4 dekabr 2024

Bütün xəbərlər
test
5 sentyabr, 14:12
42

Bu gün ölkə təhsilinin tarixini özündə yaşadan “Azərbaycan müəllimi” qəzeti 90 yaşını qeyd edir. Azərbaycan müəllimlərinin, tanınmış  elm və təhsil nümayəndələrinin, ziyalılarının, fikir adamlarının tribunası olan adıçəkilən mətbu orqan keçdiyi tarixi yolun hesabatını verəcəyi təntənəli yubiley mərasiminə hazırlıq mərhələsindədir.

Qəzetin arxiv materiallarını vərəqlədikcə insan həmin dövrlərə qayıdır, keçmiş illərdəki təhsil proseslərinin canlı şahidinə çevrilir. Saralmış qəzet səhifələrinə baxdıqca heyranlıq və təəccüb qarışıq hisslər məni bürüyür. İlahi, bu qəzetdə kimlərin imzası olub, necə gözəl mövzulara toxunulub, necə cəsarətli yazılar yazılıb, tənqidi məqalələr verilib. Hələ dövrümüzün ən sayılıb-seçilən şair və yazıçılarımızın imzalarını görəndə qürur hissi keçirməyimi demirəm.

…Gözümü açandan evimizdə "Azərbaycan müəllimi” qəzetini görmüşəm.Tale də elə gətirdi ki, düz 37 il bundan əvvəl “Azərbaycan müəllimi” qəzeti redaksiyasında işə düzəldim. Artıq imzalarını tanıdığım jurnalistlərlə bir yerdə işləyirdim. Orta məktəbi təzə qurtarmış, iş fəaliyyəti barədə təsəvvürü olmayan biri kimi ilkin vaxtlarda qəzetdə işləmək mənim üçün çətin olduğu qədər, eyni zamanda gərginlik yaradırdı. Etiraf edim ki, ilk başlarda artıq burada çalışmamağı da özüm üçün qərarlaşdırmışdım. O vaxta qədər ki…

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğum ilk günlər idi. Jurnalistika fakültəsinin məzunları mənimlə razılaşar ki, ən gözəl, savadlı, tələbələrə qarşı humanistliyi ilə seçilən, onlara dost, həmkar kimi yanaşan müəllimlər məhz bizim fakültənin müəllimləri idi və bu gözəl ənənə indi də davam edir. Elə yeni tanışlıq zamanı mərhum ustad müəllimlərim Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Əliş Nəbili, Famil Mehdi, Qulu Xəlilov, İnayət Bəktaşi, hazırda da dərs deyən Cahangir Məmmədli, Akif Rüstəmov "Azərbaycan müəllimi" qəzetində işlədiyimi biləndə bir həmkar kimi mənə yanaşaraq "Qızım, sən bilirsən harada işləyirsən? Bu qəzet ölkəmizin təhsil salnaməsini yaradan bir mətbu orqandır. Burada çalışanlar təhsil üzrə ixtisaslaşmış peşəkar jurnalistlərdir. Bəxtin gətirib ki, sənin jurnalistlik təcrübən elə öz iş yerin olacaq. Çalış bundan yetərincə faydalan". 

Tanınmış professor Şirməmməd Hüseynovun vaxtilə bizim qəzetdə şöbə müdiri işlədiyini onun öz dilindən eşidəndə isə nə gizlədim, o zaman qürurlandım. Bir tərəfdən öz isti, qayğıkeş münasibətilə mənim üçün doğmaya çevrilən müəllimlərimin qəzetlə bağlı xoş sözləri, bir tərəfdən də özümün ilkin tərəddüdlü fikirlərim işdə qalıb-qalmayacağım barədə qəti qərar verməyimdə çətinlik yaradırdı. Redaksiyada adi iş günlərimdən biri idi. Elə hey öz-özlüyümdə götür-qoy edirdim. Bu zaman bir əlin çiynimə qoyulduğunu hiss etdim. Dönüm baxanda qəzetimizin əməkdaşı Flora xanım Xəlilzadəni gördüm. "Nə fikirləşirsən, ay Samirə? - deyə soruşdu. Düşüncələrimi ona söylədim. Və o mənə "Peşəkar, eyni zamanda  ixtisaslaşmış təhsil jurnalisti olmaq, imzanın tanınmağını istəyirsənsə, məncə burada qalmalısan", - söylədi. Bəli, məhz Flora xanımın məsləhətindən, eləcə də müəllimlərimin qəzetə olan münasibətindən ruhlanaraq mən fəaliyyətimi bu qəzetdə davam etdirməyi qərara aldım.

Ağlıma belə gətirməzdim ki, üstündən xeyli illər keçdikdən sonra 90 illik təhsilimizi öz səhifələrində tarixiləşdirən “Azərbaycan müəllimi” qəzetinin 37 illik əməkdaşı olaraq elə bu bayram günündə vaxtilə bizim əməkdaşımız olan, mənim yol göstərənim “Şöhrət” ordenli, Əməkdar jurnalist, yazıçı və publisist, Prezidentin fərdi təqaüdçüsü Flora Xəlilzadə ilə söhbətləşəcəyəm. Flora xanımla ötən illərə qayıtmaq olduqca maraqlı idi...

"Azərbaycan müəllimi" qəzetində 15 il işləmişəm

“Azərbaycan müəllimi”nin bu əziz günündə məni yadda saxladığınız üçün təşəkkür edirəm",  - deyir Flora Xəlilzadə:

“Bu qəzetin mənim həyatımda xüsusi rolu var. Düz 1978-ci ildən 1993-cü ilə qədər bu mətbu orqanda çalışmışam. İş fəaliyyətimin 15 ili məhz bu qəzetlə bağlı olub. Qəzetin adı gələndə, inanırsan, qəribə bir həyəcan, bir yurd nisgili keçirirəm (kövrəlir). Müxbir, xüsusi müxbir və sonradan şöbə müdiri vəzifəsinə qədər yüksəlmişəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyanda praktik təcrübələrim "Azərbaycan müəllimi"ndə olub. O vaxtı qəzetimiz Hökumət Evinin ən axırıncı mərtəbəsində yerləşirdi. Qəzetin baş redaktoru Şahin Səfərov idi. Hər dəfə təcrübədə olduğum müddətdə redaksiyada mənə çox gözəl şərait yaradılırdı. Cavan tələbə bir qız idim. Qəzetin baş redaktoru Şahin müəllim olmaqla, redaktor müavini Məhyəddin Əbdülov, şöbə müdirləri Tükəzban Əsədova, Cavad Cavadlı, Pirxanım Qasımova və digər adlarını qeyd etmədiyim əməkdaşlar mənə xüsusi həssaslıqla yanaşırdılar".

Flora xanım deyir ki, qəzetdə ilk yazısı "Matan gəldi" başlığı altında dərc olunub. Və bu yazı böyük əks-səda doğurub. Belə ki, o, Şahbuz rayonunda ezamiyyətdə olarkən şahidi olur ki, analar öz uşaqlarını nadinclik etdikləri zaman "Matan gəldi" - deyə, qorxudurlarmış. Sən demə, həmin Matan rayonda uşaq bağçasının müdiri imiş və balacalara zülm edirmiş: "Xatırlayıram ki, həmin yazımda birinci cümləm belə idi: Keçmişdə bizim analar uşaqlarını qorxutmaq üçün xortdan, şeytan gəldi, üzdəniraq qonşularımız isə türk gəldi deyirdilər. Şahbuzda isə deyirlər ki, Matan gəldi. Bilirsiniz, deməli o dövrdə türkün adını çəkmək, türkə sığınmaq, türkdən misal gətirmək qadağan idi. Yadımdadır, mərhum yazıçımız Seyfəddin Dağlı mənə zəng edərək dedi ki, yazın o qədər xoşuma gəldi ki, universiteti bitirəndə təyinatını “Kirpi” jurnalına götürərsən. Sən ki, deyirsən, qonşumuz o vaxtı deyirdi türk gəldi, gör, sən hansı cəsarətin sahibisən”.

Uşaqların qorxulu röyasına çevrilən bu bağça müdiri ilə bağlı tənqidi yazısından sonra o xanım işdən çıxarılır. Həmin dövrdə Flora xanımın həmçinin digər bir neçə bağçaların yarıtmaz fəaliyyətindən silsilə yazılarından dolayı məktəbəqədər təhsil müəssisələri haqqında ciddi araşdırmalara başlanılır və müdirlər yarıtmaz fəaliyyətlərinə görə vəzifələrindən uzaqlaşdırılırlar. Həmsöhbətim deyir ki, o zamanlar sovet dövrü olmasına baxmayaraq daha çox tənqidi yazılar yazırdıq  və bu yazlarımıza əsasən ciddi tədbirlər görülürdü. 

Mərkəzi Komitə təyinatımı bu qəzetə verdi

Tələbəlikdən bu qəzetlə əməkdaşlıq edən Flora Xəlilzadənin işləmək üçün elə təyinatı da bu mətbu orqana verilir. Qeyd edir ki, o zamanlar jurnalistika fakültəsinin bitirənlərin təyinatı Mərkəzi Komitə tərəfindən verilirdi: "Və tale elə gətirdi ki, mənim ilk iş fəalliyyətim məhz “Azərbaycan müəllimi” qəzeti ilə bağlı oldu. Onu da qeyd edim ki, təyinatım "Azərbaycan müəllimi" qəzetinə veriləndə hamı mənə qibtə ilə baxırdı. Orada çalışanların qələmi iti idi. Bilirsən, düşdüyün yerdə şərait olanda insan yetişir, yaxşı yazıb-yaradır, püxtələşir. 

Sanki qəzet mənə qucaq açdı. Jurnalistikanı təzəcə bitirmiş bir gənc üçün bu isti münasibətdən, peşəkar qələm sahibləri tərəfindən onların doğması kimi qəbul edilməkdən gözəl nə ola bilərdi ki? Bəli, mən təcrübəli, peşəkar həmkarlarım tərəfindən sözün həqiqi mənasında qəbul edilmişdim. Tükəzban Əsədova mənim şöbə müdirim idi. Paytaxtla yanaşı, respublikamızın müxtəlif  bölgələrinə gedərək oradakı məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətindən silsilə məqalələr yazır, reportajlar hazırlayırdım. İlk yazılarım da bağçalarla bağlı olub. Sonradan demək olar ki, qəzetin bütün şöbələri ilə əməkdaşlıq etməyə başladım. Təhsilin ən müxtəlif sahələri ilə bağlı yazılarım, məqalələrim dərc olunub, həmçinin ədəbi yaradıcılıqla, publisitika ilə də məşğul olurdum. Hər bir şöbə müdirinin verdiyi  mövzulara uyğun çoxlu sayda məqalə, reportaj, müsahibələr,tənqidi yazılar yazırdım. Bu qəzet mənə Azərbaycanın tanınmış müəllimləri, görkəmli  alimləri, elm xadimləri, eləcə də  gözəl şair və yazıçıları ilə tanış olmağıma imkan yaratdı”. 

Həmkarım yaddaşına həkk olunmuş xatirələrini bir-bir yada salır: "Gözəl qələmi olan peşəkar jurnalistlərlə həmkar olmuşam. Qəzetin "Ədəbiyyat və incəsənət" şöbəsinin müdiri Cavad Cavadlının tapşırığı ilə ölməz şairimiz Mikayıl Müşfiqin həyat yoldaşı ilə müsahibə hazırlamışam. Cavad müəllimi bu gün də ehtiramla xatırlayıram. O, mənə repressiya qurbanları olan Mikayıl Müşfiqdən, Hüseyn Caviddən və digər şəxsiyyətlərin acınacaqlı taleyi ilə bağlı elə faktlar danışıb ki, həmin zamanlar sovet dövrü idi və bu barədə heç harada söz açılmırdı. Onun yanına rəhmətlik Xəlil Rza Ulutürk, Xalq artisti Mikayıl Mirzə və digər tanınmış insanlar gəlirdi, onlar  ölkənin taleyüklü məsələləri barədə müzakirələr aparırdılar. Heyrət edirdim. Və mən onlardan öyrənirdim. Qəzetdə işlədiyim müddətdə çox böyük şəxsiyyətləri tanımışam, adları kitablara salınmayan insanlar barəsində məlumatlı olmuşam. Sonra "Ali məktəb həyatı" şöbəsində işlədim. Həmin şöbənin müdiri mərhum  gözəl kaman ustamız Xalq artisti Habil Əliyevin qardaşı Tahir Əliyev idi. O qədər sadə, qayğıkeş insan idi. Əməkdaşı üçün hər cür şərait yaradırdı. Özü yazı yazırdı, deyirdi Flora, gör bunun redaktəyə ehtiyacı varmı? Bu, həm də onun əməkdaşına olan güvəni, etimadı idi. Allah onun ruhunu şad etsin. Sonradan həmin şöbənin xüsusi müxbiri, müdiri də oldum.

"Orta ümumtəhsil müəssisələri" şöbəsinin müdiri Şamxəlil Məmmədov necə gözəl jurnalist idi. Məktəblərdən yazılar hazırlayanda mənə peşəkarcasına məsləhət, istiqamət verirdi. Heç vaxt bunları unuda bilmərəm. Adlarını qeyd etdiyim insanlardan mən çox şeylər öyrəndim, təhsil jurnalisti kimi ixtisaslaşdım.  

Etiraf edim ki, o zamanlar həmkarlarımın mənə olan münasibətlərinin dəyərini indiki kimi anlamırdım. Sonradan həyat məni elə insanlarla rastlaşdırdı ki, dönüb geridə qoyduqlarımın nə qədər saf, qayğıkeş, dəyərli oluqlarını özüm üçün bir daha yəqinləşdirdim. Onları xatırlayıb deyirəm ki,  Allah sizlərə rəhmət eləsin. Siz nə gözəl insanlar olmusunuz". 

Flora xanım danışdıqca bəzən kövrəlir, bəzən isə həmin illərdən ən xoş xatirələrini paylaşdıqca o anıların yaratdığı xoş hisslər nurlu simasına yansıyırdı: "Bir hadisəni danışmaq istəyirəm. Bilirsən ki, mən o zamanlar uzaqda - Hövsanda yaşayırdım. Yolum uzaq idi. İşə gəlincə bir neçə marşrut dəyişirdim. Bir gün 10 dəqiqə işə gecikmişdim. Redaksiyanın dəhlizində baş redaktorumuz Şahin Səfərovla rastlaşdım. Qaşqabaqlı halda mənə dedi ki, işə geçikmə. Sonra mənə müəyyən mövzularda yazılar yazmağı tapşırdı. Bir gün mərhum akademik Ziya Bünyadov redaksiyamıza gəlmişdi. Şahin müəllim məni çağırıb tapşırdı ki, Ziya müəllimdən müsahibə alım. Sonra da dedi ki, Flora bu redaksiyada mənim ən çox inandığım, qələminə hörmət etdiyim əməkdaşımdır. Üzünü mənə tutaraq yazını birbaşa ona gətirməyimi tapşırdı. Yazını hazırlayıb ona təqdim edəndə özümü saxlaya bilməyərək soruşdum ki, Şahin müəllim, necə olur məni hamının yanında tərifləyirsiniz, ancaq 10 dəqiqə işə gecikdiyimə görə danladınız? Axı, bilirsiniz ki, yolum uzaqdır. Mənə qayıtdı dedi ki, sən bu qəzetin bel sütunusan, vaxtında işdə olmalısan. Bəli, qəzetin rəhbərliyi mənə belə yüksək dəyər verirdi. Ümumiyyətlə, Şahin müəllim gözəl redaktor idi, hər bir işçisini lazım olanda müdafiə etməyi bacarırdı. Biz əməkdaşlar arxayın idik ki, o bizi hər cür maneələrdən, yersiz müdaxilələrdən qoruyacaq və qoruyurdu da. 

Bir dəfə də redaksiyamıza professor Qulu Xəlilov bir yazı göndərmişdi. Yazı çox geniş idi. Mən bir az ixtisar etdim. Və bu yazı qəzetimizdə dərc olundu. Səhər bir də gördüm ki, işdə hamı bir-birinə dəyib ki, Qulu Xəlilov yazısının ixtisar olunmasına bərk əsəbiləşib və qəzəbli halda redaksiyaya gəlir. Mən qaldım tək otaqda. Qulu müəllim salamlaşaraq otağıma daxil oldu. Dedi ki, yazımın ixtisar olunmasından narazıyam. Qulu müəllimdən soruşdum ki, neçə dəfə siz əməliyyat olunmusunuz? Dedi ki, 8-9 dəfə. Dedim hər əməliyyat olunanda bədəninizdən sizi narahat edən müəyyən gərəksiz şeyləri kəsib atıblar? Dedi, bəli. Qayıtdı ki, yazını sən ixtisar eləmisən? Belə dayandım. Gəldi başıma əl çəkərək, "Eşq olsun sənə ", - dedi. O dövrdəki müəyyən hadisələri xatırlayanda məni qəribə hisslər bürüyür. 

Mən heç vaxt unutmaram Bərdədə Xırdaxanım Şadlinskaya adlı bir məktəb direktoru var idi. Onunla söhbət etmək, müsahibə almaq o qədər xoşuma gəlirdi. Olduqca gözəl danışıq qabiliyyəti var idi, təhsili mükəmməl bilirdi. 190 nömrəli tam orta məktəbin direktoru olmuş mərhum Sona Tağıyevadan, 132 nömrəli tam orta məktəbin direktoru Aliyə Təhmasibdən dəfələrlə yazılar yazmışam. Mənim ən çox sevdiyim, getdiyim məktəb elə 132 nömrəli tam orta məktəb olub. Sonra gözəl pedaqoq Sara Xanlarovanı tanıdım. Həmin zamanlarda  o müəllim kimi fəaliyyət göstərirdi. Artıq neçə illərdir ki, 132-134 nömrəli Təhsil Kompleksinin direktorudur. Bu gün də o məktəbi sevirəm, hətta nəvəm orada təhsil alır. Bu məktəb ideal bir təhsil ocağıdır. Həmişə o məktəbin direktorları, təhsili, idarəetməni gözəl bilmələri, şagirdlərini öz övladları qədər sevmələri, yüksək təşkilatçılıq bacarıqları ilə fərqlənib". 

Flora xanım deyir ki, o zamanlar müəllimlər daha diqqətcil idi. Qəzetdə xoşlarına gələn yazı olanda götürüb redaksiyaya zəng edərək  öz təşəkkürlərini bildirir, müəyyən təkliflərlə çıxış edirdilər. Müəllimlər  məsuliyyətli olmaları  və nəciblikləri ilə seçilirdilər. Öyrətmək onların amalı idi. 

"Bildirdim ki, öz qəzetimdən başqa digər mətbu orqana yazı verə bilmərəm…"

Flora xanım "Azərbaycan müəllimi" qəzetinin ən aktual mövzularda  yazan jurnalisti kimi tanınıb.Deyir ki, qəzet hər zaman böyük nüfuza malik, təhsil işçilərinin, bütövlükdə ictimaiyyətin rəğbətini qazanan mətbu orqan olub. Növbəti yazısı dərc olunandan sonra o vaxtı "Azərbaycan gəncləri"ndə çalışan rəhmətlik Şahmar Əkbərzadə ondan xahiş edir ki, qəzetlərinə bir yazı yazsın: “Bildirdim ki, öz qəzetimdən başqa digər mətbu orqana yazı verə bilmərəm. Dedi ki, bu "Azərbaycan gəncləri" qəzetidir: "Ona söylədim ki, "Azərbaycan müəllimi" də elə bil ki, ölkənin “Pravda” qəzetidir. O vaxtı "Pravda" qəzeti Sovet İttifaqının ən üzdə olan, nüfuzlu mətbu orqanı idi. Qəzetimizin adı "Azərbaycan müəllimi" olsa da təhsilin bütün sahələrini əhatə etməklə yanaşı, dövrün ən vacib hesab edilən mövzularına, cəmiyyətdəki nöqsan və çatışmazlıqlara da toxunulurdu. Məsələn, mən o dövrdə "Zəngəzur gülüşləri" başlığı altında məqalə, Qərbi Azərbaycanın təbiətindən, orada yaşayan yaradıcı müəllimlərdən yazırdım, eyni zamanda  redaksiyamızın poçtuna daxil olan zəif  yaradıcılıq nümunələrini tənqid edirdim. Bəli, qeyd etdiyim kimi, bizim qəzet hər şeydən ətraflı, dürüst, doğru yazılar verirdi və ölkə  ictimaiyyəti tərəfindən maraqla oxunan, xüsusi çəkisi olan mətbu orqan idi. Çox xoşbəxtəm  ki, vaxtilə  belə nüfuzlu qəzetdə işləmişəm, imzam tanınıb və  oxucular tərəfindən sevilmişəm. Mənim peşəkar jurnalist kimi formalaşmağım da, ən  gözəl anlarım da "Azərbaycan müəllimi" ilə bağlıdır. Qəzetin keçmiş əməkdaşlarından  olan Əfruz Fərzəliyeva ilə tez-tez telefon əlaqəsi saxlayıb ötən günlərimizi xatırlayırıq”.

"Mənim ikinci universitetim "Azərbaycan müəllimi" qəzeti oldu"

Flora Xəlilzadə ailə səadətini, analıq duyğusunu da “Azərbaycan müəllimi” qəzetində yaşayıb. Ən xoşbəxt anlarının şahidləri, hər zaman ona dəstək verənləri isə doğma kollektivi, jurnalist həmkarları olub. Ona ana-bacı qayğısı göstəriblər. Biri-birindən köməyini əsirgəməyən mehriban bir kollektivləri olub: "O dövrdə xoşbəxtliyimi, bəxtəvərliyimi də "Azərbaycan müəllimi" qəzetində işlədiyim vaxtlarda tapdım və yaşadım".  

O, çətin günlərlə də sınağa çəkilib. 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası başlandı. Bizim soydaşlarımız mənfur qonşularımız tərəfindən öz doğma yurdlarından, obasından-evindən didərgin salındılar. Flora xanım söyləyir ki, həmin illərdə onun anasını da ermənilər soyuq, şaxtalı bir gündə gətirib qarın içinə atdılar: "O zamanlar nələr yaşadığımı bir Allah bilir. Onda da "Azərbaycan müəllimi" qəzetinin əməkdaşları mənə dəstək oldular. Mənim qolumdan tutdular, yanımda oldular. Mən bunu unuda bilmərəm".

Daha sonra üzünü mənə tutaraq, “Sən də o zamanlar bizim ən gənc jurnalistimiz idin. Görürdün ki, günümüzün çox hissəsi işdə keçir. Hamının bir-birinin qolundan tutmaq, kömək etmək həvəsi var idi", - söyləyir.

"Jurnalistlik fəaliyyətinizin 15 ilini bu qəzetdə keçirmiş, sonradan müxtəlif yerlərdə, yüksək vəzifələrdə çalışmış bir şəxs olaraq dönüb geriyə baxanda nə hisslər keçirirsiniz" - sualıma Flora xanım yenə də özünəməxsus cavabı ilə seçilir: "Mənim ikinci universitetim "Azərbaycan müəllimi" qəzeti oldu. Həm öyrədənlərdən yazırdım, həm də özüm öyrənirdim. Bilirsən, Jurnalistika fakültəsi adama qələm vermir, bu fakültəsi sənə müəyyən elmi biliklər verir, öyrədir. İstedadın varsa, işlədiyin yerdə o formalaşmalıdır. Bunu da mənə işlədiyim "Azərbaycan müəllimi" qəzeti öyrətdi. Nə xoş mənə ki, ilk iş yerimdə təcrübəli, peşəkar jurnalistlərlə çiyin-çiyinə çalışdım. Hər nömrəsini müəllimlərin, ziyalıların, bütövlükdə təhsil ictimaiyyətinin böyük maraqla izlədiyi bir qəzetdə işlədim. 

Maraqlısı odur ki, o dövrlərdə qəzetimizdə təcrübə keçməyə gələn jurnalistika fakültəsinin tələbələri də öyrənməyə, yaxşı qələm sahibinin yanında olmağa, gözəl yazılar yazmağa daha həvəsli idilər. Jurnalistika fakültəsində mənə dərs demiş mərhum müəllimim Tofiq Rüstəmovu bu gün də böyük məhəbbətlə xatırlayıram. O bizə "Ədəbi redaktənin əsasları"ndan dərs deyirdi. Mən ondan yazını necə redaktə edərək yazmağı öyrəndim. Bu gün də danışanda belə, redaktə təcrübəm köməyimə gəlir. Bilirsən, yaxşı jurnalistin televiziyaya gəlməsi uğurdur, amma televiziyadan qəzetə getmək uğursuzluqdur. Mən bunu peşəkarlıq nöqteyi-nəzərdən söyləyirəm. Yazmaq, redaktəni bilmək əsl jurnalistin hər zaman qolundan tutacaq. Jurnalist daha gözəl, oxunaqlı yazacaq, imzası tanınacaq, fərqlənəcək".                   

Qəzet 90 illik təhsil ənənələrimizi layiqincə qoruyub

Flora Xəlilzadə Azərbaycan təhsilinin inkişafında "Azərbaycan müəllimi"nin rolunun əvəzsiz, bu pedaqoji mətbu orqanın təhsilimizin uzunillik tarixi salnaməsi olduğunu xüsusi vurğulayır: "90 illik təhsil tarixi olan "Azərbaycan müəllimi" bir məktəbdir. Bu məktəbin bünövrəsi sağlam təməllər üzərində qoyulub. Mən doğma qəzetimə uzunömürlülük, redaksiya kollektivinə, sözün əsl mənasında qələmə bağlı olan həmkarlarıma cansağlığı, yaradıcılıq uğurları arzulayıram. Oxucu sevginiz davamlı olsun”. 

90 yaşın mübarək, doğma qəzetimiz "AZƏRBAYCAN MÜƏLLİMİ". 

Xəbər lenti

4 dekabr, 12:12
4

Tural Əhmədov: Məktəbəqədər təhsil uşağın növbəti pillələrdə daha uğurlu olmasına təsir edir

4 dekabr, 11:47
15

Emin Əmrullayev: Bağçalarda təhsil komponentinə az diqqət yetirilir 

4 dekabr, 11:35
9

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən ixtisas seçimi

4 dekabr, 11:21
17

Uşaqların 80-90 faizi ən azı, bir il məktəbəqədər təhsilə cəlb edilir – Emin Əmrullayev

4 dekabr, 11:12
19

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

4 dekabr, 11:05
14

Felesiti Gilespi: Uşağın 22 aylıq inkişafı 26 yaşındakı təhsil göstəricisini müəyyən edir

4 dekabr, 10:52
12
4 dekabr, 10:44
9

""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 10:30
21

İxtisasların yeni təsnifatı diplomların tanınmasına necə təsir edəcək? - AÇIQLAMA

4 dekabr, 10:26
31

Afət Süleymanova: Fəaliyyətimin əhəmiyyətini elə təqdim etdilər ki, həyat hesabatımı yüngülləşdirdilər

4 dekabr, 10:16
11

ATU “Zəyəm Texnologiyaları Parkı” ilə əməkdaşlığa başlayıb

4 dekabr, 10:05
10

BDU-da “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi olub

4 dekabr, 10:03
10

“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir

4 dekabr, 09:59
10

İSİ-də Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib

4 dekabr, 09:54
10

“COP29 - Azərbaycanda” qrant layihəsi çərçivəsində təlim keçirilib

4 dekabr, 09:37
11

Elm və təhsil nazirinin müavini Mavritaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

4 dekabr, 09:33
12

Riyaziyyatın əyləncəli və öyrədici təşkili ilə bağlı layihə icra olunur

4 dekabr, 09:29
9

“Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun təlim görüşləri davam edir

4 dekabr, 09:16
16

Rusiyada məktəb zəngləri klassik musiqi və populyar mahnılarla əvəzlənəcək

4 dekabr, 09:12
15

Harvard Universitetinin alimləri ürək xəstəlikləri riskini azaldan "sirr"i aşkar ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.