Bütün xəbərlər
25 sentyabr, 11:14

Bu gün süni intellekt (Sİ) həyatımızın ayrılmaz hissəsinə çevrilib. Dərsliklərdən axtarış motorlarına, rəqəmsal köməkçilərdən ev tapşırıqlarını yerinə yetirən alətlərə qədər hər şey dəyişib. Xüsusilə uşaqlar bu alətlərlə daha erkən yaşlardan tanış olurlar.

Təsəvvür edin ki, bir uşaq ev tapşırığını edir. Əvvəllər saatlarla düşündüyü, araşdırma apardığı, səhv etdiyi və nəticə çıxardığı suallara indi sadəcə bir neçə kliklə cavab tapır. Əslində, bu bir tərəfdən süni intellektin uşaqlara yeni imkanlar açmaqla texnologiyanın gücünü göstərir. Digər tərəfdən isə müəyyən təzadlar yaradır. Pedaqoqlar belə qənaətdədirlər ki, bu “hazırcavab” dövrü uşaqların analiz etmə, tənqidi düşünmə və yaradıcılıq kimi əsas zehni bacarıqlarını kölgədə qoyur. Uşaq daim süni intellektə güvənirsə və cavabları özü axtarmaq əvəzinə alətə tapşırırsa, zamanla düşünmə və əlaqə qurma, analiz etmə qabiliyyəti zəifləyə bilər. Bu, xüsusilə erkən yaşlarda daha təhlükəlidir.

Təbii ki, bu zaman haqlı olaraq bir sıra suallar meydana çıxır. Doğrudanmı, uşaqlar süni intellekt vasitələrindən istifadə etdikləri zaman onların analiz və problem həlletmə bacarıqları zəifləyir, daha çox hazır cavablara arxayınlaşır, eyni zamanda, bu, onların tənqidi düşünmə qabiliyyətini azaldır? Texnologiyanın yaratdığı asılılıq, məsələn, “hər şeyin cavabını axtar” yanaşması, uşaqların düşünmədən nəticəyə gəlməsinə gətirirmi? Süni intellektlə tanışlıq onların düşünmə tərzini necə dəyişir? Böyüməkdə olan gənc nəsil daha ağıllı olur, yoxsa daha asan yolla düşünmədən nəticəyə çatmağı öyrənir? Valideynlər və müəllimlər uşaqların süni intellekt alətlərindən balanslı istifadəsini necə təmin edə bilərlər?

“Azərbaycan müəllimi” olaraq bu məsələlərə aydınlıq gətirmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, ekspert Fərid Kazımova müraciət etdik.

Təhsil sahəsində süni intellekt fərdi yanaşma tələb edir 

Süni intellektin artıq hər birimizin gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyini söyləyən Fərid Kazımov onun, xüsusilə uşaqları daha çox cəzb etdiyini deyir: “Süni intellektin üstünlükləri çoxdur. Məsələn, o bizlərə sürətli məlumat əldə etməyə, fərdi öyrənmə imkanlarına, yaradıcılığın və ideyaların inkişafına, verilən tapşırıqları maraqlı və interaktiv etməyə şərait yaradır”.

Ekspertin sözlərinə görə, təhsil sahəsində süni intellekt fərdi yanaşma tələb edir. Ondan istifadədə hər uşaq öz sürətində öyrənə bilir, maraq dairəsinə uyğun tapşırıqlar alır. Gündəlik həyatda isə Sİ uşaqlara məlumat tapmaq, sadə qərarlar vermək, oyun və yaradıcılıq üçün alətlər təqdim edir. 

Fərid Kazımov təhsildə süni intellektin istifadəsi ilə bağlı müəyyən məqamları diqqətdə saxlamağı vacib sayır. Ekspertin fikrincə, hər hansı bir məsələnin həllində süni intellekt köməkçi rolunda olmalıdır, uşağın yerini tutmamalıdır. Mənbələr həmişə yoxlanmalı, hər cavab tənqidi yanaşma ilə qiymətləndirilməlidir. Texnoloji tənzimləmələr də, xüsusilə yaş məhdudiyyəti, məlumatların qorunması və Sİ-nin etik istifadəsi baxımından mütləqdir. Bu tənzimləmələr uşağın təhlükəsiz və balanslı öyrənməsi üçün əsasdır. 

Ekspert də təsdiqləyir ki, bu texnologiyalardan yanlış istifadə analiz etmə bacarığını zəiflədə bilər. Belə ki, uşaq əgər hər şeyi Sİ-dən öyrənirsə, təhlil və müqayisə vərdişləri inkişaf etmir, öz təşəbbüsü və yaradıcılığı kölgədə qalır. Hər suala cavab axtarmırsa, hazır cavablara alışırsa bu zaman onun  düşünmə bacarığı azalır. Uşaqda asılılıq və passiv öyrənmə, tənbəllik, yaradıcılığın zəifləməsi, diqqətin yayılması və konsentrasiyanın azalması halları da baş verir. İnsan beynini əzələyə bənzətmək olar, işlətməsən, zəifləyir.

Süni intellekt uşaqların tənqidi düşüncəsinə necə təsir edir?

Ekspert söyləyir ki, süni intellekt uşaqların tənqidi düşüncəsini həm gücləndirə, həm də zəiflədə bilər. Əgər uşaq hər deyəni sorğulamadan qəbul edirsə, Sİ onda sadəcə passiv vərdiş yaradır. Amma əksinə, əgər uşağa hər cavabı sorğulamağı öyrədəriksə, müxtəlif mənbələrdən məlumat almağa vərdiş edərsə, süni intellekt onun tənqidi düşüncəsini inkişaf etdirmək üçün çox güclü vasitə ola bilər. Belə ki, uşaq fərqli cavabları müqayisə edər, məlumatı yoxlayar, nəticəni özü çıxarar. Beləcə, analiz, təhliletmə və qərarvermə bacarıqları güclənər. Diqqət edilməsi vacib olan məqam odur ki, süni intellekt həmişə uşağın düşünmə prosesinə  əvəzedici yox, köməkçi olsun. Bu baxımdan, ondan istifadə valideyn və müəllimlərin düzgün nəzarəti ilə balanslaşdırılmalıdır.


     
Nəzarət qadağa ilə deyil, izahla həyata keçirilməlidir

Fərid Kazımovun sözlərinə görə, valideynlər uşağın süni intellektdən necə istifadə etdiyini kənardan müşahidə etməli, yeri gəldikdə ona suallar verməli və düzgün istiqamətləndirməyi bacarmalıdırlar. Müəllimlər isə tapşırıqları elə hazırlamalıdırlar ki, uşaq yalnız “copypaste” ilə nəticə ala bilməsin, həm də düşünərək və öz bacarığını işə salaraq həll etsin. Uşaq əvvəlcə özü cavab axtarmalı sonra isə süni intellektlə yoxlamalıdır. Bu yolla həm düşünmə bacarığı qorunur, həm də texnologiyanın imkanlarından necə faydalanmaq öyrədilir.

Həmsöhbətimiz bildirir ki, müəllim və valideynlər üçün süni intellekt uşağın inkişafını izləməkdə və dəstəkləməkdə bir alət rolunu oynamalıdır. Nəzarət qadağa ilə deyil, izahla həyata keçirilməlidir.

Süni intellekt təhsildə “beyin” rolunu oynayacaqsa, müəllim də hər zaman “ürək” rolunda qalacaq

“Süni intellekt artıq gələcəyin mövzusu deyil, bu günün reallığıdır”, – deyən ekspert əmindir ki, yaxın 5 ildə onun zərəri və ya faydası ilə bağlı cavabların verilməsinə ehtiyac qalmayacaq: “Çünki süni intellekt həyatımızın, təhsilimizin və bütövlükdə görəcəyimiz işlərin təbii elementi olacaq. Əsas məsələ, uşaqları indidən buna hazırlamaq və istiqamətləndirməkdir. Və bir məsələni də xüsusi vurğulamaq istərdim ki, süni intellekt nə qədər güclü olsa da, təhsilverəni əvəz edə bilməz. Müəllim uşağa sadəcə məlumat verən, bilik öyrədən deyil, ona istiqamət verən, şəxsiyyətini formalaşdıran, dəyərlər aşılayan bir şəxsdir. Süni intellekt dövründə müəllim faktoru daha da önəmli olacaq. Müəllim uşaqları yalnız texnologiyadan düzgün istifadə etməyi yox, həm də düşünməyi, empatiya, komanda qurmağı öyrətməkdə davam edəcək. Yəni süni intellekt təhsildə “beyin” rolunu oynayacaqsa, müəllim həmişə “ürək” rolunda qalacaq”.

Şərhlər

Xəbər lenti

25 sentyabr, 15:29

Millət vəkili: "TikTok" həyatın dibidir

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:59

"Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var" – Milət vəkili

25 sentyabr, 14:40

Elçin Mirzəbəyli: “Təhsil nə qədər var, problem də olacaq” – MÜSAHİBƏ

25 sentyabr, 14:39

Gələcəyin sənayesi üçün universitetlərin potensialı gücləndirilir

25 sentyabr, 14:02

Elm və təhsil nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

25 sentyabr, 13:21

Şərqi London Universiteti Bakıda filial aça bilər

25 sentyabr, 13:03

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

25 sentyabr, 13:02

Sinqapurlu prorektor: Süni intellektin tədrisdə istifadəsini düşünməliyik

25 sentyabr, 12:37

“Azərbaycan təhsildə keyfiyyət təminatı sahəsində ciddi irəliləyiş göstərib” – Olgun Çiçek

25 sentyabr, 12:20

Kristin Ozden: Tələbələr vaxt və məkan məhdudiyyəti olmadan öyrənə bilməlidirlər

25 sentyabr, 12:19

“THE Avrasiya Universitetləri Sammiti” öz işini panel müzakirələrlə davam etdirir

25 sentyabr, 12:10

Antonio Quttereş: Texnologiya ağamız deyil, xidmətçimiz olmalıdır

25 sentyabr, 11:59

“Yüksək nəticəni xüsusi hazırlıqsız da toplaya bilərsən” – MİQ-in müsahibəsində maksimal bal toplayanlar

25 sentyabr, 11:02

Rüfət Əzizov: Dayanıqlılıq universitetlərin strateji planlaşdırmasının rutin elementi olmalıdır

25 sentyabr, 10:54

Olgun Çiçek: Ali məktəblərin rəqabətdən əməkdaşlığa keçidi vacibdir

25 sentyabr, 10:47

BMU Şandonq Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.