Yaponiyada şagirdlərin süni intellektdən asılılığının qarşısı alınacaq
Yaponiya hökuməti şagirdlərin süni intellektdən məktəblərdə daha düzgün və səmərəli istifadəsini təmin etmək üçün yeni tədbirləri müzakirə etməyə başlayır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu məsələ Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya naziri Yohey Matsumotonun Mərkəzi Təhsil Şurasının iclasında verdiyi tapşırıq əsasında şuranın gündəliyinə daxil edilib. Şuranın təhsilin inkişafı ilə bağlı növbəti beşillik proqramı üzrə tövsiyələrini 2027-ci ildə hazırlaması planlaşdırılır.
Müzakirələrin əsas istiqamətlərindən biri şagirdlərin süni intellektdən həddindən artıq asılılığının qarşısının alınmasıdır. Bildirilir ki, texnologiyaya həddindən artıq güvənmək şagirdlərin müstəqil düşünmək və qərar qəbul etmək imkanlarını azalda bilər.
Bu səbəbdən şura şagirdlərin süni intellektdən düzgün istifadə bacarıqlarının inkişaf etdirilməsi və texnologiyanın təhsilin keyfiyyətinin yüksəldilməsinə necə daha səmərəli cəlb olunması ilə bağlı təkliflər hazırlayacaq.
Nazir həmçinin 2027-ci ildən etibarən beş ili əhatə edəcək yeni məktəb təhlükəsizliyi planının hazırlanmasını istəyib. Planın hazırlanması məktəbdənkənar fəaliyyətlər zamanı baş verən qəzaların artması fonunda şagirdlərin təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin yenidən nəzərdən keçirilməsini nəzərdə tutur.




