət qədər yuxu və sevgi dolu mühitdir. Ailə bu vərdişlərin formalaşdığı ilk məktəbdir. Məktəb isə uşaqların sosial və fiziki inkişafını dəstəkləyən mühitdir. Hər iki tərəfin əməkdaşlığı sağlam nəslin yetişməsi üçün vacibdir. Məktəbdə keçirilən fiziki tərbiyə dərsləri, idmanla bağlı yarışlar, tədbirlər, müsabiqələr, sosial mühit, komanda şəklində işləmək uşaqlarda motivasiya yaratmaqla yanaşı, onların fiziki hazırlığının yüksəldilməsində, istedadlarının üzə çıxarılmasında, eyni zamanda tərbiyəsinə müsbət təsir göstərir, nizam intizamını və sosial inkişafını formalaşdırır. Onu da qeyd edim ki, bu məsuliyyət yalnız ailənin və ya məktəbin üzərində deyil.
Cəmiyyət olaraq uşaqlar üçün daha çox idman və oyun sahələri yaratmalı, sağlam həyat tərzini təbliğ etməli və onların aktiv böyüməsi üçün imkanlar formalaşdırmalıyıq. Uşaqların vaxtlarını telefon və kompüter qarşısında deyil, açıq havada, idmanla və faydalı fəaliyyətlərlə keçirmələri üçün imkanlar yaratmaq da önəmlidir. Onların maraqlarını dəstəkləyən idman, incəsənət və sosial layihələr həm sağlam inkişaflarına, həm də özünəinamlı fərdlər kimi formalaşmalarına kömək edir.
- 20-26 iyun tarixlərində Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkəmizdə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək. Bir həkim olaraq, olimpiadanın şagirdlərimizin fiziki və psixoloji sağlamlığına, sağlam həyat tərzi vərdişlərinin formalaşmasına və gələcək inkişafına hansı müsbət təsirləri olacağını düşünürsünüz?
- Sualınızı bir həkim yanaşması olaraq cavablandırmaq istərdim. Bu olimpida barədə təbii ki, məlumatlıyam və çox gözəl bir təşəbbüs olaraq qiymətləndirirəm. Mənim fikrimcə, Məktəblilərin Respublika İdman Olimpiadası təkcə idman yarışı deyil, həm də gənc nəslin sağlam inkişafına xidmət edən çox önəmli bir layihədir. Hesab edirəm ki, belə yarışlar uşaq və yeniyetmələrin fiziki hazırlığını artırmaqla yanaşı, onların sağlam həyat tərzinə marağını gücləndirir.
Olimpiada proqramında yer alan idman növləri məktəblilərin güc, dözümlülük, çeviklik, koordinasiya və sürət kimi fiziki keyfiyyətlərinin inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda qeyd etdiyim kimi, müntəzəm idman fəaliyyəti ürək-damar sistemi sağlamlığının qorunmasına, artıq çəki və piylənmə riskinin azalmasına, düzgün qamətin formalaşmasına və ümumi sağlamlığın möhkəmlənməsinə kömək edir.
İdmanın faydaları yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Yarış mühiti məktəblilərdə özünəinam, məsuliyyət, intizam, komanda ruhu və streslə mübarizə bacarıqlarını inkişaf etdirir. Bu xüsusilə yeniyetməlik dövründə psixoloji sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Paytaxtla yanaşı, respublikamızın bir çox bölgələrindən məktəblilərinin bir araya gəlməsi həm də sağlam rəqabət mühitinin formalaşmasına, regionlar arasında təcrübə mübadiləsinə və yeni istedadların üzə çıxarılmasına şərait yaradacaq. İnanıram ki, bu olimpiada gələcək çempionların müəyyənləşdirilməsi ilə yanaşı, minlərlə məktəblinin idmana daha böyük maraq göstərməsinə və sağlam həyat tərzini həyatlarının ayrılmaz hissəsinə çevirməsinə töhfə verəcək.Sağlam gələcəyin yolu idmandan keçir.




