Bütün xəbərlər
25 sentyabr, 14:40

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Elm və təhsil komitələrinin üzvü, millət vəkili Elçin Mirzəbəyli “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Yazıçı-publisist, siyasi analitik, jurnalist, siyasətçi. Elçin Mirzəbəyli, əslində, kimdir? Maraqlıdır, bunlardan daha çox hansında özünüzü tapırsınız?

– Bunların arasında ziddiyət yoxdur. Keçmişimlə bu günüm, bu günlə gələcək arasında necə harmoniya içərisində yaşayıramsa, bu işlərin də arasında harmoniya tapıram. Publisistəm, bu fəaliyyətimin siyasətə hər hansı formada aidiyyəti yoxdur, amma siyasi publisistik yazılarım var. Siyasi analitika ilə ömrüm boyu məşğul olmuşam və bu, gündəlik işimdir.

“Bacardığım şeylərin əksəriyyəti tərcümeyi-halımda yer almayıb”

– Bunu ona görə soruşdum ki, bir ixtisas üzrə oxuyub başqa bir ixtisas sahəsində yetişmisiniz. Amma maraqlıdır ki, hazırda həm ixtisas sahəniz üzrə, həm də yetişdiyiniz istiqamətlərdə fəaliyyətinizi davam etdirirsiniz.

– Dediyim kimi, ayrı ixtisas sahələri olsa da, komponentlər biri-birinə çox yaxındır. İxtisasımdan – rejissorluqdan söhbət gedirsə, onun əsasında analitika dayanır, amma siyasi proseslərdən yeganə fərqi ondan ibarətdir ki, dramaturji materialı təhlil edirsən və bu, bədii təxəyyülün məhsuludur. Siyasi proseslərdə isə göz önündə olan hadisələri informasiya əsasında faktoloji əsaslarla təhlil edirsən. Yenə də təhlildir, fərqi yoxdur. Birində insanın, obrazların xarakterini açmağa xidmət edən rejissor traktovkasını (rejissorun şərhi, izahı – red.) vermək üçün təhlil aparırsan, digərində sənin traktovkanın heç bir əhəmiyyəti yoxdur, proseslərdən çıxış edərək siyasi hadisələrə qiymət verirsən. Təhsil vacib amildir, ancaq insanın özünü yetişdirməsi məsələsi, məncə, ondan daha vacibdir. Fəaliyyət göstərdiyim sahə üzrə istər ölkə daxilində, istərsə də, ölkədən kənarda keçdiyim treninqlər, kurslar ölçülə bilən sayda deyil. Hətta özüm belə aldığım sertifikatları bir yerə yığanda hamısında necə iştirak etdiyimə, bunlara necə vaxt tapdığıma təəccüblənirəm. Bu da bir həqiqətdir ki, iştirakımı təsdiqləyən bu kağızlar özümə yox, kənardakılara vacibdir. İnsanın özü üçün vacib olan öz üzərində işləməyidir. Mən özümü yetişdirən siyasi analitikəm. Əsas iş istiqamətim bundan ibarətdir. 

Jurnalistikada da uzun illərdir ki, fəaliyyət göstərirəm. Tələbəlik illərindən, hətta ondan da öncə başlamışam. Yazmağı bacardığım, bu bacarığımı peşənin prinsiplərinə uyğunlaşdıra bildiyim üçün bu sahədəyəm. Tələbəlikdən radio fəaliyyətim olub, dövlət və özəl olmaqla, müxtəlif telekanallarda çalışmışam, sonuncu layihəm Xəzər televiziyasında “Xəzər Aktual” proqramı olub. Bir sözlə, ömrüm boyu eyni işdə çalışmışam, bütün işlərimin məcmusu siyasi analitika ilə bağlıdır. Çap mediasında 20 ilə yaxın baş redaktor olmuşam. İnternet resursları da daxil olmaqla, hər yerdə eyni işi görmüşəm. Özümü büruzə verməyə, göstərməyə çalışmışam. Azərbaycan Televiziyasında, “Space”də Müəllif proqramları departamentində işlədiyimiz filmlərin senarisini yazıb, rejissoru olmuşam. Elə indi də qısa hər hansı film hazırlasaq, ssenarisini özüm yazıb, montajını da mən edəcəyəm. Bacardığım şeylərin əksəriyyəti tərcümeyi-halımda yer almayıb. Texniki imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarıram. Yaşıma görə çevikliyim qiymətləndirilir. Tutaq ki, montaj sahəsində yeni proqram çıxırsa, onu qısa zamanda mənimsəyirəm. İnsan olaraq beləyəm, insanın resepti yoxdur axı.

– Maraqlıdır ki, ixtisasınız səhnə və səhnə sənətləri olub, bu sahə üzrə müəllimlik belə etmisiniz, amma sizinlə bağlı məlumatlarda nə vaxtsa müəllim olduğunuz yazılmayıb.

– Bəli, yoxdur. Birinci ixtisasım səhnə və səhnə sənətləridir. Bu sahə üzrə pedaqoji fəaliyyətlə də məşğul olmuşam, 5 il Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində dərs demişəm. Tələbələrim hazırda müxtəlif telekanallarda fəaliyyət göstərirlər. Özlərini həyatın müxtəlif sahələrində doğruldublar. Onlarla dostluğumuz bu günədək davam edir. Mədəniyyət Nazirliyində çalışmışam. Əsas insanın fəaliyyət istiqamətləri və əldə etdiyi təcrübə, qazandığı təcrübə ilə özünü göstərmək, təqdim etmək bacarığıdır. Təhsil də önəmlidir, ancaq nəzərə alsaq ki, sovet dövründə təhsil alan adamam, ixtisas dəyişmək üçün kurslardan keçmişəm. Bunlar haqqında xüsusi danışmaq istəmirəm və uzun zamandır ki, siyasi analitika və beynəlxalq münasibətlər üzrə formalaşmışam. 25 ildir, bu istiqamətdə fəaliyyət göstərirəm və fikirləşirəm ki, 25 il bir sahə haqqında ətraflı, fundamental biliklərə malik olmaq üçün yetərli zamandır. 

Ölkə ictimaiyyətinin 90 faizdən çoxunun geosiyasətlə bağlı anlayışının belə olmadığı bir dövrdə 2 il geosiyasət mövzusunda yeganə müəllif proqramının aparıcısı olmuşam. Bunun üçün fundamental nəzəriyyələri oxumuşam, özüm nəzəriyyələr yazmışam. Hesab edirəm ki, geosiyasi tədqiqatların aparılması üçün lazım olan bilgilərim yetərlidir və hətta çoxdur. Bu baxımdan ixtisasımın bura hər hansı aidiyyəti olduğunu düşünmürəm.

– Milli Məclisdə fəaliyyətiniz 2 komitəni əhatə edir. Hansı komitənin üzvü kimi daha aktivsiniz?

– Parlamentdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsindəyəm, çünki 25 il ərzində beynəlxalq münasibətlərin təhlili ilə məşğul olmuşam və bu məsələ bilavasitə işimə aid olan məsələdir. Elm və təhsil komitəsinə üzvlüyə gəlincə, bu, elmə və təhsilə münasibətimdən irəli gəlir. Jurnalistlik fəaliyyətim dövründə isə təhsildən ən çox publisistik yazılar yazan və bu sahəyə önəm verən bir şəxs olaraq bu gün Elm və təhsil komitəsində təmsil olunuram. Təhsil elə bir sahədir ki, hər kəs onun içərisindədir. Mən də bir vətəndaş kimi bu prosesi yaxından izləyirəm. Media sahəsində Əməkdar jurnalist kimi bu proseslə maraqlanıram. Təhsil mənim daim diqqət yetirdiyim, önəm verdiyim sahədir. 

Millətin gələcəyi ilə bağlı olan bir sahəyə peşəkar jurnalist və siyasətçi olaraq diqqət etmirsənsə, deməli, ölkənin hər probleminə biganəsən. Bu komitədə fəaliyyətimə gəlincə, qanunvericilik aktları ilə işləməyi, qanunları təhlil etmək, nəticə çıxartmağı bacarırsansa, işə töhfə verəcəksən. Digər yandan, Elm və təhsil komitəsində təmsil olunmaq üçün peşəkar təhsil mütəxəssisi olmağa ehtiyac yoxdur. Qanunvericiliklə işləyirik, uzun illər boyu siyasi partiyanın rəhbərliyində təmsil olunan, qurucularından biri olan şəxs kimi də bu sahə üzrə müxtəlif proqramların, seçki platformalarının hazırlanmasında iştirak etmişəm, hər zaman parlamentdə qanunvericilik təşəbbüsləri ilə çıxış edən təmsilçimiz olub. Beləliklə, təhsil sahəsi də daxil olmaqla, qanunvericilik aktları ilə təxminən 20 ildən artıq müddətdir ki, məşğulam. Bu komitədə olmağım həm də təmsil etdiyim rayonun təhsil sahəsinin inkişafına töhfə vermək niyyətimdən qaynaqlanır. Burada insanların təhsilə olan marağını nəzərə alaraq bu sahəni seçmişəm. Özümü hər zaman təhsilin dostu hesab etmişəm, düşünürəm ki, təhsil sahəsində çalışan insanlar da məni özlərinə dost bilirlər.

– Ümumiyyətlə, qanunlardan danışarkən bəzən boşluqlar olduğunu qeyd edir, işlək mexanizmin olmamağından gileylənirlər. Analitik olaraq layihəsini müzakirə etdiyiniz qanunların necə işləyəcəyini hesablaya bilirsiniz? İllərdir, inkişaf etdirdiyiniz analitik düşüncə tərziniz belə məqamlarda köməyinizə gəlir, faydasını hiss edirsiniz?

– Əlbəttə, təhlil etmək olur, çünki mexanizmləri bilirsən. İkincisi, müqayisəli şəkildə təhlil etmək vacib amillərdən biridir. Mövcud təcrübəni götürürsən, yaxın ölkələrin təcrübəsindən çıxış edərək həmin mexanizmlərin necə işlədiyini müəyyənləşdirərək təhlil aparırsan. Eyni zamanda, mental xüsusiyyətlər, qanunun yaratdığı çərçivənin təhsil prosesinə necə təsir göstərəcəyi də nəzərə alınmalıdır. Qanunvericilik təşəbbüsünün arxasında ümumi islahat prosesinə dəstək vermək və təhsilin inkişafına nail olmaq dayanırsa, məsələyə bu konteksdən yanaşıram. Amma ziddiyətlərin olması da mümkündür və bu zaman mövqeyimi bildirirəm.

– Bir az əvvəl seçicilərinizin təhsilə olan marağını nəzərə alaraq Elm və təhsil komitəsini seçdiyinizi vurğuladınız. Maraqlıdır, seçicilərinizdən nə tipli müraciətlər alırsınız, onlar daha çox nədən şikayətlənirlər?

– Ən çox müəllimlərin və direktorların işə qəbulu müsabiqələri, sertifikatlaşdırma, məktəblərin durumu ilə bağlı müraciətlər alıram. Ağsu rayonunda olduqca acınacaqlı vəziyyətdə olan məktəblər də var, müasir məktəblər də fəaliyyət göstərir. Kontrast var, bir yerdəki məktəb infrastrukturu təhsil üçün yararsızdır, rayonun başqa bir ərazisində ən müasir məktəb binası inşa olunub. Doğrudur, orda təhsilalanların sayı o qədər də çox deyil, daxili miqrasiya Ağsuda da özünü büruzə verir. 10 il bundan əvvəl məktəbdə 500 şagird təhsil alırdısa, indi onların sayı 200-ə enib. Odur ki, problemlərin mahiyyəti təkcə təhsillə bağlı deyil. Görüşləri, xüsusən səyyar vətəndaş qəbullarını məktəblərdə keçirirəm. Rayonda da bir çox hallarda təhsil sektorunda təşkil edilir. Əslində, bu, təhsilə olan münasibətin göstəricisi kimi də qiymətləndirilə bilər. Müəllimlərlə mütəmadi – ayda bir neçə dəfə görüşürəm. Görüşlərimiz sadəcə vətəndaş qəbulları ilə də məhdudlaşmır. Rayonda keçirilən görüşlərdə iştirak edirəm. Telefon nömrəmi hamı bilir, istər bu yolla, istər sosial şəbəkələr vasitəsilə əlaqə saxlayırlar. “Facebook” və “Instagram” üzərindən ünvanlanan bütün müraciətlərə özüm şəxsən cavab verirəm. İnsanlarla sosial şəbəkələr üzərindən də əlaqə qururam, təbii ki, profillər realdırsa.  

“Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var”

– Ağsunun problemi bir neçə kənd məktəbində təhsil üçün yararsız infrastrukturdur, bəs ümumiyyətlə, təhsildə ən böyük problem nəyi hesab edirsiniz?

– Bu bir az geniş sualdır. Təhsil nə qədər var, problem də olacaq. Elm və təhsil prosesi yerində sayan faktor deyil. Təhsil predmet deyil ki, masada qoyasan, qala, o, inkişaf etməlidir. Ətrafında gedən proseslər həyatın ritminə təsir göstərirsə, bəzi ixtisaslar silinib gedir, yeniləri yaranırsa, əmək bazarı müasir informasiya kommunikasiya texnologiyalarının inkişafına uyğun olaraq az qala hər gün dəyişirsə, təhsildə də problemlər olacaq. Fundamental problemlərə gəlincə, şəxsiyyətin formalaşması məni ən çox narahat edən problemlərdən biridir. Ola bilsin, bu, müəyyən ideoloji aspektlərin ön sırada olduğu sovet təhsil sistemindən çıxdığım üçün mənə belə gəlir. 

Bu gün insan yetişdirməkdən söhbət gedirsə, şəxsiyyət amili məktəbəhazırlıq prosesindən, birinci sinifdən başlayaraq ali təhsilin son pilləsinədək ön planda dayanmalıdır. Atomla bağlı sevdiyim bir fikir var: “İşıqlı düşüncənin daşıyıcısısansa, şəxsiyyətsənsə, atoma enerji mənbəyi kimi baxacaqsan, əks təqdirdə, dağıdıcı silah kimi”. Söhbət həm də milli-mənəvi dəyərlərə, ölkənin taleyinə münasibətdən, vətəndaşlıq qayəsindən gedir. İnsan şəxsiyyət kimi formalaşmayıbsa, nə qədər böyük elmi olursa-olsun, nəinki cəmiyyətə, ailəsinə də faydalı ola bilməz. Fikrimcə, şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var və onların aradan qaldırılması üçün təhsil prosesində, dərsliklərdə ciddi islahatlar aparılmalıdır. Elm və təhsil naziri Emin müəllim də bu məsələlərdən bəzilərinə toxundu. Xüsusən “Azərbaycan tarixi” dərslikləri ilə bağlı dediyi fikirləri çox bəyəndim. Çünki yanaşma tərzi doğrudur. Tarix dərsliklərində tarixin anlaşılan dildə deyil, ağır cümlə və ifadələrlə təqdim edilməsi uşaqları tarix kitablarından uzaqlaşdırır. Kiçik hekayələrlə tarixi anlatmaq, sevdirmək lazımdır. Bu yolla məktəblilərin tarix haqqında fikirlərinin formalaşmasına nail olmaq mümkündür. “Azərbaycan dili”, “Ədəbiyyat” dərsliklərinin məzmununa yenidən baxmaq lazımdır. Məzmunun təhsil prosesinin məqsədinə uyğun olması ilə yanaşı, ideoloji yükü də önəm kəsb edir. Şəxsiyyətin formalaşması amili təhsilin hər pilləsindən, hər dərs kitabından, bu kitablarda təqdim edilən kontentdən keçir. Hər məzmun şəxsiyyətin formalaşması prosesində iştirak etməlidir.

“Sevinirəm ki, müəllimlərimin əhəmiyyətli hissəsi kişilərdən ibarət idi”

– Müəllimliklə bağlı düşüncənizdə yaratdığınız bir obraz var hər halda. Müəllimliyi necə görürsünüz?

– Rusiyada təhsil aldığım dövrdə də 2 il pedaqoji təcrübə keçmişəm. Ümumi götürəndə 7 illik müəllimlik fəaliyyətim olub. Müəllimliyin resepti yoxdur, ola da bilməz, olmamalıdır. Hər şeydən əvvəl müəllim bir şəxsiyyətdir, ona bir obraz, standart, ölçü biçmək doğru deyil. Amma müəyyən tələblər var: müəllimin davranışı nümunə yaradır. 

Bizim xarakterimizin formalaşmağında orta məktəbdə dərs deyən müəllimlərimizin böyük rolu olub. Sevinirəm ki, müəllimlərimin əhəmiyyətli hissəsi kişilərdən ibarət idi. Bu, o illərdə mənimlə birlikdə təhsil alan başqa şagirdlərin həyatında da özünü büruzə verdi. Rayonda təhsil almışam və 26 nəfərin hamısı birinci il ali məktəbə qəbul oldu və onların hər biri ölkədə ayrı-ayrı sahələrdə yüksək səviyyəli mütəxəssislər olaraq çalışırlar. Aralarında kifayət qədər nüfuzlu həkimlər, professorlar var. Hər birimiz həyatın hər cür amansızlığına, çətinliyinə hazır insanlar kimi formalaşdıq. 

“Müəllim nümunə yaratmalıdır və bu nümunə təkcə əxlaqi davranışlarda yox, intellektual potensialında, bacarıqlarında, öz üzərində işləmək məharətində, daim yeniliyə açıq olmasında büruzə verməlidir”. 

Mən özüm isə novator, bütün stereotipləri alt-üst edən bir müəllim olmuşam, gəlişimlə mənə qədər mövcud olan tədris prosesini tamamilə alt-üst edərək yeni mexanizmlərin tətbiq olunmasına çalışmışam və bunun effektiv nəticəsi də olub. Ancaq bu, təhtəlşüur olaraq insanların üzərində eksperimentin həyata keçirilməsinə xidmət edən bir faktor deyildi. Hər biri pedaqoji, nəzəri əsaslara dayanırdı. Tələbələrimlə çox yaxından dostluq edirdim, dərsdən sonra da vaxtımızı bir çox hallarda bir yerdə keçirirdik. Ən çətin anlarında mənə müraciət etmələri üçün açıq ünsiyyət qurmuşdum, bu gün də dostluğumuz davam edir. Müəllim nümunə yaratmalıdır və bu nümunə təkcə əxlaqi davranışlarda yox, intellektual potensialında, bacarıqlarında, öz üzərində işləmək məharətində, daim yeniliyə açıq olmasında büruzə verməlidir. Mənim yaratdığım, görmək istədiyim müəllim budur. Müəllim əxlaq kriteriyalarına, davranış, birgə yaşayış qaydalarına əməl etməli, mərhəmətli, əzmkar olmalıdır. Müəllim yalnız bu komponentləri birləşdirəndən sonra auditoriyaya çıxmalıdır. Ola bilər ki, müasir elmin, təhsilin prioritetləri mənim düşüncəmdən fərqlidir, yanaşmalar ayrıdır. Ancaq mən də özümü köhnə dünyanın insanı hesab etmirəm. Düşünürəm ki, yüz, min illərdən gələn xalqın xüsusiyyətlərinin, eyni mədəniyyətin daşıyıcısı deyilsənsə, yaratdığın nümunələrin işığı olmayacaq. Qənaətim budur: müəllim kim olursa-olsun, birinci növbədə dəyərlərə sadiq qalmalı, işıqlı insanlar yetişdirməlidir. 

– Təlimçilər, aparıcı mütəxəssislər hesab edirlər ki, müasir müəllimlər oxumurlar. Onların müasir nəzəriyyələrdən, pedaqoji yeniliklərdən xəbərləri yoxdur. Sizin novatorluğunuzun isə pedaqoji əsasları olduğunu söyləyirsiniz…

– Etdiyim yeniliklər istisnasız olaraq pedaqoji əsaslara, hər gün öz üzərimdə işləmək potensialıma söykənirdi. Dərs fasilələrində belə oxuyurdum. Metodiki göstərişlər hazırlayırdım. Həyata keçirtmək istədiyim hər hansı layihənin əsaslarını özüm formalaşdırırdım. Aktyor və rejissorluqla bağlı birgə qrupa dərs deyirdim, istifadə etdiyimiz bədii materialların onlarda bu və ya digər xüsusiyyətləri inkişaf etdirmək üçün yetərli olmadığını düşünürdüm. Ona görə də gərəkli materialları özüm tərcümə edirdim. Təəssüflər olsun ki, bunu müasir təhsil sistemində görmürəm. Müəllim öz üzərində işləməlidir, ən azı öz şəxsiyyətinə, özünə hörmət edirsə. Düzdür, burada motivasiya da önəmli faktorlardan biridir, amma motivasiyaya qədər özün nələrsə etməlisən. Müəllim yeniliklərə açıq olmalıdır, amma bu formal xarakter daşımamalıdır. Hər gün bir geyim geyinib tələbənin keyfiyyətli təhsil almasına töhfə vermək mümkün deyil. Məzmun yeniliklərinə can atmalıdır.

– Yeri gəlmişkən, bəzi məktəblərdə pedaqoji şuraların qərarı ilə müəllimlərin vahid formaya keçdiklərini müşahidə edirik. Sizcə, vahid forma təhsilə nə verə bilər?

– Bunun müəllimin keyfiyyətində heç bir rolu yoxdur. Geyim deyil, onun içindəki insan özü haqqında rəy formalaşdırır. İdman geyimində tələbələrin qarşısına çıxırdım və bu, o vaxt nadir görülən hadisə idi. 

Amma tələbələrim mənə şəxsiyyət kimi münasibət göstərirdilər, çünki onlara özümü beynimin içindəkilərlə təqdim edirdim. Qənaətimə görə, formal xarakter daşıyan bu addım sosializm elementidir. SSRİ çoxdan dağılsa da, biz onun bir çox komponentlərindən uzaqlaşa bilməmişik. Bu, stalinizmin, leninizmin gətirdiyi elementlərdəndir, Konfutsinin özündə də yer alan nəzəriyyədir. Amma insanları xoşbəxt eləmək üçün eyni qazanın ətrafına toplayıb hamının əlinə eyni qaşığı vermək yox, hər kəsə öz qazanını, öz qaşığını tapmağı tövsiyə etmək lazımdır.

“Elm və təhsil komitəsində müzakirələr intensivləşəcək”

– Ötən həftə Elm və təhsil komitəsinin gündəliyi təsdiqləndi. Komitənin gündəmində nələr var? Sizcə, qanunvericilikdə hansı dəyişikliklərin edilməsi lazımdır?

– İctimai dinləmələr nəzərdə tutulur. Planlardan biri hər kəsi narahat edən dərsliklərlə bağlıdır. Bu məsələ Elm və Təhsil Nazirliyini də narahat edir. Qənaətimə görə, bu da rezonans doğuracaq hadisələrdən biri olacaq. Mövzu baxımdan da əhəmiyyətlidir. Müzakirələr zamanı müxəlif sahələrlə bağlı bir neçə təkliflər səsləndirildi. Parlamentin elm və təhsil siyasətini həyata keçirən insanlarla tez-tez müzakirələr aparması, ictimaiyyətin fikirlərinin dinləməsi vacibdir. Universitetlərdə ötən sessiyada görüşlər uğurlu alındı. Bu, parlamentlə təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi baxımından da vacibdir. Ona görə də növbəti sessiya dövründə görüşlər və bu istiqamətdə müzakirələr intensivləşəcək. Qanunvericilik fəaliyyəti parlamentə daxil olan qanunların üzərində gedən işlərdən, müzakirələrdən asılıdır. Ona görə əvvəlcədən bu istiqamətdə hansısa məqamları müəyyənləşdirmək mümkün deyil. Amma nəticə etibarilə iş planımız genişdir. 

– Bəs hansı qanunlara bu sessiyada “yaşıl işıq” yanacaq? Məsələn, “Ali təhsil haqqında” Qanunun bəxti açıla bilərmi?

– Gözləntimiz var, sadəcə biz yox, hamı gözləyir. Yaxın zamanda qanunla tanış olmaq imkanı əldə edəcəyimizə ümidliyəm. Təhsil sahəsində bir çoxlarının arzuladığı, gözlədiyi məqamların da yer aldığı qənaətindəyəm.

“Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

– Distant təhsil qanunvericiliyimizdə təsbit olunmadığı üçün təhsilalma forması kimi də tanınmır. Bu səbəbdən gənclərimiz distant yolla xaricdə təhsil ala bilmir və ya alsalar da, diplomları ölkədə tanınmır? Bununla bağlı qanunvericiliyə hansısa dəyişlik ediləcəkmi? 

– Razıyam, belə bir mexanizm tətbiq olunursa, belə bir təcrübə varsa, ölkədə distant təhsilin tətbiq olunmaması, tətbiq edən dünya universitetlərinin diplomlarının tanınmaması məntiqə sığmır. Bu problemin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Burada arabanın təkərinin yenidən kəşf edilməsinə ehtiyac yoxdur. Təcrübədən çıxmış mexanizmlərə nəzər yetirmək kifayətdir. Distant təhsil təhsilin bir formasıdır, deməli, sadəcə forma dəyişikliyi baş verir. Prosesin üzərində ciddi nəzarət mexanizmlərinin tətbiq edilməsi ilə bu təhsil növünü inkişaf etdirmək olar. Həm büdcəyə qənaət olar, həm ölkəni tərk etmək imkanı olmayan insanların xaricdə təhsil alması üçün imkan yaranar. Burada daha bir vacib amil var: inklüzivlik. Deməli, bu formanın inkişafı təhsilin əlçatanlığını artıracaq. Nəzarət mexanizmləri güclü olacaqsa, nəticəyə yönələn addımlar atılacaqsa, distant təhsillə bağlı dəyişiklik zərurətdir.

“Təhsildə ikipilləli nə varsa, aradan qalxmalıdır”

– Təhsil, dediyiniz kimi, hamımıza yaxındır, hər kəsə eyni dərəcədə olmasa da. Amma elm haqqında bunu demək olmaz. Elm sahəsinə nə qədər yaxınsınız? “Elm haqqında” Qanunda dəyişikliyi zəruri gördüyünüz məqamlar nədən ibarətdir?

– Bununla bağlı hər hansı sənəd daxil olmadığından ancaq nəzəri olaraq fikirlərimi söyləyə bilərəm. “Elm haqqında” Qanunda dəyişikliyə ehtiyac da var, bununla bağlı elm adamlarının qaldırdığı məsələlər, gözləntilər də mövcuddur. Bildiyimə görə, bu istiqamətdə iş gedir. Bu dəyişiklikləri illərdir ki, gözləyənlər var. Məsələn, iki dəfə müdafiənin aradan qalxmasını gözləyirlər. Ümumiyyətlə, təhsildə ikipilləli nə varsa, aradan qalxmalıdır. Bu, özünü qəbul imtahanlarında da göstərməlidir. Yalnız tam orta təhsil bazasında keçirilən imtahanların nəticələri əsasında ali təhsil müəssisələrinə qəbul aparılmalıdır. Şagirdlərə, sonra abituriyentlərə ikiqat, üçqat stres yaşatmağa ehtiyac yoxdur. Məktəbin nüfuzunun artmasından danışır, bunu vacib komponent hesab ediriksə, məktəbə nüfuzunu artırmaq imkanı verən addımları da atmalıyıq. O zaman biz yarımçıq insanlar, test robotları hazırlamayacağıq, bütün fənlər barədə məlumatlı insanlar yetişdirəcəyik. Mexanizmin necə tətbiq ediləcəyi, imtahanı hansı qurumun götürəcəyi ikincidərəcəli, texniki məsələlərdir. Burada əsas məsələ müxtəlif fənlər üzrə təhsil alan, orta məktəblərdə dərs keçən şagirdin humanitar fənlərin əksini tapdığı ixtisas qrupu üzrə hazırlaşsa da, fizika və riyaziyyatdan məlumatlı olmasıdır. Bu, müəllimin də nüfuzunu yüksəldəcək, məktəbin də. Mexanizmlər yaratmaq lazımdır ki, prosesə təsir göstərsin. Bəzən bu mexanizmlər süni də ola bilər. Amma biz mexanizmlər əvəzinə sərhədlər yaradırıq.

– İmtahanları hansı qurumun keçirməyinin əhəmiyyəti yoxdur?

– Hesab edirəm ki, tətbiq edilən mexanizmlər daha vacibdir. Eyni prosesi Elm və Təhsil Nazirliyi də həyata keçirə bilər. Nazirliyin imtahan keçirmək təcrübəsi də var, müəllimlərin işə qəbulu, sertifikatlaşdırılması imtahanlarını nazirlik keçirir. Müəllimlərin imtahanını təşkil etmək daha çətindir, yoxsa şagirdlərin? 

– Amma nəzərə alaq ki, birində işəgötürən olaraq özünə işçi seçir. Bu zaman keyfiyyətli kadrlara üstünlük verməsi normaldır və obyektiv ola bilər. Amma ikincidə nazirlik öz “məhsulu”nun keyfiyyətini qiymətləndirir. Bunu başqa qurumun həyata keçirməyi daha doğru olmazmı?

– Müstəqil qurum olaraq buraxılış imtahanlarını Dövlət İmtahan Mərkəzinin keçirməsi doğrudur. Dünyada tətbiq edilən təcrübədir, Azərbaycanda da uğurla tətbiq edilir. Amma mexanizmlərin tətbiqi ilə bu və ya digər qurumun ədalətli, obyektiv imtahan keçirməsi də mümkündür. Təbii ki, bu, məsələlərə “100 nəfər ali məktəbə qəbul olundu” kontekstindən yanaşılmadığı, bu kimi göstəricilərin əhəmiyyəti qabardılmadığı halda mümkündür. Şagirdlərin nəticələrində sadəcə məktəb, ya da müəllim amili yoxdur, şagirdin özünün keyfiyyəti ilə bağlı məqamlar da var. Bir il məktəbdən 10 şagird yüksək nəticə göstərə bilər, növbəti il 3 şagird. Bu, sadəcə təhsilin keyfiyyəti ilə bağlı məsələ deyil. Məncə, bu cür yanaşmalar aradan qaldırılarsa, sahədə mövcud problemlər də azalar. Elm və Təhsil Nazirliyinin statistik tələbləri olmasa, ədalətli mexanizmlə elə bu qurum özü də şagirdlərin keyfiyyətini qiymətləndirə bilər. Statistik rəqəmlər qədər təhsilin evini yıxan heç nə yoxdur, statistikadan qaçmaq lazımdır.

– Müəllimlərin nüfuzundan danışdınız, nüfuzunun qaldırılmasında müəllimlərin işə qəbulu imtahanlarının rolu xüsusi vurğulanır. Elm və təhsil komitəsindəki son müzakirələrinizdə müsabiqədə təkrar iştirakın ödənişli olması müzakirə edildi. 

– Bəli, bu təcrübə başqa imtahanlarda – ali təhsil müəssisələrinə qəbul imtahanlarında, dövlət qulluğuna qəbul prosesində də var. Dünyanın hər yerində də belədir. Birinci dəfə dövlət hər kəs üçün bərabər imkanlar yaradır. Sən o şansdan istifadə edə bilmədinsə, dövlətin də hər dəfə sənə eyni şansı yaratmaq borcu yoxdur. Bu addım müəyyən qədər israfçılığın da qarşısını almağa xidmət edir. Müzakirələr zamanı faktoloji nümunələr təqdim edildi. Demək, 12 min şəxs müraciət edirsə, onlardan 5 mini imtahana gəlir. Halbuki dövlət 12 min nəfər üçün hazırlıq təşkil edir. Nəticədə 7 min nəfər üçün çəkilən xərc havaya sovrulur. Bu, xərclərin optimallaşması siyasətinə tamamilə zidd yanaşmadır.

“Azərbaycan Yazıçılar Birliyi nazirlik deyil ki, insanların sosial problemlərini həll etsin”

– Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətində də təmsil olunursunuz. Gənc yazar və şairlərlə keçmiş nəslin nümayəndələri arasında anlaşmazlığın səbəbi nədir? Gənclər nə istəyir ki, Azərbaycan Yazıçılar Birliyi onu verə bilmir və ya vermək istəmir?

– Əslində, İdarə Heyətinin toplantıları nadir hallarda keçirilir və dəvət olunduqda iştirak edirəm. Azərbaycan Yazıçılar Birliyi yaradıcı birlikdir, bəzən ondan gözləntilər bir nazirlikdən olan gözləntilər kimi olur. Yazıçılar Birliyi nazirlik deyil ki, insanların sosial problemlərini həll etsin, yaradıcı ittifaqdır və insanlar burada könüllülük əsasında birləşirlər. Ədəbiyyat sahəsində özünü doğruldan insanlar burada bir araya gəlirlər. Gənclərin nə istədiyinə gəlincə, onlar etirazçı olurlar. Elə mən özüm də gənclik illərində hər şeylə barışdığımı, hər şeyi olduğu kimi qəbul etdiyimi söyləyə bilmərəm. İnsan zaman keçdikcə, təcrübə qazandıqca müdrikləşir, bir zaman sənin üçün etiraz doğuran amillər təsirini itirir, sənə toxunan məqamlar adiləşir. Ona görə də gənclərin etirazlarını normal qəbul edirəm. Onların arasında prosesin sürətlənməsinə, yaradıcı mühit, daha geniş imkanlar yaranmasına xidmət edən yanaşmalar da var, şəxsiyyətə yönəlmiş olanlar da. 

Birincilərin emosional şəkildə dilə gətirdikləri fikirləri dinləyib onlardan nəticə çıxartmaq mümkündürsə, bunu həyata keçirmək lazımdır. İkincilərin fikirlərini isə qətiyyən qəbul etmirəm və bunu əxlaqsızlıq hesab edirəm. Yaradıcı mühit, sadəcə Azərbaycan Yazıçılar Birliyindən ibarət deyil. Birliyin üzvü olmayan onlarla yaradıcı insan var və Azərbaycan Yazıçılar Birliyinə ehtiyacı da yoxdur. Azərbaycanda, ümumiyyətlə, dünyanın bir çox yerində ədəbiyyat, poeziya gəlir gətirən sahə deyil. Ədəbiyyatın gəlir gətirən sahəyə çevrilməsi perspektivləri var və özünü sadəcə kitab çap edib satmaqda, paylamaqda göstərməli deyil. Digər kontentlər, elə təhsil sahəsində yaxşı məzmun yaratmaqda da özünü büruzə verə bilər. Yaxud seriallara baxanda orada məzmun, süjet problemlərinin olduğu aydın görünür. Halbuki bu sahədə peşəkar ədəbiyyatçılar iştirak edərsə, özlərini bu prosesin içərisində görməyi bacararlarsa, bu, ədəbiyyat sahəsinin də gəlirli sahələrdən olmasına zəmin yarada bilər.

“Uşaqlara öz fikirlərini ifadə etmək üçün imkan yaratmaq lazımdır, ağzından vurmaq yox”

– Bu gün gənclərimizin özünü ifadə etmələrində ciddi problemlər olduğunu müşahidə edirik. Bəzən bir fikri ifadə etmək üçün böyük çətinlik çəkirlər. Cəmiyyətimizin bu problemini, sizcə, necə aradan qaldırmalıyıq?

– Ailədən gələn problemdir. Eyni zamanda, dərsliklərin, elmi ədəbiyyatımızın dilinin həddən artıq ağır olması ilə bağlıdır. Bu prosesin əsası isə sovet dövründən qoyulub. Məqsədyönlü şəkildə bizə aid olmayan dil formalaşdırmağa çalışıblar ki, öz dilimizi sevməyək. Azərbaycan dili daha çox mürəkkəbləşsin, ahəngdarlığı pozulsun və insanlar “Bu dildə özünü ifadə eləmək mümkün deyil!”, – deyib rus dilinə üz tutsunlar. Niyə ifadə etmək mümkün deyil? Buna görə də hər şeydən əvvəl dilimizin gözəlliyini üzə çıxaracaq faktorlar ön planda tutulmalıdır. Uşaqlara öz fikirlərini ifadə etmək üçün imkan yaratmaq lazımdır, dərhal ağzından vurmaq yox. Ailədə də, təhsil müəssisələrində də öz fikrini azad şəkildə ifadə etməyi bacaran və söz bazası olan insan gözəl danışacaq. Qeyd edim ki, bu sahədə problemlərə baxmayaraq 10-20 il əvvəllə müqayisədə şagirdlərimiz, tələbələrimiz, müəllimlərimiz daha yaxşı danışırlar. “Bilik günü” uşaqlarla aparılan sorğuları izlədim, kamera qarşısında donub qalan, titrəyən uşaqlar yoxdur artıq. Özümüzə bir az da eqoist yanaşdığımız üçün yenilikləri görmürük, amma var. Bu gün uşaqlar doğma ana dilində daha yaxşı danışır, özlərini sərbəst ifadə edirlər. Nəvələrimlə söhbət edəndə onların 20 il bundan əvvəlki uşaqlardan daha yaxşı danışdığını, daha azad şəkildə fikirlərini ifadə etdiklərinin şahidi oluram. Ancaq onu da əlavə etməliyəm ki, özünüifadə bacarığı təhsilin ən vacib komponentlərindəndir. Bu gün dilimizdə istifadə edilən sözlərin sayı çox azdır. Bu bizi narahat etməlidir.

“Sosial şəbəkələrdən faydalı şəkildə istifadə edirəm”

– Bir millət vəkili kimi, əksər mövzularda – istər siyasi, istər sosial, iqtisadi və s. açıqlamalarınız olur. Sosial şəbəkələrdən də istifadə edirsiniz? Hesablarınızı özünüz idarə edirsiniz? 

– Özüm işlədirəm, amma doğmalarım da işlərim çox olanda kömək edirlər. Sosial şəbəkələrdən faydalı şəkildə istifadə edirəm. Gündəlik gördüyüm işlərlə bağlı məlumatları paylaşıram, daha vacib hesab etdiyim təsisatların, o cümlədən Elm və Təhsil Nazirliyinin səhifələrinin izləyicisiyəm. Bu yolla informasiyanı ilkin mənbədən alıram. Əgər faydalı şəkildə istifadə etməyi bacarırsansa, faydası çoxdur.

– Doğmalarınıza məhz sosial şəbəkələrlə işi həvalə etməyiniz nədən irəli gəlir? Sosial şəbəkəyə qarşı daha məsuliyyətli olmağınızdan, yalnız doğmalara güvəndiyinizdən, yoxsa başqa amillər də var?

– Gün ərzində işlərim çox olubsa, sosial şəbəkələrlə tanış olmaq imkanım olmayıbsa, onlar məni məlumatlandırırlar.

– Konkret olaraq bu məsuliyyəti kim öz üzərinə götürüb?

– İlk növbədə həyat yoldaşım mənə kömək edir. Evdə olduğu kimi, iş prosesində də köməyimə gəlir.

"“TikTok”un səviyyəsi çox aşağıdır, həyatın dibidir"

– Seçicilərinizlə sosial şəbəkələr vasitəsilə də əlaqə yaradırsınız. Amma həmin platformaların arasında “TikTok” yoxdur. Bayaq da “Facebook” və “Instagram” üzərindən ünvanlanan bütün müraciətlərə özünüzün cavab verdiyinizi deyərək növbəti dəfə bu platformanı yox saydınız. Ağlıma bir müsahibəniz gəldi. Orda bu platformadan “TikTok xalqı” deyə bəhs etmişdiniz. Sizcə, orda da təmsil olunanlar bizim cəmiyyətin nümayəndələri deyilmi? 

– O platformaya ciddi yanaşmıram. Deyirlər ki, burada müxtəlif yanaşmalar var, kontentləri özün seçirsən, hansı mövzuya baxırsansa, qarşına məhz həmin mövzuda məsələlər, paylaşımlar çıxır. Amma seqmentin özünün səviyyəsi çox aşağıdır. Bu platforma qədər insanlarımızın düşüncəsinə mənfi təsir göstərən heç nə yoxdur. Orada baş verənlər “Facebook”da baş verə bilməz. Ora həyatın dibidir. “TikTok”u mənəviyyatsızlıq bataqlığı kimi qiymətləndirirəm və heç bir halda orada olmağı önəmli saymıram. Əksinə, mümkün qədər həmin platformadan uzaq durmalı olduğumu düşünürəm. Çünki o platformanı dəyişmək mümkün deyil. “TikTok” xaosdur. “Facebook”, “X” platformalarında siyasi, neqativ çağırışlarla qarşılaşmaq mümkündür, amma onun qarşılığını vermək də olur, aradan qaldırmaq da. Burada neqativlər o qədər çoxdur ki, onların hansına qarşı necə mübarizə aparacağımı bilmirəm.

– Tutaq ki, şair, publisist kimi ordan uzaq durdunuz, deputat kimi necə uzaq duracaqsınız? Axı orada seçiciləriniz var.

– Seçici kontingentimlə gedib canlı görüşürəm, “TikTok” üzərindən niyə görüşüm?! “TikTok”da gündəlik işlərimlə bağlı köməkçim məlumatlar paylaşır, bu, məcburiyyətdən doğan yanaşmadır, amma mən izləmirəm. “Telegram” və “TikTok”dan yalnız informasiya kanalı kimi istifadə edirəm, bütün şərh yerləri, əlaqə yolları bağlıdır. Bu platformalarda kommunikasiya üçün açıq olmaq çox ciddi problemlərə yol aça bilər. 

– Deputat həmkarınız Ceyhun Məmmədovun maraqlı bir fikri var, deyir ki, seçicisi hardadırsa, o da ordadır…

– Ceyhun müəllimin fikirlərinə hörmətlə yanaşıram, amma bir çox məsələlərə münasibətimizdə baxışlarımız arasında fərq olması kifayət qədər yaxşıdır. İnsanlara tövsiyə və tərbiyə verməkdən çəkinirəm, insanlara həqiqətin yolunu və yerini seçmək üçün şans tanımaq lazımdır. Fikirlərimi də diktə etməyə çalışmıram. “TikTok”da müraciətlər, canlı açılması çərçivələri, standartları dağıdır.

– Çərçivəsi olmayan biri olduğunuzu düşünürdüm. Standartlardan, çərçivədən danışmağınız təəccübləndirdi.

– Bu çərçivə faydasız çərçivədir. "“TikTok”xalqı” dediyim insanla nə danışacaqsan?

– Bilmək olmaz, bəlkə, 5 il sonra sizi də bu platformada gördük?

– Görməyəcəksiniz.

“Qayıtmaq üçün getmək lazımdır”

– Yenə müsahibələrinizin birindən sitat gətirəcəyəm. Orada “Prosesdən kənarda qalmaq mənə daha doğma və rahat gəlir”, – demişdiniz. Proseslərdən kənarda qalan deputat, şair, yazıçı ağlıma gətirə bilmirəm. Sizcə, proseslərdən kənarda qalan şair və ya deputat, oyundan kənarda qalan siyasətçi nə durumda olar?

– Bunu konkret məsələ ilə bağlı demişəm. Digər yandan, prosesdən kənarda qalmaq müşahidə aparmağa imkan verir. Bu, o demək deyil ki, daim kənarda qalıram. İnsan özünü qiymətləndirmək üçün də özünə kənardan baxmağı bacarmalıdır. Jurnalistikada olanda bugünkü qədər fərqli kontekstdən yanaşmırdım. İndi hər şeyi daha aydın görürəm. Müəyyən zaman kəsiyində uzaqlaşmaq lazım gəlir. Qayıtmaq üçün getmək lazımdır.

Foto: Kənan QAFAROV

Şərhlər

Xəbər lenti

25 sentyabr, 16:48

Ülkər Səttarova: Elmi sahədə beynəlxalq əlaqələrimiz kifayət qədər inkişaf etməyib

25 sentyabr, 16:21

Emin Əmrullayev: Məqsədimiz basketbolda kütləviliyi artırmaqdır

25 sentyabr, 16:06

“ProQuest Central” akademik informasiya bazasının açılışı olub

25 sentyabr, 15:50

TİF ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında Memorandum imzalanıb

25 sentyabr, 15:48

Deputat: Təhsildə ikipilləli nə varsa, aradan qalxmalıdır

25 sentyabr, 15:45

Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçiriləcək

25 sentyabr, 15:38

Gənc yazıçılar nə istəyir ki, Yazıçılar Birliyi onu vermir və ya verə bilmir?

25 sentyabr, 15:37

Elçin Mirzəbəyli: Müəllim dəyərlərə sadiq qalmalı, işıqlı insanlar yetişdirməlidir

25 sentyabr, 15:33

“Uşaqlara fikirlərini ifadə etmək üçün imkan yaratmaq lazımdır, ağzından vurmaq yox” – Milət vəkili

25 sentyabr, 15:29

Millət vəkili: "TikTok" həyatın dibidir

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:59

"Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var" – Milət vəkili

25 sentyabr, 14:39

Gələcəyin sənayesi üçün universitetlərin potensialı gücləndirilir

25 sentyabr, 14:02

Elm və təhsil nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

25 sentyabr, 13:21

Şərqi London Universiteti Bakıda filial aça bilər

25 sentyabr, 13:03

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

25 sentyabr, 13:02

Sinqapurlu prorektor: Süni intellektin tədrisdə istifadəsini düşünməliyik

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.