4 dekabr 2024

Bütün xəbərlər
test
31 may, 14:36
27

Vahid Əziz: “Elm və Təhsil Nazirliyi tərəfindən müəllim seçiminə daha həssas və məsuliyyətlə yanaşılmasını alqışlayıram”

Tarixən Azərbaycan xalqı  böyük  nəsihətinə, ağsaqqal, ziyalı sözünə xüsusi önəm verib. Ziyalı kimdir? - sualını belə səciyyələndirmək olar: Ziyalı yaşadığımız cəmiyyətdə, ətraf aləmdə, həyatda baş verən hadisə və prosesləri düzgün şəkildə təhlil etməyi bacaran və ictimai rəyin formalaşmasında  mühüm rolu olan insanlara düzgün  yol göstərəndir. Bu, tarixən  belə olub, indi də belədir və  düşünürük  ki, bizim hər zaman ağsaqqal, ziyalı sözünə ehtiyacımız olacaq.  İctimaiyyət arasında yüksək nüfuz sahibi olan, tanınmış, sayılıb-seçilən  ziyalılarımızın Azərbaycan təhsili, məktəbi, eləcə də böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi ilə bağlı  fikirlərini, tövsiyələrini oxucularımızla bölüşmələri üçün bir vaxtlar qəzetimizin ən maraqla oxunan “Ziyalı sözü” rubrikasına yenidən start veririk. Rubrikamızın ilk qonağı Xalq şairi Vahid Əzizdir.

“Anamı nadincliyimə görə məktəbə çağırardılar”

- Vahid müəllim, söhbətimizə elə məktəb illərinizdən başlayaq. Necə şagird olmusunuz?

- Mən Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində anadan olsam da ailə vəziyyətimizlə bağlı Tərtər rayonuna köçmüşdük. Təhsilimin ilk 3 ilini Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə almışam. Atamın işi ilə əlaqədar sonradan bir müddət Şaumyankənddə, daha sonra Ağdərədə orta məktəbə getdim. Artıq 8-ci sinifdən yenidən öz doğma təhsil ocağıma  - Tərtər şəhər 1 nömrəli tam orta məktəbə qayıtdım və yuxarı sinifləri orada davam etdirdim.

Səmimi etiraf edim ki, nadinc olmuşam, sinifdə şuluq salan vaxtlarım da olub.  “2”, hətta “1” qiymət belə alan vaxtlarım olub. Bəzən anamı nadincliyimə görə məktəbə çağırardılar. Xaraktercə mübariz  idim, sözümü deməyi bacarırdım, özümü və ətrafımdakı yoldaşlarımı hər zaman haqsızlıqlardan qorumağa çalışmışam.

“Ən çox fizika və astronomiya fənlərini sevirdim”

- Məktəb təlim-tərbiyə prosesinin vəhdətdə olduğu bir məkandır. Siz necə, bu məkandan yetərincə bəhrələnə bilmisinizmi?

- Təbii ki, bəhrələnmişəm. Ən çox fizika və astronomiya fənlərini sevmişəm, riyaziyyatla o qədər aram olmayıb. Ədəbiyyat da sevimli fənnim olub. Baxmayaraq ki, məktəbdə  rus dilində oxumuşam, ancaq  Azərbaycan dilini də yaxşı bilmişəm.

Fizikadan  təcrübələr  aparmağı xoşlayırdım. Yadımdadır, Şaumyankənd məktəbində oxuyanda bizim kəndə o zaman Azərbaycan SSR maarif naziri olan, görkəmli yazıçımız Mirzə İbrahimov gəlmişdi. Atam o vaxtı rayspolkomun sədri idi. Mirzə İbrahimov bizim evdə qonaq oldu. O məktəbimizə gəlmişdi. Aşağı sinifdə oxumağıma baxmayaraq  onunla  keçirilən görüşdə mən 10-cu sinif şagirdləri ilə birlikdə məktəbimizin fizika laboratoriyasında müəyyən təcrübələr apardım.

Sizə açıq  etiraf edim ki, istər Şaumyankənddə, istərsə də Tərtərdə təhsil aldığım məktəblərin  fizika, kimya  laboratoriyalarında yaradılan şəraiti, texniki təchizatı, ən müasir cihazlarla təminatı sonralar ali təhsil aldığım Politexnik İnstitutunda  belə görmədim.

“Bəzən müəllimlərimi hirsləndirmişəm”

- Müəllimlərinizi heç incitmisinizmi?

- Şagirddən heç inciməyən müəllim var ki? Təbii ki, incitmişəm. Dərsi bilmədiyimə görə, bəzən də sinifdə şuluq saldığıma görə, müəllimlərimi hirsləndirmişəm.

Mən sizə deyim ki, bizim dövrümüzdə tərbiyə məsələləri xüsusi diqqətdə saxlanılırdı. Çox qəribədir ki, indi də özümlə bağlı xatirələri yada salanda üzümdə gülüş yaranır. Məktəbdə qulağımı da dartıblar, necə deyərlər şapalaq da “yemişəm”, üstümə qışqırıblar da.

Bilirsiniz, mən deyərdim ki, müəllim şapalağı ana şapalağı kimidir, incitmir. Və mən də məktəbdə müəllimimin vurduğu şapalağı  sanki anam vurur kimi qəbul etmişəm.

İndi bizim məktəblərdə belə hal baş verdikdə təfərrüat  belə öyrənilmədən, haqlı və haqsız tərəflər aydınlaşdırılmadan ata-ana bunun izahını, ilk növbədə, övladından deyil, məktəb rəhbərliyindən, müəllimdən soruşur.

“3-cü kursda oxuyanda şeirimə bəstələnmiş mahnını Şövkət Ələkbərova oxudu”

- Politexnik İnstitutunda oxudunuz, amma şair oldunuz. Şairliyiniz mühəndislik arzunuzu üstələdi. Səbəb nə oldu?

- Məktəb illərindən  mühəndisliyə böyük marağım var idi. Məktəb vaxtı təyyarə maketləri düzəldirdim. Mühəndis olmaq arzusu ilə sənədlərimi Politexnik İnstitutuna verdim və qəbul olundum. İnstitutda oxuduğum vaxtlarda ilahi vergi idimi, nə idi, adını belə qoya bilmirəm. Bir də gördüm ki, şeirlər yazmağa başlamışam. İlk şeirimi Politexnik İnstitutunun 2-ci kursunda oxuyanda qələmə almışam. Onu deyim ki, mən çoxlu ədəbiyyat oxuyurdum, mütaliəm güclü idi. 3-cü kursda mənim “Mehribanım” şeirimə bəstələnmiş mahnını  Xalq artisti  Şövkət Ələkbərova oxudu və 4-cü kursda kitabım çıxdı. Xalq şairi Rəsul Rzanın mənim haqqımda “Vahid Əzizin şeirləri qibtə oyadacaq qədər poetikdir”, - deməsi ilə məndə  şeir yazmaq həvəsi getdikcə artdı və ondan sonra şeirlərim ard-arda sıralandı…

“Yaxşı müəllimin yaxşı şagirdləri olur”

- Mütəmadi olaraq məktəblərdə, ali təhsil müəssisələrində şagird, müəllim, tələbələrlə görüşləriniz olur. Bir ziyalı olaraq Azərbaycan təhsilini necə qiymətləndirərdiniz?

- Mən bu gün nəyin fərqindəyəm? Azərbaycan təhsili günü-gündən inkişaf edir, bir sıra uğurlu layihələr həyata keçirilir, yeniliklər tətbiq edilir. Ölkə başçısı İlham Əliyev tərəfindən təhsilə, elmin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondunun  təhsillə bağlı uğurlu layihələri həyata keçirilir, məktəb infrastrukturu yenilənir. Ölkəmizin bütün bölgələrində təzə məktəblər, məktəbəqədər təhsil müəssisələri inşa olunur. Azərbaycan gəncləri Dövlət Proqramı çərçivəsində  dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alırlar. Həmin gənclər Azərbaycanımızın gələcək potensialıdır.

Elm və Təhsil Nazirliyi tərəfindən həm  müəllimlərimizin işə qəbulu müsabiqəsinin, həm də sertifikatlaşdırma prosesinin aparılmasını bir ziyalı olaraq tam dəstəkləyirəm. Və mən görürəm ki, bu gün müəllim peşəsi necə rəqabətlidir.

Bilirsiniz, ali təhsil müəssisəsini bitirmək hələ o gəncin yaxşı müəllim olmasının göstəricisi deyil. Yaxşı müəllim öz təcrübəsi, yüksək bilik və bacarığı, səriştəsi və peşəkarlığı ilə tanınır. Və müəllimlərin işə qəbulu müsabiqəsi də sadaladığım meyarlara cavab verə biləcək təhsil işçilərimizin məhz müəllim kimi fəaliyyətinə imkan yaradır. Müəllim daim öyrənməli, öz üzərində işləməli və yaradıcı olmalıdır. Sertifikatlaşdırma prosesi də məhz belə müəllimlərin təhsil müəssisələrimizdə olmasına imkan yaradır. Bu gün müəllimlərimiz daha peşəkar, yüksək bilik və kompetensiyalara malikdir. Yaxşı müəllimin yaxşı şagirdləri olur. Və mən sevinirəm ki, bizim  təhsil müəssisələrində gözəl, işinin fanatı olan, səriştəli, peşəkar müəllim ordusu formalaşıb.

Birmənalı olaraq mən Elm və Təhsil Nazirliyi tərəfindən müəllim seçiminə daha həssas və məsuliyyətlə yanaşılmasını alqışlayır, bəyənirəm.

Müəllimlərimiz daha yaradıcıdırlar

- Elə bu fikirlərinizin davamı olaraq sizin dövrün pedaqoqları ilə indiki müəllimləri müqayisə etsəniz nə kimi fərqlilikləri və ya oxşarlıqları görürsünüz?

- Bizim dövrün müəllimləri də kifayət qədər savadlı və bilikli olublar. Onların sələfləri olan indiki müəllimlər də təbii ki, yaşadığımız dövrün təhsil sisteminə uyğun formalaşmış, yüksək bilik və bacarıqlara malik pedaqoqlardır. Öz üzərlərində çalışır və daha məsuliyyətlidirlər. Təhsilverənlərimiz kifayət qədər informasiyaya malik müasir şagirdlərlə işləyirlər və onların yaxşı müəllim olmamağa haqqı yoxdur. Hazırkı müəllimlərimizin pedaqoji ustalığı yüksəkdir və daha yaradıcıdırlar, eyni zamanda şagirdlərə qarşı olduqca humanistdirlər.

“Biz uşaqların daha çox mütaliə etməsinə çalışmalıyıq”

- Vahid müəllim, bu gün ümumtəhsil müəssisələrində tədris olunan ədəbiyyat dərslikləri ilə tanışsınızmı və sizi qane edirmi? Burada daha çox nələrin əksini tapmasını istərdiniz?

- Dərsliklərə imkan olduqca baxmışam. Düşünürəm ki, dərslik müəllim və şagird üçündürsə, ilk növbədə, onlara fənnin tədrisi zamanı, eləcə də gələcəkdə qəbul imtahanında lazım olacaq yazıçı və şairlər, onların əsərləri  öz əksini tapmalıdır.  Eyni zamanda biz dərsliklərdə Azərbaycan, eləcə də dünya klassiklərinin yaradıcılığına yer veririksə, çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri də olmalıdır. Tərcümə məsələlərində də diqqətli olmaq lazımdır.

Dərsliklər  elə yazılmalıdır ki, o nə şagirdin, nə də müəllimin əlindən düşməsin.

Yaxşı olardı ki, pilot layihə kimi bir neçə məktəbdə müəllimlər, şagirdlər arasında sorğular keçirildikdən və onların fikirləri öyrənildikdən sonra ədəbiyyat dərslikləri yazılsın, özü də daha anlaşıqlı, sadə dildə olsun.

Biz uşaqların daha çox mütaliə etməsinə çalışmalıyıq. Bu gün onların həyatlarında  kitab  demək olar ki, arxa plana keçib. Məktəblərdə müəllimlər, ailələrdə valideynlər övladında kitaba sevgi, maraq oyatmalıdırlar. Bu gün yeniyetmə və gənclərimiz arasında ünsiyyət, fikir mübadilələri, diskussiyalar  aparmaq kimi vərdişlər aşılanmalıdır.

“Valideyn övladının təməlini sağlam qoyarsa mühitin mənfi təsiri də az olar”

- Gənc nəslin tərbiyəsində ailə, məktəb və mühit. Bunlardan hansını başlıca hesab edirsiniz?

- Əlbəttə ki, ailəni. Məhz tərbiyənin bünövrəsi ailədə qoyulur. Valideyn övladının təməlini sağlam qoyarsa mühitin mənfi təsiri də az olar. Uşaq heç bir təsir altına düşməz. Ailə tərbiyəsi sanki immunitetdir. Bilirsiniz ki, immunitet yüksək olan insanın da müxtəlif xəstəliklərə tutulma ehtimalı olduqca azdır. Mənim sözüm valideynlərədir. Uşaqlarınızı düzgün tərbiyə edin, məsuliyyətli böyüdün, ərköyünləşdirməyin.

Sağlam təməllər üzərində qurulan ailənin uşaqları ən yüksək tərbiyəyə malik olurlar. Əgər ailədə hər zaman dedi-qodu, söz-söhbət, narahatçılıq varsa o mühitdə böyüyən uşaqlardan yüksək davranış və mədəniyyət gözləyə bilmərik. Və həmin uşaq məktəbdə, ali təhsil müəssisəsində ümumiyyətlə, olduğu hər yerdə ətrafındakılara problem yaradacaq. Uşağı ərköyün böyütmək olmaz. Nə istəyirsə dərhal yerinə yetirilməsi də düzgün deyil. Uşağı həyata hazırlamaq lazımdır.

Mən 9-cu sinifdə oxuyanda atamı itirmişəm. Baxmayaraq ki, yaşım o qədər də çox deyildi, amma məni gözləyən çətinliklərə hazır idim və necə deyərlər, ayaqda durmağı, istənilən yerdə özümü müdafiə etməyi bacarırdım.

- Müəllim-şagird, müəllim-tələbə münasibətlərini necə görmək istərdiniz?

- Əlbəttə ki, tərəflər arasında, ilk növbədə, sağlam bünövrə üzərində qurulmuş səmimi, dost münasibətin olmasını istərdim. Bunun üçün isə qeyd etdiyim kimi, şagird, tələbə evdən düzgün verilmiş tərbiyə ilə gəlməlidir. Müəllim-şagird-tələbə münasibətlərinin kökü də ailədən qaynaqlanır.

“Bizim vətənpərvər, qüdrətli bir gənc nəslimiz formalaşıb”

- Bütövlükdə, bu günün yeniyetmə və gənclərindən razısınızmı?

- İlk olaraq xüsusi vurğulayım ki, bu gün  çox gözəl nəsil yetişməkdədir. Yeniyetmələrimizin xoş sorağı dünyanın müxtəlif bilik yarışlarından, olimpiadalarından gəlir. Onların gözəl təlim-tərbiyə  almaları üçün  dövlətimiz tərəfindən hər cür imkanlar yaradılıb.

Gənclərimiz istər  İkinci Qarabağ müharibəsində, istərsə də  və antiterror əməliyyatında, ərazi bütövlüyümüzün bərpasında əsl qəhrəmanlıq nümayiş etdirdilər. Bu gün bizim vətənpərvər, qüdrətli bir gənc nəslimiz formalaşıb, onunla fəxr etməliyik.

Bir ziyalı kimi mən də fəxarət hissi keçirirəm ki, Azərbaycanın çox intellektual, eyni zamanda öz Vətənini, torpağını canından artıq sevən, gəncliyi yetişir.

Bəli, vətənpərvər gəncliyimiz  xalqımızın qürur mənbəyidir.

- Vahid Əzizin demək istədiyi son söz...

- Həyatda uğura nail olmağın yolu təhsildən və əzmkarlıqdan keçir. Təhsilimizə, məktəbimizə, müəllimlərimizə dəyər verək. Onlar bizim gələcəyimiz olan gənclərimizi bir şəxsiyyət olaraq  formalaşdırırlar.

Üzümü gənclərə tutub demək istəyirəm ki, hər zaman oxuyun, elmli olun. Savadlı insan özünə arxayın və cəsarətli olur.

Məktəb zirvələrə gedən pillədir, qalan elmləri həyat öyrədir.

Xəbər lenti

4 dekabr, 12:12
4

Tural Əhmədov: Məktəbəqədər təhsil uşağın növbəti pillələrdə daha uğurlu olmasına təsir edir

4 dekabr, 11:47
15

Emin Əmrullayev: Bağçalarda təhsil komponentinə az diqqət yetirilir 

4 dekabr, 11:35
9

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən ixtisas seçimi

4 dekabr, 11:21
17

Uşaqların 80-90 faizi ən azı, bir il məktəbəqədər təhsilə cəlb edilir – Emin Əmrullayev

4 dekabr, 11:12
20

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

4 dekabr, 11:05
14

Felesiti Gilespi: Uşağın 22 aylıq inkişafı 26 yaşındakı təhsil göstəricisini müəyyən edir

4 dekabr, 10:52
12
4 dekabr, 10:44
9

""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 10:30
21

İxtisasların yeni təsnifatı diplomların tanınmasına necə təsir edəcək? - AÇIQLAMA

4 dekabr, 10:26
31

Afət Süleymanova: Fəaliyyətimin əhəmiyyətini elə təqdim etdilər ki, həyat hesabatımı yüngülləşdirdilər

4 dekabr, 10:16
11

ATU “Zəyəm Texnologiyaları Parkı” ilə əməkdaşlığa başlayıb

4 dekabr, 10:05
10

BDU-da “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi olub

4 dekabr, 10:03
10

“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir

4 dekabr, 09:59
10

İSİ-də Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib

4 dekabr, 09:54
10

“COP29 - Azərbaycanda” qrant layihəsi çərçivəsində təlim keçirilib

4 dekabr, 09:37
11

Elm və təhsil nazirinin müavini Mavritaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

4 dekabr, 09:33
12

Riyaziyyatın əyləncəli və öyrədici təşkili ilə bağlı layihə icra olunur

4 dekabr, 09:29
9

“Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun təlim görüşləri davam edir

4 dekabr, 09:16
16

Rusiyada məktəb zəngləri klassik musiqi və populyar mahnılarla əvəzlənəcək

4 dekabr, 09:12
15

Harvard Universitetinin alimləri ürək xəstəlikləri riskini azaldan "sirr"i aşkar ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.