.jpeg)
"Gənclərin özünü ifadə etmələrindəki çətinliklər ailədən gələn problemdir. Eyni zamanda, dərsliklərin, elmi ədəbiyyatımızın dilinin həddən artıq ağır olması ilə bağlıdır".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili Elçin Mirzəbəyli deyib.
O bildirib ki, bu prosesin əsası isə sovet dövründən qoyulub:
"Məqsədyönlü şəkildə bizə aid olmayan dil formalaşdırmağa çalışıblar ki, öz dilimizi sevməyək. Azərbaycan dili daha çox mürəkkəbləşsin, ahəngdarlığı pozulsun və insanlar “Bu dildə özünü ifadə eləmək mümkün deyil!” - deyib rus dilinə üz tutsunlar. Niyə ifadə etmək mümkün deyil? Buna görə də hər şeydən əvvəl dilimizin gözəlliyini üzə çıxaracaq faktorlar ön planda tutulmalıdır. Uşaqlara öz fikirlərini ifadə etmək üçün imkan yaratmaq lazımdır, dərhal ağzından vurmaq yox. Ailədə də, təhsil müəssisələrində də öz fikrini azad şəkildə ifadə etməyi bacaran və söz bazası olan insan gözəl danışacaq".
Millət vəkili əlavə edib ki, bu sahədə problemlərə baxmayaraq 10-20 il əvvəllə müqayisədə şagirdlərimiz, tələbələrimiz, müəllimlərimiz daha yaxşı danışırlar:
"Bilik günü uşaqlarla aparılan sorğuları izlədim, kamera qarşısında donub qalan, titrəyən uşaqlar yoxdur artıq. Özümüzə bir az da eqoist yanaşdığımız üçün yenilikləri görmürük, amma var. Bu gün uşaqlar doğma ana dilində daha yaxşı danışır, özlərini sərbəst ifadə edirlər. Nəvələrimlə söhbət edəndə onların 20 il bundan əvvəlki uşaqlardan daha yaxşı danışdığını, daha azad şəkildə fikirlərini ifadə etdiklərinin şahidi oluram. Ancaq onu da əlavə etməliyəm ki, özünüifadə bacarığı təhsilin ən vacib komponentlərindəndir. Bu gün dilimizdə istifadə edilən Azərbaycan sözlərinin sayı çox azdır. Bu, bizi narahat etməlidir".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər