
“Gəlin maneələri azaldaq, gəlir və yaşayış yerini əsas götürək, xüsusilə aşağı gəlirli tələbələr üçün imkanları əhəmiyyətli dərəcədə artıraq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”ndə panel müzakirələr zamanı Avstriya hökumətinin universitet reytinqləri üzrə nümayəndəsi Helmut Kern səsləndirib.
O qeyd edib ki, bu halda ali təhsil müəssisələrinə qəbul üçün maneə azalır və hamı üçün əlçatan olur. Bundan sonra isə ali təhsilin onlar üçün doğru yol olub-olmadığını müəyyən edə bilərik: “Çünki məncə, başlıca məqsəd əsas maneələrdən birini, yəni ali təhsilə çıxışda maliyyə sektorunun yaratdığı maneəni aradan qaldırmaqdır. Biz burada ingilis-amerikan sistemindəki vəziyyətlə razı deyilik, orada yalnız şanslı olsan, təqaüd qazana bilirsən, əks halda oxumaq imkanı yoxdur. Hazırda qlobal universitetlər dünyasında baş verən bu dəyişikliklərlə biz müəyyən təşviqləri modelləşdiririk”.
Onun sözlərinə görə, bəzi ölkələr bu gün təbii resurslardan əldə etdikləri sərvəti ali təhsilə və universitet sistemlərinə yatırmaqla gələcəyin sərvətini yaradırlar. Başqa sözlə, resursları beynə, beyni isə bilik cəmiyyətinə çevirirlər:
“Lakin bu məsələ mövcud reytinqlərdə öz əksini tapmır. Bu prosesi əks etdirən bir-iki əsas fəaliyyət göstəricisinin (KPI) əlavə olunması məqsədəuyğun olardı, çünki çoxları bunun vacibliyini qəbul edir. Məsələn, əlçatanlıq göstəricisi daxil edilə bilər. Çünki maliyyə baryerləri təhsilə çıxış üçün ən böyük maneələrdən biridir. Elə isə ölkədə orta əməkhaqqı ilə universitetlərdə təhsil xərclərini müqayisə edən bir KPI niyə əlavə olunmasın?”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər