Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq – Şərtlər

3 Avqust, 2026 - 10:15
Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Gürcüstanda 2026–2027-ci tədris ilindən etibarən dövlət universitetlərinə qəbul olunan tələbələr üçün ali təhsil dövlət hesabına maliyyələşdiriləcək. Lakin tam dövlət dəstəyi yalnız akademik göstəriciləri yüksək olan tələbələrə şamil ediləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, Gürcüstan hökumətinin iyulun 30-da qəbul etdiyi qərara əsasən, yeni maliyyələşdirmə modeli yalnız 2026–2027-ci tədris ilindən ali məktəblərə qəbul olunacaq tələbələrə tətbiq ediləcək. Hazırda təhsil alan tələbələr əvvəlki qaydalarla maliyyələşdirilməyə davam edəcəklər.

Yeni qaydalara görə, dövlət bütün tələbələr üçün təhsil haqqının 50 faizini təmin olunmuş şəkildə ödəyəcək. Qalan 50 faiz isə tələbənin akademik nəticələrindən asılı olacaq.

Tam maliyyələşməni saxlamaq üçün tələbə əvvəlki semestr üzrə nəzərdə tutulan kreditlərin ən azı 80 faizini toplamalıdır. Standart 30 kreditlik semestrdə bu, minimum 24 kreditin uğurla tamamlanması deməkdir.

Bu göstəricini yerinə yetirə bilməyən tələbələr dövlət dəstəyini tam itirməyəcəklər. Onların təhsil haqqının yalnız 50 faizi dövlət tərəfindən ödəniləcək, qalan hissəni isə özləri qarşılamalı olacaqlar. Tələbələr növbəti semestrdə tələb olunan akademik nəticəni əldə etdikləri halda tam maliyyələşdirmə hüququnu yenidən bərpa edə biləcəklər.

Yeni qaydada bəzi istisnalar da nəzərdə tutulub. Autizm spektr pozuntusu olan tələbələrə və inklüziv təhsil üzrə dövlət proqramlarının iştirakçılarına 80 faiz kredit tələbi tətbiq edilməyəcək.

Dövlət maliyyələşdirməsi bakalavr pilləsində maksimum 8 semestr, üçillik bakalavr proqramlarında 6 semestr, tibb ixtisaslarında 12 semestr, magistratura səviyyəsində isə proqramın nəzərdə tutduğu müddət ərzində qüvvədə olacaq.

Hökumət bildirir ki, yeni modelin məqsədi ali təhsili daha əlçatan etməklə yanaşı, tələbələrin tədrisə məsuliyyətini və akademik motivasiyasını artırmaqdır.