
Müasir dövrdə ali təhsilin yalnız nəzəri biliklərlə məhdudlaşmaması, eyni zamanda praktik və tətbiq yönümlü bacarıqların formalaşdırılması istiqamətində inkişaf etdirilməsi zərurətə çevrilib. Bu kontekstdə ali təhsil müəssisələri ilə sənaye müəssisələri, dövlət qurumları və biznes strukturları arasında əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət qazanır. Belə əməkdaşlıq təhsil prosesinin praktik yönümlü olmasını təmin etməklə yanaşı, elmi biliklərin istehsalat təcrübəsi ilə sintezini yaradır və ölkənin sənaye potensialına töhfə verə biləcək peşəkar kadrların hazırlanmasına, eləcə də iqtisadiyyatın və sənaye sektorunun inkişafına xidmət edir. Bu baxımdan universitetimizdə əmək bazarının dəyişkən tələblərinə cavab verən, müasir texnologiyalardan və innovativ metodlardan istifadə edən, beynəlxalq standartlara uyğun mütəxəssislər yetişdirən ali təhsil mühitinin formalaşdırılmasına xüsusi diqqət yetirilir.
Mingəçevir Dövlət Universiteti olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 955 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı, habelə 2021-ci il 2 fevral tarixli 2469 nömrəli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında Sərəncamını əsas götürərək, “Universitet–sənaye” əməkdaşlığının inkişaf etdirilməsini strateji hədəf kimi müəyyən etmişik. Bu istiqamətdə 10 ixtisas üzrə 20-dən çox dövlət qurumu və özəl sektor subyektləri ilə qarşılıqlı əlaqələr qurulmuş, tədris planlarının və fənn sillabuslarının təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq memorandumları imzalanıb.
“Universitet–sənaye” əməkdaşlığının əsas prioritetlərindən biri tələbələrin real sektorda tələb olunan bilik və bacarıqlara yiyələnməsini təmin edəcək təhsil proqramlarının hazırlanmasıdır. Bu prosesdə tərəfdaş dövlət və özəl qurumların rəyləri nəzərə alınmış, fənn proqramları isə daha praktik, innovativ və müasir çağırışlara cavab verən məzmun kəsb edib. Məsələn, “Qafqaz-Qəbələ” MMC ilə birlikdə turizm ixtisaslarının bakalavr pilləsi üzrə tədris planlarına Opera PMS (Oracle Hospitality Opera), RoomRaccoon və Hotelogix kimi otel idarəetmə sistemləri daxil edilib və bu proqramların tədrisinə başlanıb. Eyni zamanda, istehsalat təcrübəsinin müddəti turizm mövsümünün spesifik tələblərinə uyğunlaşdırılıb, 2025/2026-cı akademik ildən isə tələbələrin Türkiyə Respublikasında müvafiq sahə üzrə təcrübə keçmələri planlaşdırılıb.
Mingəçevir Dövlət Universiteti ilə yerli enerji istehsalçısı olan “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC arasında qurulmuş strateji əməkdaşlıq çərçivəsində mühüm akademik və praktik yeniliklər reallaşdırılıb. Nəticədə “Elektrik və elektronika mühəndisliyi” və “Energetika mühəndisliyi” ixtisaslarının bakalavr pilləsi üzrə tədris planları müasir tələblərə uyğun şəkildə yenidən işlənib. Yeni proqramlara sənayedə tətbiq edilən qabaqcıl texnologiyaların mənimsənilməsini təmin edən fənlər əlavə olunub, mövcud sillabuslara isə müəssisədə tətbiq olunan innovativ texnologiyaların öyrənilməsinə imkan verən bölmələr daxil edilib. Bu yanaşma tələbələrin nəzəri bilikləri praktiki bacarıqlarla tamamlamasına, real istehsalat proseslərini isə birbaşa öyrənməsinə şərait yaradır.
Əməkdaşlığın davamlı inkişafı çərçivəsində “Energetika mühəndisliyi” ixtisası üzrə magistratura pilləsində təhsil alan tələbələrin bir sıra dərsləri “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin Tədris Mərkəzində təşkil olunur. Təlim prosesinə müəssisənin yüksəkixtisaslı mütəxəssisləri də cəlb edilir ki, bu da nəzəri biliklərin praktiki bacarıqlarla inteqrasiyasına və magistrlərin peşəkar inkişafına xidmət edir. Eyni zamanda, magistrantların elmi-tədqiqat fəaliyyətlərinin real istehsalat mühiti ilə əlaqələndirilməsi nəzərdə tutulur. Dissertasiya mövzularının birbaşa müəssisənin mühəndis və texniki heyəti tərəfindən müəyyən edilməsi, onların istehsalatın aktual problemlərinə uyğun istiqamətlərdə aparılması planlaşdırılır. Bu yanaşma həm sənayenin tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına, həm də universitetin tətbiqyönümlü elmi potensialının güclənməsinə töhfə verir.
Enerji sektorunda əməkdaşlığın daha bir nümunəsi Mingəçevir Dövlət Universiteti ilə “AzərEnerji” ASC-nin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin Laboratoriya Mərkəzi – Mingəçevir Regional Sınaq və Diaqnostika Mərkəzi arasında qurulmuş əməkdaşlıqdır. Bu çərçivədə universitetin Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə bakalavr tələbələrinin iştirakı ilə ixtisaslaşmış İşçi Qrupu yaradılıb. İşçi Qrupun fəaliyyəti tələbələrin real sənaye proseslərinə cəlb edilməsinə, ekoloji monitorinq və laborator analiz bacarıqlarının inkişafına, hüquqi-normativ sənədlərlə işləmək və ekoloji qiymətləndirmə aparmaq sahələrində praktiki biliklər əldə etməsinə imkan yaradır. Onların ABTH və BBAH kimi sənədlərin hazırlanmasında iştirak etməsi isə gələcəkdə müvafiq sahələr üzrə peşəkar mütəxəssis kimi əmək bazarına inteqrasiyasını asanlaşdırır.
Müasir dövrdə İKT-nin və rəqəmsallaşmanın sürətli inkişafı təhsil sistemində yeni təlim modellərinin tətbiqini zəruri edir. Bu baxımdan “Universitet–sənaye” əməkdaşlığı modeli texnologiya yönümlü biliklərin real sektorla inteqrasiyası və rəqabətqabiliyyətli kadrların hazırlanması baxımından xüsusi aktuallıq kəsb edir. Mingəçevir Dövlət Universitetinin “Cisco Networking Academy” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə imzaladığı memorandum da bu istiqamətdə strateji addım olub. Əməkdaşlıq nəticəsində universitetdə İKT ixtisaslarında tədris aparan müəllim heyətinin mütəmadi ixtisasartırması, sertifikatlaşdırılmış təlimlərə cəlb olunması və Kibertəhlükəsizlik Akademiyasının yaradılması nəzərdə tutulub. Bu təşəbbüs tələbələrin real kibertəhlükəsizlik layihələrində iştirakına, praktiki ssenarilərlə işləməsinə və beynəlxalq mütəxəssislərlə əməkdaşlıq etməsinə geniş imkanlar açır.
Nəticə etibarilə Mingəçevir Dövlət Universitetinin həyata keçirdiyi “Universitet–sənaye” əməkdaşlığı yalnız ali təhsildə texnologiya yönümlü transformasiyanın göstəricisi deyil, həm də sənaye ilə birgə inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 2025-ci il 24 oktyabr tarixində Mingəçevir şəhərində keçiriləcək “Regional Universitet–Sənaye Birliyi” tədbiri bu istiqamətdə daha geniş institusional çərçivələrin formalaşdırılmasına xidmət edəcəkd. Tədbir çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə əməkdaşlıq memorandumu da imzalanacaq.
Beləliklə, Mingəçevir Dövlət Universitetinin təşəbbüskarı olduğu bu platforma yalnız lokal deyil, həm də milli səviyyədə strateji əhəmiyyət daşıyır. Universitetlə sənaye müəssisələri arasında formalaşan çoxşaxəli əməkdaşlıq ali təhsilin keyfiyyətinin artırılmasına, biliklərin tətbiq dəyərinə çevrilməsinə və ölkənin bilik iqtisadiyyatına keçidinə mühüm töhfə verir.
Ceyhun MAHMUDOV,
Mingəçevir Dövlət Universiteti rektorunun tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə müşaviri
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər