
25 sentyabr 2025-ci il tarixində ADA Universitetinin təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə ali təhsildə keyfiyyət təminatına həsr olunmuş II ADA Simpoziumunun açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, simpoziumda ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, bir sıra ali təhsil müəssisələrinin akademik və inzibati heyəti, həmçinin yerli və beynəlxalq ekspertlər iştirak edib.
Giriş sözü ilə çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov son illərdə ölkəmizdə təhsildə keyfiyyət təminatı və akkreditasiya sahəsində ciddi irəliləyişlərə nail olunduğunu bildirərək bu baxımdan tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Daha sonra TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın fəaliyyəti çərçivəsində institusional və proqram akkreditasiya qiymətləndirilməsindən irəli gələn çağırışlar və gözləntilərə dair təqdimat edib.
Tədbirdə çıxış edən Almaniya Federativ Respublikasının Potsdam Universitetinin Keyfiyyətin İnkişafı Mərkəzinin rəhbəri Frank Niedermeier daxili və xarici keyfiyyət təminatının əlaqələndirilməsi və tədris proqramlarının keyfiyyətinin təminatı üzrə təcrübəsini bölüşüb.
ADA Universitetinin Keyfiyyət Təminatı və Akkreditasiya şöbəsinin rəhbəri Maurus Roller tədris və öyrənmədə keyfiyyət yanaşmaları və layihə idarəçiliyi mövzularına toxunaraq iştirakçılara məlumat verib. Panel müzakirəsində beynəlxalq ekspert qismində Vistula Universitetinin doktorantura proqramının rəhbəri Prof. Dr. Şəhriyar Muxtarov, Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Dr. Araz Aslanlı, TKTA-nın akkreditasiya və lisenziya şöbəsinin müdiri Dr. Samir Quliyev, işəgötürən qismində “AzMade group” şirkətinin insan resursları departamentinin müdiri Eldəniz Quliyev və tələbə nümayəndəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nəzrin Abdullayeva iştirak edərək xarici keyfiyyət təminatının həyata keçirilməsindən irəli gələn çağırışlar və perspektivlər ətrafında fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Simpoziumun keçirilməsində məqsəd ölkə üzrə keyfiyyət təminatı sahəsində çalışan ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirərək fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdan ibarətdir.
Məlumat üçün bildiririk ki, iki gün davam edəcək tədbir milli akkreditasiya, daxili və xarici keyfiyyət təminatı, tədris proqramlarının qiymətləndirilməsi, tədris və öyrənmə prosesinin keyfiyyətli təşkili kimi mövzuları əhatə edəcək.
1 /11
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər